• çərşənbə, 24 Aprel, 09:16
  • Baku Bakı 13°C

Avantürist xülyaların dəstəkçiləri

30.01.15 06:28 1876
Avantürist xülyaların dəstəkçiləri
Son dörd ildir ki, hər ilin əvvəli Azərbaycan üçün sürprizlərlə açılır. 2011-ci ildə kimlərsə Tunisdə göysatanın özünü yandırması ilə başlamış “ərəb baharı” ssenarisini Azərbaycanda olduğu kimi səhnələşdirmək həvəsinə düşdü. İnqilabın baş tutacağı gün də təyin edilmişdi - martın 11-i, “Böyük xalq günü”. Eləcədə 2013-cü ilin dekabrında Zaur Həsənovun özünü yandırması ilə 2011-ci ildə Tunisdə göysatanın özünüqəsdi ilə paralellər aparanlar da oldu. Alınmadı. Azərbaycan xalqı onun adından yazılan ssenarilərdə iştirakçı olmayacaq qədər müdriklik nümayiş etdirdi.
Növbəti cəhd yerlərdə “xalq üsyanları” təşkil etmək planının icrası ilə başladı. 2012-ci ilin martında Qubada və 2013-cü ilin yanvarında İsmayıllıda təşkil olunan hadisələr alovlanaraq bütün ölkəni əhatə etməli və hakimiyyət çevrilişi ilə nəticələnməliydi. Amma ssenari yenə də pozuldu. Xalq bu planın qurucularına və icraçılarına tam laqeydliyini nümayiş etdirdi.
2013-cü ilin yanvarı həm də “Əsgər ölümlərinə son qoy” kampaniyası ilə yadda qaldı. Bu dəfə ssenari üzərində daha ciddi işlənilmişdi. ABŞ-ın NDİ təşkilatının rəhbəri Aleks Qriqorevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar da ayırmışdı. Amma küçələrdə 5-10 başıpozuq gəncdən başqa kimsənin görünməməsi, aksiyaların ciddi ictimai rezonans doğurmaması və onun təşkilatçılarının və icraçılarının tez bir zamanda ifşa edilməsi bu planın da tam iflasa uğramasına səbəb oldu.
Ermənilər və Cəmil Həsənli
Ekspertlər “milli inqilabçıların” və xarici “inqilab ixracatçılarının” 2014-cü ildə passivliyinin səbəblərini araşdırarkən, cəmiyyət yeni sürpriz planın ilk konturları ilə tanış olmağa başlayır. Deyəsən, bu dəfə ölkəmizdə etnik və dini zəmində qarşıdurma yaratmaq ssenarisi cızılıb. Azərbaycanda ötən ilin sonlarından etibarən hədəf auditoriyası ayrı-ayrı dini icmalar və ya etnik qruplar olan KİV-lərin sayı yağışdan sonra göbələk kimi artmağa başlayıb. Adətən yerli auditoriyanı radikallaşdırmağa çalışan bəzi ermənipərəst Qərb dairələri bu dəfə, deyəsən, həm də birbaşa olaraq Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin xidmətlərindən istifadə etməyə başlayıblar. Məsələn, TMV (Tolişə milliyə vindəsədo) adlı “radio” işğal atında olan Şuşadan yayımlanır. Yanvarın ilk ongünlüyündə ABŞ-ın “The Hill” qəzeti həmin “radioya” “artsax respublikası” tərəfindən yaradılmış şəraitlə bağlı xüsusi yazı da hazırlamışdı. Maraqlı olan odur ki, radionun Zabil adlı aparıcısı bir zamanlar radikal dini meylləri və məzhəblərarası münasibətləri qızışdıracaq qədər alovlu şiə təbliğatçısı kimi tanınıb. Buna bənzər hala Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı deyilən əcaib qurumun rəhbəri Azər Kərimovun açıqlamasında da rast gəlmişdik. Belə ki, o, Allahşükür Paşazadənin regiondakı fəaliyyətinə son qoyulmasına çağırır, Suriyada qeyri-qanuni silahlı qruplaşmaların tərkibində döyüşdüyünə və ya “Meşə qardaşları” terror qruplaşmasına qoşulduqlarına görə həbs olunan radikal dindarları “ləzgi xalqının mücahidləri” kimi təqdim edirdi.
Deməli, həm etnik, həm də dinlərarası münasibətləri gərginləşdirmək üçün eyni şəxslərdən, eyni qruplardan istifadə edilir və bəzilərinin öz avantürist xülyalarından hələ də əl çəkmədiyini göstərir. Həm də haqlı olaraq çox qürur duyduğumuz nailiyyətimizin gözdən salınmasına, bizim həyat tərzimiz olan çoxəsrlik tolerantlıq ənənələrinin ləkələnməsinə cəhd edilir.
Bu, elə bir nailiyyətdir ki, onun qorunması və inkişaf sadəcə iqtidarın deyil, ölkəsinin gələcəyini düşünən hər kəsin – alimin, jurnalistin, siyasətçinin, ictimai fəalın da qayğısı olmalıdır. Təəssüf ki, reallıqda ya bilərəkdən, ya da bilməyərəkdən başqa cür davranışların şahidi oluruq. Məsələn, ANS efirində adi bir iradın gedən verilişlərdən birinin qonağı - sabiq diktor Xalidə Gözəl aparıcı olmaq istəyən gəncə iradı sosial şəbəkələrdə şişirdilərək “talışların təhqir olunması”, “talış dilinin aşağılanmsı” kimi təqdim edildi. Sabiq diktorun izahat verib ərinin də talış olduğunu, talış dilindən söhbət getmədiyini deməsi də qulaq ardına vuruldu. Virtual “qəhrəmanlar” mövzunu şişirtdikcə şişirdir və bu dəfə estafeti ələ alan erməni mətbuatı hadisəni “Azərbaycada talışların təqib olunması” kimi təqdim edir. Bu təqdimatın ardınca adı reket qəzetlərin sırasında hallanan “Toleşan sado”nun redaktorunun iştirakı ilə ANS telekanalının önündə piket keçirilir. Bu dəfə “Amerikanın səsi” və Milli Şuranın qurucularından olan Mehman Əliyevin “Turan” agentliyi, “Azadlıq” qəzeti aksiyaya informasiya dəstəyi göstərirlər. Elə həmin vaxt yenə sosial şəbəkələrdə Əlikram Hümbətovun AXC Lənkəran şöbəsinə rəhbərliyi dövründə göstərdiyi “qəhrəmanlıqlar” müzakirəyə çıxarılır.
Babəkin şəxsiyyəti ətrafında qopmuş “virtual fırtına” belə bilərəkdən etnik mübahisə müstəvisinə yönəldilir. Budur, bu dəfə etnik müstəvidə təhlükəli mübahisələr marafonuna Milli Şuranın sədri Cəmil Həsənli qoşulub. O, dərslik kitablarında Lənkəran xanlığı haqda məlumatların az olmasından gileylənir. Amma xanlığı digər xanlıqlar kimi ərazinin adıyla deyil, cənub zonasında yaşayan etnik azlığın adı ilə “Talış” adlandırır. Üstəlik, xanlıqdan bəhs edərkən Lənkəran xanlığını deyil, sanki “Talış–Muğan” avantürasının xəritəsini cızır: Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik və Muğan rayonları...
Bu, 2013-cü il prezident seçkilərində ölkəyə rəhbərlik iddiasına düşən “milli şura” adlanan qurumun sədri Cəmil Həsənlidir. O “milli şura” ki, onun qurucuları içərisində Əlikram Hümbətovun kadrları: Mehdibəy Səfərov, Eldəniz Quliyev və İlham Şabanov (Moskvada özünü talış diasporunun lideri elan edən şəxs) da var idi.
Görəsən erməni mediasının Azərbaycanda etnik qarşıdurma yaratmaq cəhdlərinin fəallaşdığı, sosial şəbəkələrdə təhlükəli aktivliyin müşahidə olunduğu, “Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı” deyilən, əslində isə beynəlxalq miqyasda separatçılığın qızğın dəstəkçisi sayılan bir qurumun Avropa Parlamentində Azərbaycanda süni şəkildə milli azlıqlar məsələsini qabartdığı bir dövrdə Cəmil Həsənlinin canfəşanlığı təsadüf hesab oluna bilərmi? Görünür yarıtarixçi-yarısiyasətçi bu adam ya öz burnunun ucundan o tərəfi görə bilmir, hansı oyuna girdiyini anlamır, ya da bilərəkdən Azərbaycana qarşı məkrli ssenarinin iştirakçısına çevrilib. Əslində, istər xaricdə, istərsə də daxildə öz missiyasını Azərbaycan dövlətçiliyini baltalamaqda görən bu kəsin lazımi anda lazımi mövzu ilə aranı qarışdırmaq cəhdi dövlətə və millətə düşmənçilikdən başqa bir şey deyil. İnsan nə qədər milli heysiyatını itirməlidir ki, ermənilərlə əlbir olub Azərbaycanda milli qarşıdurma toxumları səpməyə başlasın.
