• cümə, 19 Aprel, 03:33
  • Baku Bakı 18°C

ATU-da Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi öz işinə başladı

01.11.16 16:13 1404
ATU-da Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi öz işinə başladı
Konqres öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi öz işinə başladı. İki gün davam edəcək konqresin açılış günündə müxtəlif ölkələrdən nümayəndələr, ATU-nun professor-müəllim heyəti, tələbələri iştirak edirdi.
Konqresin açılışında çıxış edən, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov qeyd etdi ki, "Hər il ənənəvi olaraq Azərbaycan Tibb Universiteti Tələbələri və Gənc Həkimlərinin Beynəlxalq Tibb Konqresi keçirilir. I beynəlxalq konqres 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmişdi. Həmin konqresə 20-dən artıq xarici universitetlərin təmsilçiləri qatılmışdı. II beynəlxalq konqres 2015-ci ilin noyabrında keçirilib və bura 30-dan artıq universitetin nümayəndələri qatılmışdı. Bu il 450-dən artıq nümayəndə rəsmi qeydiyyatdan keçib. Bunlardan 104 nəfəri ayrı-ayrı xarici universitetlərin professor, müəllim və tələbə heyətidir”.
Prorektor Rauf Bəylərov ali məktəb qarşısında duran ən böyük vəzifələrdən biri, bəlkə də birincisi istedadlı və ixtisaslışmış kadrların hazırlanması olduğunu, bu baxımdan aparılan işlərdə Tələbə Elmi Cəmiyyətinin xüsusi rolu olduğunu qeyd etdi: "Ölkəmiz cənab prezident İlham Əliyevin rəhbərliyi altında bir çox beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Bu tədbirlərin aparılmasının nəticəsidir ki, artıq xarici tələbələrin ölkəmizə marağı durmadan artır. Bu gün bu konqresə qatılan iştirakçılar bunu bir daha sübuta yetirdilər”.
Prorektor konqresi açıq elan edərək, onun işində iştirak edən hər kəsə uğurlar arzuladı.
Daha sonra Türkiyə İstanbul Universitetinin tibb fakültəsinin professoru Levent Aftan çıxış edərək, tədbir iştirakçılarının səmimiyyətlə salamladı və "Bu konqresdə sizlərlə bərabər olmağın xoşbəxtliyini yaşayıram” -dedi: "Hər birinizi ürəkdən salamlayıram. Bu konqresin beynəlxalq səviyyədə təşkilini tibb elminə verilən dəyər kimi qəbul edirəm. İnanıram ki, bu gün burada iştirak edən gənclər arasından tanınmış elm adamları çıxacaq”.
İstanbul Universitetinin tibb fakültəsinin professoru Levent Aftan həmçinin universitetlərində Azərbaycan kökənli eytim alan 750 tələbənin olduğunu dedi və bunların 150 nəfərinin tibb fakültələrində təhsil aldıqlarını nəzərə çatdırdı.
O, həmçinin İstanbul Universitetində 2 tibb fakültəsinin - İstanbul və Cərrahpaşa tibb fakültələrinin olduğunu dedi. Bildirdi ki, hər iki fakültədə 110 nəfər azərbaycanlı tibb doktoru müxtəlif ixtisaslar üzrə tibbi təhsil alırlar.
Tula Tibb Universitetindən Tatyana Subbotina əvvəlcə dəvətə görə təşəkkürünü bildirdi, bütün əməkdaşlara uğurlar arzuladı. Bakıda olmağından məmnunluğunu bildirdi. Tula Tibb Universitetində dərc olunan jurnalda gəncləri elmi məqalələrlə çıxış etməyə dəvət etdi.
Daha sonra plenar iclas öz işinə start verdi. Plenar iclasda ATU-nun nümayəndələrinin çıxışı ilə yanaşı, Milli Onkoloji Mərkəzdə aparılan geniş spektrli əməliyyatlar barədə Niyazi Əsgərov məlumat verdi. Konqresdə Almaniyadan Araşdırmalar Mərkəzindən Mehdi Əhmədur, Türkiyədən Tuğba Uysal prezentasiya ilə çıxış etdilər.




banner

Oxşar Xəbərlər