• şənbə, 20 Aprel, 10:26
  • Baku Bakı 14°C

AVRO 2020: Bakının nəhəng rəqibləri

12.09.13 14:31 1531
AVRO 2020: Bakının nəhəng rəqibləri
Bu gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının oyunlarına ev sahibliyi etmək üçün namizədlərin elan olunması başa çatacaq. Azerisport.az xəbər verir ki, 13 şəhərdə keçirilməsi nəzərdə tutulan qitə birinciliyinə hazırda təxminən 30-a yaxın şəhər iddialıdı.
Onların arasında Azərbaycanın paytaxtı Bakı da var. Bakının AÇ-2020-yə ev sahibliyi etmək yolundakı ilkin rəqibləri isə aşağıdakı şəhərlərdi:
Sankt-Peterburq. “Qazprom Arena” qitə birinciliyinin dörd oyununa (üçü qrup, biri 1/4 final oyunu) iddialıdı. Rusiyanın Krasnodarı da namizəd göstərəcəyi bildirilsə də, görünür şimal qonşularımız bütün diqqəti Sankt-Peterburqa yönəltməklə daha uğurlu nəticəyə nail olmaq istəyirlər.
Kiyev və ya Donetsk. Ukrayna isə Rusiyadan fərqli olaraq, iki şəhərinin namizədliyini irəli sürüb. Kiyevdəki 70 000 nəfərlik “Olimpiyski” stadionu AÇ-nin yarımfinal və final oyunlarını keçirməyə iddialıdı. 52 minlik “Donbass Arena”da isə qrup, 1/8 və 1/1 final mərhələsinin oyunları keçirilə bilər.
Minsk. Minskdəki arena hazırda UEFA-nın bütün tələblərinə cavab vermir. Stadionun cəmi 33 min azarkeş tutumuna malik olmasıda bu şəhərin qaliblər sırasında olmaq şansını aşağı salır.
İstanbul. Türkiyənin yeganə namizədi AÇ-nin oyunlarına ev sahibliyi etmək yolunda əsas favoritlərdəndi. Qitə birinciliyinin yarımfinal və final oyunlarının 76 min nəfərlik azarkeş tutumuna malik “Atatürk” stadionunda keçirilməsi ehtimalı yüksəkdi.
London. İngiltərə paytaxtı da yarımfinal və final oyunlarını keçirməyə iddialı idi. Amma ingilislər İstanbulun da bu oyunlara iddiaçı olduğunu öyrəndikdən sonra planlarını dəyişməyə qərar veriblər. “Uembli” stadionu böyük ehtimalla qrup və pley-off mərhələsənin oyunlarına ev sahibliyi edəcək.
Bilbao. İspaniya hələlik məhz Bilbaodakı 53 min nəfərlik “San Mames” stadionunu namizəd göstərib. Amma mümkündü ki, ispanlar Madrid, Barselona və ya Valensiyadan da birinin namizədliyini irəli sürsünlər.
Lion. Fransa bu şəhərdəki 58 min azarkeş tutumuna malik arenanın namizədliyini irəli sürüb. Bu arenada qrup, 1/8 və 1/4 final matçlarının keçirilməsi nəzərdə tutulub.
Amsterdam. Hollandlar hazırda “Ajax”ın “Amsterdam-Arena”sına güvənirlər. Stadion hazırda 53 min azarkeş tutsa da, səsvermədə qalib gəlsə, bu göstəricinin 60 minə çatdırılması gözlənilir. “Amsterdam-Arena” pley-off mərhələsinin oyunlarına ev sahibliyi etməkdə iddialıdı.
Bazel. İsveçrə 38 min azarkeş tutumuna malik olan “Sent-Yakob Park” stadionuna güvənir. Amma onların hansı oyunların keçirilməsində maraqlı olduqları bəlli deyil.
Brüssel. Belçika “Anderlext”in ev oyunlarını keçirdiyi 60 min nəfərlik stadionu sifariş edib. Bu ölkənin də planları tam müəyyənləşməyib və səsvermədə qalib çıxma ehtimalı yüksək qiymətləndirilmir.
Praqa. Çexiya Futbol Federasiyası AÇ-nin oyunlarını keçirməkdə maraqlı olsa da, “Sparta” və “Slaviya”nın ev oyunlarını keçirdiyi arena yüksək standartlara tam cavab vermir. Bu üzdən paytaxtda yeni arenanın tikintisi nəzərdə tutulub. Qitə birinciliyinə qədər bu işin yekunlaşıb-yekunlaşmayacağı bəlli deyil.
Budapeşt. Macarıstan Ferents Puşkaş adına stadionda yarımfinal və final oyunlarını keçirməkdə maraqlıdılar. Qalib gələcəkləri halda, hazırda 65 min azarkeş tutumuna malik bu arenanın daha da genişləndirilməsi də nəzərdə tutulur.
Belqrad. Serbiya da qitə birinciliyinə iddialıdı. Amma onların planları tam bəlli deyil. Seblər ya hazırda Belqraddakı mövcud arenalardan birini seçəcəklər, ya da yeni stadion inşa etdirəcəklər.
Sofiya. Bolqarıstan da Sofiyada yeni stadion tikintisinə başlayır. Lakin bolqarların da qalib gəlmək şansları yüksək qiymətləndirilmir.
Qlazqo. Şotlandiya bu şəhərdəki yüksək standartlara cavab verən “Hemden Park”, “Seltik Park” və “Aybroks” arenalarına güvənir. Bu şəhərin də AÇ-nin bəzi oyunlarına ev sahibliyi etmək şansları yüksəkdi.
Kardiff. Uels də yaxşı şanslara malikdi. Paytaxtdakı “Millenium” stadionu istənilən oyunu keçirməyə hazırdı.
Dublin. Dublinin şansları Kardiffdən də yüksək qiymətləndirilir. Bu şəhər də ən ciddi namizədlərdən biridi.
Lissabon və ya Portu. Portuqaliya da iki şəhərin namizədliyini irəli sürüb. Amma stadion seçimi hələlik edilməyib.
banner

Oxşar Xəbərlər