AZE | RUS | ENG |


Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
Bu gün Azərbaycan Kinosu Günüdür.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını”, "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, "Qafqaz rəqsi” xronikal sənədli və "İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Ötən əsrin əvvəllərində "Pate”, "Pirone”, "Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

"Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan”, "Şərikli çörək”, "Ad günü”, "Sevinc buxtası”, "İstintaq”, "Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Bizim Cəbiş müəllim”, "Axırıncı aşırım”, "Nəsimi”, "Özgə vaxt”, "Sarı gəlin”, "Ovsunçu”, "Buta”, "Çölçü”, "Nabat”, "Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Son bir neçə il kino sənayemiz üçün uğurlu olub. "Azərbaycanfilm” kinostudiyası tərəfindən 2016-cı ildə "İçəri şəhər”, "Qırmızı bağ” və "Xeyirlə Şərin rəqsi”, "Həddən artıq uyğunluq” tammetrajlı bədii, Almaniya və Azərbaycanın birgə işi olan "Sarılar – Qarabağ atının izi ilə” sənədli filmlərinin istehsalı tamamlanıb və təqdimatları olub. Həmçinin "Postskriptum”, "Onun atası”, "Hədiyyə”, "Qara bağ” qısametrajlı filmlərindən ibarət "40-cı paraleldə” kinoalmanaxı təqdim edilib. 2017-ci ildə Babək Şirinsifətin "Üçüncü günün adamı” və İlqar Nəcəfin "Nar bağı” tammetrajlı bədii filmlərinin istehsalı tamamlanıb. Bu filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. "Üçüncü günün adamı” filminin artıq təqdimatı olub. İlqar Nəcəfin "Nar bağı” bədii filmi isə Milli Kino Günündə təqdim ediləcək.
Hazırda Rüfət Həsənovun "Xoşbəxt təsadüf” və Mirsadıq Ağazadənin "Köşk” filmlərinin istehsalı tamamlanmaq üzrədir. "Xoşbəxt təsadüf” romantik komediya janrındadır. Filmdə hadisələr yeni il ərəfəsində baş verir. Filmin də yeni il ərəfəsində kinoteatrlarda təqdimatı planlaşdırılır.

2017-ci ildə həmçinin, Elçin Musaoğlunun Natiq Qasımovdan bəhs edən "İgid” sənədli filmi təqdim olunub. Bundan əlavə, Ayaz Salayevin müəllifi olduğu "Qarabağın səsi” ümummilli layihəsi üzərində iş davam edir və çəkilişlər ölkəmizin müxtəlif regionlarında aparılır.

"Azərbaycanfilm” kinostudiyası 2017-ci ildə də beynəlxalq fəaliyyətini uğurla davam etdirir. Filmlərimiz yarım il ərzində 30 dəfədən artıq beynəlxalq festivallarda nümayiş olunub, müxtəlif nominasiyalara təqdim edilib, bir sıra mükafatlara layiq görülüb. "Qırmızı bağ” filmi Rusiyada "MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” kateqoriyasında 30-cu "Nika” mükafatına nominant elan olunub. Bu ekran əsəri, həmçinin Dəkkə Beynəlxalq Film Festivalında "Ən yaxşı bədii mənəvi film” mükafatı ilə təltif olunub. "İçəri şəhər” 5 ay müddətində Hindistanın beynəlxalq film festivalları çərçivəsində müxtəlif şəhərlərində nümayiş etdirilib. Bu siyahıya Hindistanda keçirilən dünyanın ən nüfuzlu festivalları sırasında olan Qoadakı Hindistan BFF və Kerala film festivalı daxildir. "İçəri şəhər”, həmçinin ABŞ-da keçirilən WorldFest Hyuston film festivalının Qızıl Remi mükafatı ilə təltif olunub. Filmin baş rolun ifaçısı Təhminə Rafaella "Ən yaxşı qadın rolu”, aktyor Firdovsi Atakişiyev "Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına nominant elan olunub.

İlqar Nəcəfin "Nar bağı” filmi artıq beynəlxalq film festivallarında müsabiqə proqramlarında yer alır. Filmin dünya premyerası Çexiyanın "Karlovı Varı” Beynəlxalq Film Festivalında keçirilib. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş edilib və mükafatlarla təltif olunub. Qurban İsmayılov "Ən yaxşı kişi rolu” mükafatına, film isə "Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama”ya layiq görülüb. Bundan əlavə, "Nar bağı” filmi 11-ci "Asia Pacific Screen Awards” (APSA) mükafatına namizədlərin siyahısında yer alıb.

Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.

Prezident İlham Əliyev cari il iyulun 31-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 1 nəfər "Xalq Artisti”, 11 nəfər "Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına layiq görülüb. Həmçinin dövlətimizin başçısının kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncamına görə 2 nəfərə Prezidentin fərdi təqaüdü verilib.

Bu il 119-cu ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001