Ancaq kimsə Qərbdə və ya başqa bir yerdə hansısa kabinetlərdə yazılan ssenarilərin Azərbaycanda tətbiq edilə biləcəyinə inanırsa, ən azı yaxın illərin təcrübəsinə baxıb yanıldığını dərk etməlidir. Bu xalq talışı, türkü, kürdü, saxuru... və s. ilə birdir; bütün azərbaycanlılar eyni tarixin, eyni mədəniyyətin, eyni etnopsixologiyanın, hətta eyni antropoloji xüsusiyyətlərin daşıyıcılarıdır. Azərbaycan xalıq həmişə belə təxribatlara layiqli cavab verib və bundan sonra da onu parçalamaq, bölmək istəyənlərə öz yerini göstərəcəkdir.
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Nadya Savçenko
Etnik mənşəyindən, hətta hansı ölkənin pasportunu daşımasından asılı olmayaraq vətənini sevən, ərazisində doğulub böyüdüyü dövlətə sadiq olan azərbaycanlılara qarşı Qərbdə hansı ikili münasibət bəsləndiyindən xəbərdarıq. Belə etinasız davranış sonuncu dəfə Qərb təsisatlarının azərbaycanlı girovlara münasibətində də özünü büruzə verdi. İşğal altında qalmış ata-baba məzarlarını ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı deputatların, ictimai qurumların müraciətləri var. Müraciətlərdə Qərb qurumlarından onların azad olunması üçün köməklik göstərmələri xahiş olunur. Uzun müddət keçməsinə baxmayaraq, hələ ki, heç bir reaksiya yoxdur. Amma Avropa Şurasının Parlament Assambleyası Rusiyada həbsdə yatan Ukrayna pilotu Nadya Savçenkoya beynəlxalq toxunulmazlıq verib və onun dərhal azad edilməsinə çağırıb. Görəsən, azərbaycanlı dinc sakinlərin girov götürülməsi məsələsinə susmağa üstünlük verən qurum ukraynalı hərbi pilotun azad olunması məsələsində niyə canfəşanlıq edir?
“Charlie Hebdo” və Leyla Səttar
Bu günlərin sevimli mövzularından biri də “Charlie Hebdo” satirik jurnalına terror aktıdır. Terror aktını, söz azadlığına qəsdi biz də qınayırıq. Amma bu və ya dinin müqəddəslərinin təhqir edilməsinin söz azadlığı ilə nə əlaqəsi? Bu hay-küydə unudulan bir karikaturaçıdan bəhs etmək istərdik. Bir zamanlar dünyəvi dövlət və təhsil sistemi ilə regiondakı teokratik monarxiya rejimlərindən müsbət mənada fərqlənən İraqda Leyla Əttar adlı istedadlı bir rəssam xanım yaşayırdı. Əsərlərinin çoxu qadın emansipasiyasına həsr olunmuş xanım Əttar 20 il əvvəl o zamankı ABŞ prezidenti ata Corc Buşun karikaturasını çəkmişdi. Karikatura Buşun əmrilə 1991-ci il fevralın 13-də “Əl-Amiriyyə” sığınacağının bombalanmasına və nəticədə 408 dinc sakinin ölməsinə cavab idi. Karikaturanı Bağdaddakı “Raşid” mehmanxanasının girişində yerləşdirmişdilər. Həmin mehmanxanada isə tez-tez beynəlxalq tədbirlər keçirilirdi. “Söz azadlığının cəfakeşi” olan amerikalılar bundan xeyli narahat olmuş və 1993-cü il qaranlıq gecələrinin birində ABŞ aviasiyası Əttarın yaşadığı binanı sakinləri ilə birgə göyə sovurmuşdu. O zaman heç kim söz azadlığı haqqında danışmağa lüzum görməmişdi.
Leylanın əsərləri ABŞ İraqı işğal etdikdən sonra yasaqlandı. “Charlie Hebdo” isə terrordan bir həftə sonra 5 milyon tirajla nəşr olundu.
Göründüyü kimi söz azadlığı, habelə milli azlıqların hüquqları bəzi qüvvələrin yadına yalnız öz maraqlarını təmin etmək, öz ambisiyalarını həyata keçirmək lazım gələndə düşür. Bu yanaşmanın nəticəsidir ki, beynəlxalq hüququn dayaq prinsipləri dünyada arxa plana keçdiyi kimi dəyərlər də böyük güclərin əlində alətə çevrilməkdədir.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər