AZE | RUS | ENG |

Audit üzrə dünyanın 4 böyük şirkətindən birində çalışan həmyerlimiz - Uğur hekayəsi

Audit üzrə dünyanın 4 böyük şirkətindən birində çalışan həmyerlimiz - Uğur hekayəsi
Vüsal Kərimov: “Ölkə xaricində çalışsam da, şirkətin Azərbaycanla əlaqələri, ölkəmizə nə kimi töhfə verməsi məsələsi məni daim düşündürür”

"Dünyada çətin iş deyilən bir şey yoxdur. Ən çətin işə də  müəyyən qədər bələd olandan sonra inkişaf etdikcə, məsuliyyətli olduqca uğur gəlir” kimi bir yanaşmaya sahibdir. Ona görə, deyir ki, heç nəyi gözümüzdə böyütməməliyik. Əslində, karyera yoluna nəzər salanda sözlərdə deyilənlərin təcrübədə əksini tapdığını görə bilərik. MüsahibimizAmerikanın EY (Ernst & Young) şirkətinin Nyu-Yorkda yerləşən baş ofisində biznes strategiyası üzrə baş məsləhətçi kimi çalışan həmyerlimiz Vüsal Kərimovdur.

Qeyd edək ki, V.Kərimov 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Bakalavr təhsilini Türkiyədə Ankara Universitetində beynəlxalq münasibətlər üzrə alıb. Daha sonra İsveçdə Lund Universitetində magistr pilləsində təhsilini davam etdirib. Sonra ölkəyə qayıdıb, 7 il Xarici İşlər Nazirliyində çalışıb, konsul kimi fəaliyyəti olub. Daha sonra Amerikada Yale Universitetində MBA (Biznes Administrasiyası üzrə Magistr) təhsili alıb.

- MBA təhsili alana qədər başqa sahədə fəaliyyət göstəribsiniz. 7 il çalışdığınız sektoru dəyişməyinizin səbəbi nə idi?
- Mən XİN-də müxtəlif sahələrdə işləmişəm. Əsas fəaliyyət istiqamətim isə iqtisadiyyat, biznes, xarici şirkətlərlə çalışmaq idi. Beynəlxalq münasibətlər təhsili almışam, XİN-də işləmişəm, amma həmişə biznesə xüsusi marağım olub. Qlobal dünyada, inkişaf edən ölkələrdə bizneslərin necə təşkil olunması, cəmiyyətləri hansı şəkildə irəli aparması haqqında çox fikirləşirdim. Bu səbəbdən, müəyyən müddət o sahədə işlədikdən sonra tamamilə biznes sferasına keçmək haqqında düşündüm. Bunun üçün də MBA təhsilinin mənə çox kömək olacağını fikirləşdim. Bu mövzuda XİN-dəki rəhbərliklə də məsləhətləşirdim. Və sonra bu qərara gəldim ki, əgər inkişaf etmiş ölkədə prestijli bir işdə çalışa bilsəm, həm özüm üçün, həm də ölkəmizin təmsil olunması baxımından  yaxşı olar. İdeya burdan yarandı, MBA-ya müraciət etdim. Yaxşı bir universitetdə bu imkanı qazandıqdan sonra təhsili almaq qərarı verdim. Dövlətimizin də mənə bu prosesdə köməkliyi çox oldu. Düzdür, indi ölkə xaricində çalışsam da, şirkətin Azərbaycanla əlaqələri, ölkəmizə nə kimi töhfə vermək məsələsi məni daim düşündürür, bu mövzuda hər zaman məsləhətləşmələr aparıram.
 


- Adətən, rəqabəti sevən adamlar biznesə meyilli olurlar. Biznesdə sizin üçün maraqlı olan nədir? 
- Düzdür, əvvəla, rəqabət mühitini sevirəm. O rəqabəti ki, insanın inkişafına gətirib çıxarır. İkincisi, Amerikada böyük şirkətlərdə işləyənlərin çox fərqli qabiliyyətləri, yaxşı təcrübələri olur. Burada biznes sahəsində çalışmaqla iş prosesində həm də o cür adamlardan çox şey öyrənə bilirsən. Mən ən çox bundan yararlanıram. Üçüncüsü, gördüyüm işin birbaşa təsirini hiss edirəm. Məsləhət verdiyimiz şirkətlərin fəaliyyətində artıq işimizin real olaraq təsirini görürük. İnsanları daha yaxşı məhsullarla, xidmətlərlə tanış edirik. Bütün bunlar mənim üçün həqiqətən çox maraqlıdır.
 
- Adətən, xaricdə işləməyə gedənlər karyeralarının ilk illərində bunu edirlər. Amma siz ölkədə müəyyən qədər işlədikdən sonra bunu edibsiniz. Fərqli iş mühitinə düşmək çətin olmadı ki?
- Mən XİN-də çalışarkən, həm Azərbaycanda fəaliyyətim olub, həm də xarici ölkələrdə. Qısa müddət Amerika və Avropada, uzun müddətli isə Malayziyada olmuşdum. Yəni bir qədər xarici iş mühitinə uyğunlaşma prosesim o vaxt getmişdi. Eyni zamanda Yale Universitetində qazandığım praktiki biliklər mənə çox kömək oldu. Çünki Amerikada MBA təhsili zamanı tələbələr şirkətlərlə daimi təmasda olurlar. Bir-iki həftədən bir müəyyən şirkətlərdə qısa təcrübələr keçirdik. Bunların hamısı mənə o çətinlikləri əvvəldən bilmək və öhdəsindən daha rahat gəlmək üçün şərait yaratdı. Amma təbii ki, EY-də işə başlayandan sonra müəyyən çətinliklərim oldu. Çünki biznes mədəniyyəti, insanların iş mühitində münasibətləri, şirkət atmosferi fərqlidir. Zamanla insan bunları öyrənir. Məsələn, şirkətdə işə yeni başladığım vaxtla indini müqayisə edəndə rahatlıq cəhətdən çox fərq var. Əsas odur ki, çətinlikləri qəbul edib onlara qarşı mübarizə aparasan, bir növ inkişaf edəsən. Bunu uğurla həyata keçirdiyimi düşünürəm.
 


- Bakalavr təhsili aldığınız dövrdən danışmadıq, o illəri necə keçiribsiniz?
- Türkiyədə oxuyurdum və ixtisasım da beynəlxalq münasibətlər olduğu üçün orda təcrübə keçmək tərəfdən çox da imkan yox idi. Ancaq yay tətilində Bakıda olanda XİN-də təcrübə keçmişdim. Dərs çox vaxt aparırdı, imtahanlar da çətin idi. Ona görə, sadəcə təhsillə maraqlanırdım. O dövrdə ən çox marağım sosial elmlərə, beynəlxalq münasibətlərə idi. Bu istiqamətdə çox oxuyurdum.

- Konsul kimi fəaliyyətiniz karyeranızın hansı dövrünə düşür? Nə qədər müddət çalışdıqdan sonra bu iş sizə həvalə olundu?
- Malayziyadakı səfirliyimizdə konsul kimi çalışmışam. Bu, mənim XİN-də işlədiyim 5-ci ilə təsadüf edib. Son 2 ildə konsul olaraq fəaliyyət göstərmişəm. Məlumat üçün qeyd edim ki, hər bir Azərbaycan səfirliyində bir konsul olur. Baş konsullar isə paytaxt xaricindəki digər nümayəndəliklərimizin rəhbərləri olur. Mən Malayziyadakı səfirliyimizdə konsul vəzifəsində olmuşam.

- Konsul işindən danışaq...
- Konsul işi daha çox vətəndaşlarla əlaqəlidir. Mənim əsas işim Azərbaycanın Cənub Şərqi Asiyada yaşayan vətəndaşlarının hər növdən olan problemlərinin həllinə kömək etmək idi. Eyni zamanda, iş elədir ki, orda azərbaycanlı iş adamlarına, biznes qurmaq istəyənlərə də köməklik edirsən. O səbəblə ordakı yerli və xarici şirkətlərlə əlaqə qurursan. Konsul kimi fəaliyyət göstərdiyim müddətdə də digər ənənəvi iqtisadi, biznes sahəsində ölkəmizə investisiyaların cəlb olunması işlərini də paralel olaraq aparırdım.
 


- Bəzən belə vəzifələrə gedən adamlarla bağlı "adamı var” da deyirlər...
- (Gülür) XİN-də işləmək mənim hələ məktəb illərindəki arzum idi. Beynəlxalq münasibətlər üzrə təhsili də buna görə almışdım. İsveçdə təhsil alandan sonra orada qala bilərdim, amma qayıtdım. Çünki məqsədim XİN-də çalışmaq idi. İmtahan, müsahibə prosesindən keçərək işə qəbul olundum. Düzdür, müraciət həddindən artıq çox olsa da, qəbul edilən az idi. Rəqabət cəhətdən çətin olsa da, qəbul olmağı bacardım. İşlərim çox yaxşı alındı, orda davam etdim. Son 2 ildə konsul olmağıma gəlincə, bu, bir az da tələbatdan irəli gəldi. Çünki səfirlikdə bu işi görəcək onlarla kadr olmur. Müəyyən qədər kadr olur, onları da ehtiyaca, kimin hansı işi daha yaxşı görə bilməsinə görə ayırıb seçim edirlər. O səbəbdən belə bir təyinat olmuşdu.
 
- Əgər işində irəli getməyə nail olursansa, deməli, işə yanaşman çoxluqdan seçilir. İşə necə bir yanaşmanız var?
- Birincisi, professionallıq. Adətən, Azərbaycanda insanlar bir az şəxsi həyatla professional həyatı bir-birinə qarışdırırlar. Amma Amerikada professional müddəti çox fərqli dəyərləndirirlər. Bunu yaxşı bacarmaq isə məncə, uğur faktorlarından biridir. İkincisi, məsuliyyət və intizam mənim üçün önəmlidir. Çünki həmişə işə qarşı məsuliyyəti davranmağa, vaxtında yerinə yetirməyə çalışıram. İşlərin hansı formada yığılmasına, həll olunmadan qalmasına səbəb olmamağa çalışıram. Üçüncüsü isə yeniliklərə açıq olmaq və özünü həmişə inkişaf etdirməyi deyərdim. Hər rübdə şəxsi və professional inkişaf baxımından özümə müəyyən hədəflər qoyuram və onları yerinə yetirməyə çalışıram. Hazırda çalışdığım şirkət bu baxımdan işçilərə əvəzedilməz şərait yaradır.
 

 
- Hazırda çalışdığınız şirkətdən danışaq...
- EY 19-cu əsrdə audit şirkəti olaraq qurulub. Əsasən audit şirkəti olsa da, sonda ikinci xidmət sahəsi kimi vergi istiqamətində də fəaliyyət göstərib. Son 20 ildə də məsləhət (konsaltinq) xidmətləri sahəsi də fəaliyyətində böyük yer tutur. Mən şirkətin məsləhət xidməti sahəsində çalışıram. Bu şirkət dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərir. Dünya üzrə 270 mindən çox əməkdaşı var. Amma ümumilikdə, işçi və biznesin daha geniş olduğu yer Amerika bazarıdır. Çünki burda daha böyük şirkətlərə xidmət göstəririk. Dünyada audit xidməti üzrə 4 böyük şirkətdən biridir. Ancaq konsaltinq sahəsində də dünyanın ən aparıcı şirkətlərindəndir.
 
- Şirkətin baş ofisdə nə qədər əməkdaş var?
- 10 000-ə yaxın.

- Böyük şirkətlərin işə qəbul tələbləri də yüksək olur. İşə düzəlmə prosesiniz necə keçdi?
- Proses çox mürəkkəb idi (Gülür). Amerikada böyük şirkətlərin işçi cəlb etmə proseslərindən biri də universitetlərdən olur. Şirkətlər yaxşı universitetlərə gedib oradakı tələbələrlə görüşürlər, müsahibələr edirlər, ələmədən keçirirlər. Sonra artıq işə qəbul müsahibəsi keçirirlər. Məndə də proses belə oldu. Çalışdığım şirkət MBA təhsili aldığım müddətdə universitetdə seçim edirdi. Qeyd etdiyim proseslərdən sonra mərhələli şəkildə 6 rəsmi müsahibədən keçdim, sonra digər danışıqlar oldu və məni işə götürdülər.

Onu da deyim ki, indi şirkət tərəfdən o prosesə bir növ özüm rəhbərlik edirəm. Komanda yoldaşlarımla birgə oxuduğum universitetə kampusa gedirəm, tələbələrlə görüşürəm. Ən yaxşı namizədləri araşdırıb müsahibə proseslərinə cəlb edirik. İndi işin bu tərəfindəyəm. Tələbə olmaq daha çətin idi. İndi bu prosesdən zövq alıram və ən yaxşı namizədləri şirkətə qazandırmağa çalışıram.
 


- Hiss olunur ki, insanlarla ünsiyyət cəhətdən də bacarıqlısınız. Bunu özünüzdə inkişaf etdiribsiniz, yoxsa anadangəlmə tərəfi daha çoxdur?
- (Gülür) Anadangəlmə tərəfi də olmamış olmaz, amma məncə, daha çox inkişaf etdirmişəm. Əvvəlki diplomatiya işimdə, həm də, biznes məktəbində buna dair dərslər götürmüşdüm. İşimin də tərkib hissəsi kimi kommunikasiya, insanlarla ünsiyyət, treyninq əsas sahələrimdən biri olub. Bizim işimizdə bu, vacib qabiliyyətdir. Ona görə, əsasən inkişaf yolu ilə olduğunu deyərdim.

- Ailəli bir bəy olaraq karyerada irəli getməkdə xanımızın dəstəyini görürsünüzmü?
- (Gülür) Həyat yoldaşımdan çox böyük dəstək görürəm. Təbii ki, işimlə bağlı birbaşa dəstəyi çox olmur, amma bəzən bəzi məsələlərdə o da kömək edir.  Onun dəstəyini hiss etməyim məni daha uğurlu edir.
 


- Bəs necə bir atasınız?
- Bir qızım və bir oğlum var. Oğlum yeni doğulub. Buradakı mühitin bir yaxşı cəhəti də odur ki, şəxsi həyatın xüsusi dəyəri var. Atasansa, şirkətdə hamı sənə çox hörmət edir, ailənlə kifayət qədər vaxt keçirməyin üçün imkan yaradırlar. Şirkətin ailəni dəstəkləmə proqramları çoxdur. İstər məzuniyyət baxımından, istər xüsusi günlər götürmək cəhətdən bir çox güzəştləri var, bundan faydalanaraq, övladlarıma vaxt ayırmağa çalışıram. Xoşbəxtəm ki, iki övladım var və belə yaxşı mühitin imkanlarından faydalanaraq, onların qayğısına qala bilirəm.

- Ənənəvi sualımız: uğurun sirri nədir?
- Birincisi, məsuliyyətli olmaq, ikincisi çalışmaq. Dünyada "çətin iş” deyilən bir  şey yoxdur. Ən çətin işə də müəyyən qədər bələd olduqdan sonra çalışdıqca, məsuliyyətli olduqca uğur gəlir. XİN-də işləməyim mənim üçün bir fürsət idi. Yale kimi dünyanın aparıcı universitetində prestijli proqrama qəbul olmağım, çətin olsa da, alındı. Sonra belə bir şirkətlə işləmək. Yale Universitetində oxusam da, Amerikada rəqabət həddindən artıq çoxdur. Burda işə qəbul olunmaq çox çətin görünürdü, amma bu da oldu. Ona görə, düşünürəm ki, heç nəyi gözümüzdə böyütməməliyik. Müəyyən qədər plan qurub, o istiqamətdə çalışmalıyıq. Onu əldə etdikcə, növbəti planlar qurub onun reallaşmasına cəhd göstərməliyik. 
 
Aygün Asimqızı
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9284
GEL 1 1 Gürcüstan larisi 0.6418
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2203
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.6975
KWD 1 1 Küveyt dinarı 5.601
TRY 1 1 Türkiyə lirəsi 0.3215