• cümə axşamı, 28 mart, 21:35
  • Baku Bakı 13°C

Avro sürətlə bahalaşır

17.12.13 12:51 1366
Avro sürətlə bahalaşır
Dünya bazarında son günlər yeni rekorda imza atan avro manata nisbətən də ciddi şəkildə möhkəmlənməkdədir. Yalnız ABŞ dollarına nisbətən birbaşa kursu müəyyənləşdirilən Azərbaycan milli valyutası Avropa pulunun qlobal arenadakı möhkəmlənməsi fonunda dəyər itirməkdədir. Dollara nisbətən mövqelərini qoruyub saxlayan və hətta son 1 ildə ABŞ valyutasını daxili bazarda sıxışdıra bilən manatın məzənnəsi avronun möhkəmlənməsi fonunda dəyişməkdədir. Bu barədə facebook səhifəsində iqtisadçı ekspert Vüqar Bayramov paylaşıb.
Mərkəzi Bankın rəsmi məlumatlarına görə, ötən ilin noyabr ayına nisbətən avro manata nisbətən 8.4 faiz dəyər qazanıb. Əgər 1 il öncə 1 avro almaq üçü sadəcə 99 qəpik ödəmək lazım idisə hal-hazırda 1 avro pulu üçün 1 manat 8 qəpik xərcləmək lazımdır. Bu isə o deməkdir ki, 1 il öncə öz manatını avroya çevirib saxlayanlar ötən müddətdə hətta əksər bankların da onlara verəcəyindən daha çox qazanc əldə ediblər. Belə ki, bir il öncə 9900 manata 10 000 avro alan şəxs indi həmin pulunu yenidən milli valyutaya çevirərsə o zaman 900 manat qazanmış olur: “Amma təbii ki, avronun məzənnəsinin möhkəmlənməsi heç də fərdlərin gəlirlərinin dəyişməsi aspektindən deyil, eyni zamanda dövlət rezervlərinin həcmində müşahidə edilən dəyişikliklər baxımdan da əhəmiyyətlidir”.
Ekspert bildirir ki, əslində, rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ bu ilin əvvəlində - avronun məzənnəsinin düşdüyü ərəfədə 2013-cü ilin payızından başlayaraq avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz verib: “Bu, onunla bağlı idi ki, dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa Birliyinin valyutasının uzun müddət kəskin azalması praktiki mümkün deyildi: xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa”.
Ekspertin sözlərinə görə, Avropa valyutasının məzənnəsindəki artımlar daha çox Almaniya indekslərində müşahidə edilən artımlarla bağlıdır: “Eyni zamanda Avrozonada məşhur ZEV indeksində də artım qeydə alınıb. Empire Dövlət Manufaktura İndeksi də gözlənildiyindən daha yaxşıdır. Almaniyanın iqtisadiyyatının əsas indekatoru son aylar 42-dən 54.7-dək yüksəlib. Eyni zamanda, Avro zonada inflyasiyanın ciddi şəkildə cilovlanması müşahidə olunur. Avrozonadan fərqli olaraq ABŞ-da iqtisadi vəziyyət heç də yaxşı qiymətləndirilmir. ABŞ-ın əsas indikatoru noyabr ayında iyul ayına nisbətən 3 pillə geriləyib. Bu 2013-cü ildə ən aşağı göstəricidir. Ölkənin sənaye indeksi də son aylar 8.2-dən 6.1-dək azalıb.
Spekulyativ faktorlara gəlincə, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilər. Bununla belə, spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz. Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Biz bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanılan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda, əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdan daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması sonradan onun baha qiymətə satılmasına imkan yaradır”.
Avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. V.Bayramovun sözlərinə görə, əvvəla, bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadə artmasına səbəb olur: “Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi Avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə “Avropa mallarının” Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin, eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq”.
Ekspert qeyd etdi ki, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətinin artırmaq üçün kifayət deyil: “Əvvəla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avrozonada Azərbaycan məhsulları “bahalı məhsullar” statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır. Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər