• şənbə, 20 Aprel, 10:48
  • Baku Bakı 14°C

Avrasiya İqtisadi Birliyinin genişlənməsi nə vəd edir?

25.12.14 10:04 1923
Avrasiya İqtisadi Birliyinin genişlənməsi nə vəd edir?
Ötən gün Moskvada Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin və üzvlüyə hazırlaşan dövlətlərin toplantısı bir sıra maraqlı məqam və nüanslarla yadda qaldı. Sammitin yekunu Rusiya nəşrləri tərəfindən ən müxtəlif formada şərh edilir. Keçən əsas xətt isə budur ki, ölkəni bürüyən iqtisadi çətinliklər fonunda Avrasiya İqtisadi Birliyi Rusiya üçün əlavə yükə çevriləcək. Xüsusən də bu fonda daha çox quruma yeni üzv olacaq Ermənistan və Qırğızıstanın adı çəkilir. İqtisadi mənfəət yoxdur və Rusiya hələ ki, qurumu yaşatmaq üçün büdcəsindən vəsait ödəyir. Rusiya nəşrləri yazır ki, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması yalnız (birbaşa xərclər nəzərə alınmaqla - müəll) il ərzində 5,2 milyard dollara başa gələcək. Düzdür, rəsmi versiyaya görə, Avrasiya inteqrasiya prosesi uğurla inkişaf edir. Və son üç il ərzində qarşılıqlı ticarət dövriyyəsi 64 milyard dollara kimi yüksəlib. Lakin Rusiya prezidentinin müşaviri Sergey Qlazyev əlavə edir ki, son iki ildə ticarət dövriyyəsində azalma müşahidə edilir: “Ümidvarıq ki, kölgə iqtisadiyyatının hesabına artım baş verə bilər”. Quruma qoşulan ölkələrdən Belarus və Qazaxıstanı çıxmaq şərti il digərlərinin iqtisadi vəziyyəti yaxşı deyil. Ermənistan və Qırğızıstanda iqtisadi problemlər mövcuddur və bu iki dövlətin Avrasiya İqtisadi Birliyində hansı güclə iştirak edəcəyi şübhələrə yol açır. Ümumiyyətlə, götürdükdə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadi göstəriciləri çox da yüksək deyil. Düzdür, sammitdə Vladimir Putin Avrasiya İqtisadi Birliyini tərifləyib. Amma iqtisadçılar əks fikir söyləyir. Onların qənaətincə, Ermənistan və Qırğızıstan kimi dövlətlər iqtisadi cəhətdən tam şəkildə Rusiyadan asılıdırlar. Bu isə Rusiya büdcəsi üçün milyardlarla yükə səbəb olacaq. Konkret olaraq Ermənistanın Gömrük İttifaqı ilə sərhədləri mövcud deyil. Azərbaycanın torpaqlarını işğal etdiyinə görə rəsmi Bakı onunla sərhədlərini bağlayıb. Ermənistanın Gürcüstan vasitəsilə də çıxışı yoxdur. Səbəb Tbilisinin Rusiya ilə diplomatik münasibətlərinin olmamasıdır. Bu isə Gömrük İttifaqı üçün əlavə problemlər və maliyyə deməkdir. Bu səbəbdən də Ermənistanın quruma tamhüquqlu üzv olması üçün illər gərək olacaq. Ermənistanın quruma üzv qəbul olması siyasi cəhətdən də problemli olacaq. Belə ki, ölkə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının iştirakçısıdır.
Yeri gəlmişkən, Belarus prezidenti Aleksandr Lukaşenko növbəti dəfə sammitdə öz fikirləri ilə qalmaqal yaradıb. Rus nəşrləri yazır ki, Lukaşenko sammitdə əsl şou göstərib . Əvvəlcə Avrasiya İqtisadi Birliyinin əhəmiyyətsiz bir qurum olduğunu qeyd edən Belarus prezidenti daha sonra əlavə edib ki, ora üzv olmaq istəməməsinin səbəbi yoxdur. Bununla da Belarus prezidenti Avrasiya İqtisadi Birliyində ən yolagəlməz tərəfdaş statusunu təsdiqləmiş oldu. Lukaşenko bəyan edib ki, Rusiya paytaxtına nəsə xahiş etmək üçün gəlməyib. Kreml və Rusiya əleyhinə kritik fikirlər səsləndirən Lukaşenko Rusiyanın Qərb ölkələrinə qarşı əks sanksiyalar tətbiqinə qarşı çıxıb. Hətta Rusiyanın Belarusdan ət məhsullarının alınmasına qadağa qoymasını axmaqlıq və kütbeyinlik adlandırıb. Və bunu siyasi səbəblərlə əlaqələndirib. “Tam şəkildə əminəm ki, bu, siyasi məsələdir. Baxın, siz sanksiyalar tətbiq etdiniz, belaruslar da qoşulmadılar. Özü də biz söz verməmişdik ki, ona qoşulacağıq” - deyə Lukaşenko bəyan edib. Belarus lideri daha sonra bəyan edib ki, Avrasiya İqtisadi Birliyinə yeni üzvlərin qəbuluna qarşı deyil, ancaq qurum daxilində azad ticarətin olmamasından narazıdır. Belarus lideri bildirib ki, Belarusun əsas ticarət tərəfdaşı olan Rusiyada iqtisadi vəziyyət onlarda narahatlıq doğurur: “Cari ilin 11 ayının nəticələrinə əsasən, bizim iqtisadiyyatımızda müəyyən artım olub. Lakin Rusiya iqtisadiyyatında yaranmış vəziyyət bizim hökuməti narahat edir. Rusiya istiqamətində biz artıq 739 milyon dollar itirmişik”. Belarus prezidenti bundan əvvəl Rusiya ilə hesablaşmaları dollar və avro ilə aparmaq niyyətində olduğunu bildirib. Lukaşenko ölkə hökumətini Rusiya bazarına sitayiş etməyə son qoyaraq yeni istehlak bazarları axtarmağa da çağırıb.
Yeri gəlmişkən, politoloqlar Avropa ilə də münasibətləri normal olan Qazaxıstan və Belarusun hansı zərurətdən Avrasiya İttifaqına üzv olması üzərində baş sındırırlar. Qeyd edilir ki, Qazaxıstan həm iqtisadi, həm də təhlükəsizlik baxımından Rusiya ilə sıx bağlıdır. Rusiya Ukraynanın başına gətirdiyi oyunu istədiyi vaxt Qazaxıstan üçün də edə bilər. Bu səbəbdən də Nursultan Nazarbayev kimi müdrik siyasətçi Rusiya ilə mehriban münasibətlər qurmağa çalışır və bunu öz xalqı və vətəni üçün edir. Qazaxıstan Avropa ölkələri, Çin və başqa dövlətlərlə də münasibətlərini qoruyub saxlayır. Lakin Nazarbayev bilir ki, bu gün Qazaxıstan üçün əsas təhlükə Rusiyadandır. Aleksandr Lukaşenko da Rusiya təhlükəsini hesablayaraq, Avrasiya Birliyinə qoşulmağı qərara alıb.
Qazaxıstana gəldikdə, quruma üzvlük heç də ölkə iqtisadiyyatını stimullaşdırmır. Qazaxıstanın Rusiya və Belarusla bu ilin yanvar-oktyabr aylarında ticarəti 16,3 milyard dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz azdır. Qazaxıstandan birlik ölkələrinə malların ixracında da azalma müşahidə edilib. Xəbərlərə görə, bu rəqəm 12 faizə düşərək, 4,4 milyard dollar təşkil edib. Nazarbayevi ən çox narahat edən ölkənin birliyə üzv olmasından sonra suverenliyinin itirilməsi təhlükəsidir. Qazaxıstanın şimalında xeyli sayda etnik rus yaşayır və bu da hakimiyyət orqanları tərəfindən həmin ərazilərin Rusiyaya birləşdirilməsi təhlükəsi kimi nəzərdən keçirilir. O ki qaldı Qırğızıstana, bu ölkə 2015-ci il mayın 9-da quruma üzv olacaq. Rəsmi Bişkek 20 ildən artıq idi ki, Moskva ilə Brüssel arasında dövr edirdi. Qırğızıstan Avropa İttifaqından müxtəlif layihələrin reallaşması ilə bağlı 200 mln. avro yardım alıb. Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü isə 1,2 mlrd dollara başa gələcək. Moskva ona güzəştli şərtlərlə kredit ayırıb. Bu ölkənin ümumdaxili məhsulunun həcmi bütövlükdə 6,5 mlrd. dollardır. Ölkə əhalisinin sayı isə 5 mln-dur və əsas qazanc Çin mallarının daşınmasındandır. Bu vəsait isə il ərzində 10 milyard dollara çatır. Qırğızıstanda keçmiş sovet respublikaları içərisində ən ucuz mallar satılır. Onun Avrasiya İqtisadi Birliyinə üzvlüyü Rusiyaya daşınması qadağan edilən malların ölkə ərazisindən daşınmasını çətinləşdirəcək.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, genişlənməkdə olan qurum üçün bu il uğurlu olsa da, gələn il onu çox ciddi sınaqlar gözləyir. Qurumda əsas söz sahibi olan Rusiya başını üstünü alan böhrandan çıxa biləcəksə, onda nəsə danışmaq mümkün olacaq. Əks halda bu birliyi də MDB-nin taleyi gözləyəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər