ATU-nun Tədris Terapevtik Klinikasının Kardiologiya şöbəsində unikal yenilik
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU)
Tədris-Terapevtik Klinikasının Kardiologiya şöbəsi innovativ restrukturizasiya
və modernləşmə işlərinin müvəffəqiyyətlə başa çatdırılmasından sonra
fəaliyyətini tam şəkildə bərpa edib.
Klinikanın 10-cu mərtəbəsində yerləşən bu şöbənin
bir hissəsi müayinələr, digər hissəsi isə stasionar müalicə məqsədilə qəbul
olunmuş xəstələr üçün nəzərdə tutulub. Angioqrafiya, stend və başqa müəyyən
invaziv müayinələrə aid cihazlar isə klinikanın birinci mərtəbəsində
quraşdırılıb. Kardiologiya ilə bağlı hər bir lazımi və müasir avadanlıqlara
burada rast gəlmək mümkündür. Kardialogiya şöbəsində xüsusi qeydiyyat otağı və 9 palata fəaliyyət
göstərir.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Tədris
Terapevtik Klinikanın yenicə istifadəyə veriləcək Kardiologiya şöbəsi ilə tanış
olaraq, belə yeniliklərin çox vacib olduğunu qeyd etdi. Burada quraşdırılan
avadanlıqlara tanış olan rektor, mərkəzin qurucuları və klinika rəhbərliyi ilə
bir sıra fikir mübadiləsi apardı.
Rektor G. Gəraybəyli bildirdi ki, əvvəlcə ATU-da
təhsil alan tələbələr, rezidentlər bu
yeniliklərlə tanış olmalı, lazımi biliklər əldə etməlidirlər. Rektor bu yeni
mərkəzdə tezliklə həkimlər tərəfindən aparılan pre-invaziv, invaziv
müdaxilələrin dərs otağına tələbələr üçün translyasiya edilməsinin tədrisdə çox
vacib bir yenilik olduğunu qeyd etdi:
"Bizim yeniliklərimiz iki yönlüdür – bir tərəfdən xəstə məmnuniyyəti və digər
tərəfdən tələbə təhsili. Buna görə də ilk olaraq, burada aparılan işləri
tələbələr praktik olaraq görməlidirlər ki, əldə etdikləri biliklər və praktik
vərdişlər onların dərslərinə bilavasitə kömək olsun. Dərs otağında belə bir şəraitin yaradılması olduqca vacibdir”.
Mərkəzin rəhbəri F. Əliyev bildirdi ki,
Azərbaycanda texniki baxımdan müasir olan və hazırda bu cür incəlikdə,
dəqiqlikdə exokardioqrafiya edən, mürəkkəb diaqnostik proseduraları belə
dəqiqlikdə həyata keçirən ikinci bir mərkəz yoxdur.
Qeyd edək ki, sözügedən mərkəzdə Azərbaycanda ilk dəfə
olaraq "Transtelifonik EKQ holter” müayinəsi cihazı da yerləşdirilib. Bu aparat
ürəkdə baş verən gündəlik dəyişikliklərin izlənilməsi üçün ən son və ən yeni
avadanlıqdır. Azərbaycanda ilk dəfə ATU-nun Tədris Terapevtik Klinikasının
Kardiologiya şöbəsinin poliklinikasında quraşdırılan bu aparat eləcə də digər
innovativ cihazlar həm klinikada müayinə və müalicə olunan xəstələr, həm də bu
müalicə və tədris müəssisəsində təhsil alan tələbə və rezidentlər üçün tibb
elminin kardiologiya sahəsinin ən son naliyyətlərinə əsaslanan unikal
yeniliklərdir. Bu yeniliklərdən hər kəs bəhrələnə bilər.