AZE | RUS | ENG |

Avanqard teatr konsepsiyaları sərgisi

Avanqard teatr konsepsiyaları sərgisi
1924-cü ildə Frederik Kisler tərəfindən "Vyana musiqi və teatr festivalı” çərçivəsində "Beynəlxalq Yeni Teatr Texnikaları” sərgisi keçirilmişdi. Avanqard sənətin öncüllərindən olan ixtisasca teatr rəssamı, dizayneri və memarı avstriyalı Frederik Kislerin bu addımı böyük əhəmiyyət kəsb edirdi. Sərginin əsası 20-ci illərdə teatr sənəti mövzusunda həyata keçirilmiş araşdırmalardan ibarət idi. Kisler Vyanada dövrünün ən qabaqcıl və yenilikçi teatr təcrübələrini toplamışdı. Sərgidə təqdim olunanlar arasında alman konstruktivistləri, ekspressionistləri, rus konstruktivistləri və italyan futuristlərinin əsərləri ilə yanaşı, Fransa, Skandinaviya, Polşa, Çexoslavakiya və Avstriya nümayəndələrinin avanqard incəsənət nümunələri də yer alırdı. Sərgidə yüzə yaxın teatr konsepsiyası, səhnə dekorasiyası, kostyumlar, tamaşa afişaları toplanmışdı. Bauhaus və De Stijl qrupunun sənətkarlarının, teatr rəssamlarının və memarlarının iştirak etdiyi bu sərgidə Vsevolod Meyerholdun olduğu da bildirilir.

Sərginin predmetlərinin müxtəlif olması Kislerə bütün bacarıqlarını nümayiş etdirməyə şərait yaradırdı. O, ilk növbədə, "space stage” (məkan səhnəsi) layihəsi üzrə hazırlanan teatr səhnəsini sərgi iştirakçılarına təqdim etmişdi. Konzerthausun əsas salonunda qurulan bu səhnədə avstriyalı yazar Paul Frischauerin "Im Dunkel” pyesinin səhnələndiyi bildirilir. 

XX əsrin 20-ci illərində teatr sahəsində cəmlənən sənətkarlar avansəhnə (ön səhnə) məhfumunu burjua teatrının qalığı hesab edirdilər. Kislerin də "məkan səhnəsi” bu ənənəvi məhfuma qarşı yönəlmiş tənqidi yanaşmadır. Səhnənin quruluşuna nəzər yetirdikdə tamaşanın oynanılması üçün rahatlıq vəd etmədiyini görürük. Spiralvari yoldan ibarət olan səhnənin üst qatına çıxmaq üçün üç üsuldan istifadə etmək mümkündür. Bunlardan ən qısa yol meyilli yolla ikinci mərtəbəyə qalxıb iki ayaqlı dəmir nərdivanla üst qata çıxan yoldur. Səhnədə taxta pilləkan olsa da, pilləkanın aşağı pillələri yoxdur və  görünüşcə havada qalmış təəssüratı yaradır. Səhnə elə bir quruluşa malikdir ki, bura dinamik və sözsüz tamaşaların oynanılması üçün daha əlverişlidir. 

Kislerin teatr sahəsindəki axtarışları davam edirdi. Onun "məkan səhnəsi”ndən çıxış edərək yaratdığı yumurta formalı "Sonsuz Teatr” layihəsi də bu sərgidə nümayiş olunmuşdur. "Sonsuz Teatr” proyektinin maketi yaxın keçmişdə tapılmış və Vernisajda nümayiş etdirilmişdir. 

Kislerin əsasını qoyduğu bu sərgi Vyanada "Vienna 1924. Hotspot of the Avant-garde” adı altında indi də keçirilir. 2018-ci ilin ilk nümayişi 13 mart-1 iyun tarixlərində baş tutub. İkinci nümayiş isə 4 sentyabrda başlayıb və dekabrın 21-ə qədər davam edəcək. 
 
Cövhər Xeyrullayeva 
Tələbə teatrşünas 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN