• cümə axşamı, 28 mart, 22:29
  • Baku Bakı 13°C

ATU rəhbərliyi ilə “Memorial Sağlık Grubu» nümayəndələri arasında görüş olub

18.01.19 16:56 615
ATU rəhbərliyi ilə “Memorial Sağlık Grubu» nümayəndələri arasında görüş olub
Azərbaycan Tibb Universitetinin (ATU) və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə Türkiyənin "Memorial Sağlık Grubu”nun təmsilçilər nümayəndələri arasında görüş keçirilib.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov qonaqlara universitetin nəzdindəki klinikaların, xüsusilə də sonuncu istifadəyə verilən Tədris Cərrahiyyə Klinikasının fəaliyyət istiqaməti haqqında məlumat verdi. Prorektor N.Zeynalov klinikada tədris və təlimlə bağlı xeyli işlər görüldüyünü qeyd edərək, bu istiqamətdə "Memorial Sağlık Grubu” ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğuladı: "Bu gün pediatrik kardiologiya mövzusunda ətraflı müzakirə, fikir mübadiləsi aparılacaq. Azərbaycan Tibb Universitetində bu sahədə böyük işlər görülür. Peşəkarlardan ibarət geniş tərkibli komandamız mövcuddur. İnanıram ki, qarşılıqlı əməkdaşlığımız sayəsində gələcəkdə bu sahədə işləri daha da genişləndirə biləcəyik”.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada tez-tez xarici ölkələrin, o cümlədən Türkiyədən olan mütəxəssislərin iştirakı ilə təlim xarakterli tədbirlər keçirildiyini bildirdi: "Tədris Cərrahiyyə Klinikasında tələbələrə həm dərs keçirilir, həm də onların üçün treninqlər təşkil olunur. Artıq 5 ildir fəaliyyət göstərən klinikada cərrahiyyə üzrə əsas biliklər verilir. Klinikamızda 50 professor, 130 dosent çalışır”. S.Hadıyev "Memorial Sağlık Grubu”nun mütəxəssislərinin iştirakı ilə keçiriləcək seminarda pediatriyaya aid mövzunun seçilməsinin çox önəmli olduğunu, bu məsələyə Azərbaycanda dövlət səviyyəsində diqqət ayrıldığını bildirdi.
Nümayəndə heyətinin rəhbəri, Memorial Bahçelievler xəstəxanası Doğum və Ginekologiya Mərkəzinin professoru Cihat Şen də öz növbəsində təmsil etdiyi tibb müəssisəsi haqqında məlumat verdi. Professor C.Şen ATU ilə əməkdaşlığın təməlinin qoyulmasına şad
olduğunu bildirdi. O, Klinikada təşkil olunacaq 2 günlük kursların ATU tələbələri üçün faydalı olacağından əminliyini qeyd etdi.
ATU-nun I Pediatriya, Terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, professor İbrahim İsayev qarşılıqlı əməkdaşlığın davamlı olması arzusu ilə seminara uğurlar dilədi.
Görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Aygün Şükürova, Memorial Xəstəxanasının pediatrik kardioloqu Profesor İrfan Levent Saltık, genetika şöbəsinin müdiri Yeşim Özdemir iştirak ediblər.
banner

Oxşar Xəbərlər