Autizm xəstəlik deyil, fərqlilikdir
"Mən autizmli uşağam. Dünyanı digər
həmyaşıdlarımdan fərqli dərk edirəm. Bəzən həyat mənim üçün çox çətin olur.
Qorxmuram... Erkən müdaxilə və təhsillə həyatıma davam edə bilər və öz qərarlarımı
verə bilərəm. Mən balaca bir toxumam, günəşim olsanız, sağlam böyüyərəm”.
Hər boy atmağa hazır toxum kimi
sağlam böyümək arzusu olan autizmli uşağın bu söylədiklərinə laqeyd yanaşmaq
olmur. Bəs, bu balaca toxumun böyüməsi üçün ona əl uzatmaq keçirmi ağlınızdan?
Düşünün, bu balacanın söylədiklərinə hay verib, ona gözəl həyat qazandırmış
olarıq. Onları cəmiyyətə qazandırmaq, işığı olmaq borcumuzdur. Bu fərqli yolda ən
böyük günəş isə anadır. Elə, Səbinə kimi...
"Əlimi
çiyninə qoydum ki, özünü tək hiss etməsin”
Autizmli övladı olan Səbinə öz səbri
və sevgisi ilə oğlunun fərqli dünyasını gözəlləşdirib: "Nə həkiməm, nə də
psixoloq. Anayam... Ana olaraq deyə bilərəm ki, siz xəstə yox, fərqli övlada
sahibsiniz. Səbr və sevgi ilə bu fərqlilikdən möhtəşəmlik yarada bilərsiniz. Məsələn,
ticarət mərkəzində pilləkənlərin başında saatlar keçirdiyimi unutmuram. Həmin
vaxt oğlumu pilləkəndən ayırıb, "tələsirəm, gedək” desəydim, özünü yerə çırpıb,
dayanmadan ağlayardı. Məncə, bu halda ağlaması normaldır. Çünki övladınız öz
dünyasında bir şeyə fokuslanıb rahatlamışkən, niyə o rahatlığı "tələsirəm” deyə
əlindən alım? Siz tələsdiyiniz üçün onu öz dünyasından çıxarırsınız. Mən tələsmədim,
bəzən əlimi də çiyninə qoydum ki, özünü tək hiss etməsin. Əgər uşağınız
qışqırıb ağlayırsa, səbr edin və səbəbini tapıb, hərəkət edin. Sizi bilmədiyiniz
dünyaya və ya dilini bilmədiyiniz ölkəyə buraxsalar, reaksiyanız necə olardı?
Autizmli uşaqlar da məhz belədir. Onları öz dünyalarında xoşbəxt edə bilərik”.
Əsrin ən geniş yayılmış
sindiromlarından olan autizm haqqında ilk dəfə amerikalı alim Leo Kanner
1947-ci ildə məlumat verib. Ölkəmizdə isə təxminən 2000-ci ildən uşaqlarda
autizm sindromu diaqnozu qoyulur. Bəs bu uşaqlar həmyaşıdlarından nə ilə fərqlənirlər?
Valideyn övladının autist olduğunu necə müəyyən edə bilər?
"Adaptasiya
problemi olan bütün uşaqlar autist deyil”
Psixoloq
Murad İsayevdeyir ki, cəmiyyətin ən böyük problemi autizmi xəstəlik kimi qiymətləndirməsidir:
"Son 10 ilə qədər əsasən rus mütəxəssisləri tərəfindən autizmə xəstəlik kimi
baxılırdı. Onlar autizmi şizofreniyanın bir növü kimi qiymətləndirirdi. Amma qərbdən
gələn araşdırmalar göstərdi ki, əslində autizm sindiromdur. Yəni bu, şəxsiyyət,
insan növüdür. Onları xəstəlik kimi qiymətləndirmək düzgün deyil. Çünki xəstəlik
olması üçün onun hansısa başlama və inkişaf müddəti olmalıdır. Belə insanlar
dünyaya digər uşaqlar kimi gəlirlər və müəyyən yaş dövründən sonra artıq
onların davranış və görüntülərində müəyyən fərqliliklər yaranır”.
Psixoloqun sözlərinə görə, bu
sindiromu 2-3 yaşdan sonra müəyyən etmək olur: "Bəzən valideynlər internetdə müəyyən
informasiyaları oxuyur, uşaqlarının hərəkətlərində fərqlilik müşahidə edir və
internetdən aldığı bilgilərə əsasən, övladlarının autizmli olduğu qərarına gəlirlər.
Autizm diaqnozunu qoymaq üçün psixoloq və uşaq psixiatrı ilə paralel şəkildə
bir müddət müşahidə aparılmalıdır. Məhz bundan sonra müşahidələr ortaq nöqtədə
birləşdirilib, diaqnoz qoyulmalıdır. Hansısa qorxu faktoru və adaptasiya
problemi olan bütün uşaqlar autist deyillər. Valideynlər və hətta bəzi mütəxəssislər
buna autizm sindiromu diaqnozu qoyur, amma terapiya əsnasında baxırıq ki, bu,
autizm deyil”.
"Onlar
bizə oxşamaq məcburiyyətində deyil”
Autist uşaqların davranışları
haqqında məlumat verən psixoloq deyir ki, "Autizm” termini müxtəlif dərəcədə nəzərə
çarpan, geniş spektrli vəziyyətləri özündə birləşdirsə də, bütün vəziyyətlərdə
aşağıdakı əlamətlər ilə xarakterizə olunur: Başqalarına qarşı maraqsızdır, göz
təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən
istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni
mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar
nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır, predmetləri davamlı
olaraq çevirməkdən xoşu gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər
şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir,
davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən
artıq həssas və ya həddindən artıq laqeyddir, tək qalmağı seçir, təmasdan və
qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir,
danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır”.
Psixoloqun sözlərinə görə, autist
uşaqların digər uşaqların yanına buraxılması, digər uşaqlarla birlikdə tədris,
təlim-tərbiyə keçilməsi yanlışdır: "Çünki bu, digər uşaqların psixoloji durumuna
mənfi təsir göstərir. Autizmdə belə bir özəllik var ki, autist uşaqlar öz hərəkətləri
ilə fərqlənirlər. Onlar insanın gözünə birbaşa baxa bilmirlər. Sadəcə bir nöqtəyə
fikirlərini toplayıb müəyyən hərəkətlər edə bilər, yaxud dayanmadan qışqıra bilərlər.
Bu da onların bizə çatdırmaq istədiyi siqnaldır. Biz onları başa düşmədiyimiz
üçün qışqırırlar. İnsan eqoist olduğuna görə, autistləri araşdırmaq yerinə,
daha çox onları özü kimi etmək istəyir. Onlara müəyyən hərəkətlər öyrədirik ki,
bizə oxşasınlar. Onlar bizə oxşamaq məcburiyyətində deyillər. Autist uşaqlar
digər uşaqlar kimi normal oturub, fikrini toparlayıb intellekt diqqət tələb edən
işlərdə fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən Azərbaycanda valideynlər tez təslim
olurlar və autistlərin dünyalarını ortaya çıxarmağa səbrləri çatmır. Autist təsəvvüründə
olan informasiyanı ortaya çıxarmaq üçün səbrlə, təmkinlə üzərində işləmək
lazımdır”.
"Peyvəndlərin
autizmlə əlaqəsi yoxdur!”
Psixiatr
Əziz Mustafayev deyir ki, autizm inkişaf pozuntusu nəticəsində
meydana çıxan problemdir. Həmsöhbətimizin sözlərinə görə, bir sıra əlamətlər
var ki, uşaqlarda bunu müşahidə etdikdə psixiatra müraciət etmək lazımdır:
"Nitq inkişafında, uşağın maraq dairəsində, hərəki sferası və davranışında bir
sıra problemlər ola bilər. Göz təmasının olmaması, adını çağırdıqda reaksiya
verməməsi, yaşıdları ilə əlaqə qurmaması psixiatra müraciət üçün səbəbdir”.
Ən böyük problemləri isə, cəmiyyət
tərəfindən qəbul edilməmələridir: "Əsas yanlışlıq diaqnoz səviyyəsində baş
verir. Diaqnoz həkim-psixiatr tərəfindən təyin olunmalıdır. Xüsusilə diqqətə
almaq lazımdır ki, psixoloqların diaqnoz təyin etmək hüquqları yoxdur. Peyvəndlərin
autizmlə əlaqəsi yoxdur! Autizm zamanı dərman müalicəsindən autizm olduğu üçün
deyil, depressiya, davranış problemləri kimi problemlərin aradan götürülməsi
üçün istifadə edilir”.
Qeyd edək ki, autizm xəstəlik
deyil, fərqlilikdir. Onların fərqli dünyalarına daxil olmağı öyrənək. Bəlkə, o
fərqlilikdən biz də öyrəndik...
Aygün
ƏZİZ