Atletlərlə görüş olub
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan
Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin
vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı İdman Sarayında martın
14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi
Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.
Əvvəlcə atletlərimizin
təlim-məşq prosesinə və sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları
musiqili kompozisiyaya baxış olub. Nazirlər S.Babayev və A.Rəhimov müxtəlif
yarışlarda uğurlu nəticələr göstərmiş gənc atlet Həbib Tağıyevlə tennis oynayıb,
idmançılarla söhbət edib, KİV-ə müsahibə veriblər.
A.Rəhimov
Prezident cənab İlham Əliyevin idmana yüksək qayğısından bəhs edib, xüsusi
olimpiyaçıların da yeni uğurlar qazanmasına şərait yaradıldığını qeyd edib. O, Ümumdünya
Xüsusi Yay Oyunlarında dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən
artıq xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib. Nazir yarışlarda Azərbaycanı
56 idmançı təmsil edəcəyini, onların idmanın on növündə yarışacaqlarını
bildirib.
S.Babayev
əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının
artırılmasının Prezident cənab İlham Əliyevin sosial siyasətinin mühüm tərkib
hissəsi olduğunu vurğulayıb. O bu sahədə aparılan işlərdən biri kimi, əlilliyi
olan şəxslər arasında idman tədbirlərinin təşkilinin, eyni zamanda beynəlxalq
yarışlarda iştirak etmələrinin dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki,
xüsusi olimpiya idmançılarımızın Əbu-Dabi keçiriləcək Ümumdünya Xüsusi Yay
Oyunlarında iştirakına da dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin
arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən
də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə
müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman
növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.
Azərbaycan
Xüsusi Olimpiya Komitəsi bu gün 5 minə yaxın idmançını özündə birləşdirir. Komitənin
prezidenti Ş.Əliyev Xüsusi Olimpiya Təşkilatı ilə fəal əməkdaşlıq etdiklərini
deyib. O, dövlətin daimi dəstəyi şəraitində ölkəmizdə xüsusi olimpiya hərəkatının
daim genişləndiyini vurğulayıb.
Tədbir
iştirakçıları idmançılarımıza Xüsusi Yay Olimpiya Oyunlarında uğurlar
arzulayıblar.
İlk dəfə
Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya
Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar əqli əlillikləri olan insanların
öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması üçün təşkil
olunan qlobal inklüzivlik hərəkatıdır. Ölkəmizdəki xüsusi olimpiya atletlərinin
də həmin oyunlarda iştirakı təşkil edilir. Ötən dövrdə idmançılarımız ABŞ-ın
Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında
atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində
uğurlu nəticələr göstərərək ölkəmizə 24,
o cümlədən 8 qızıl, 11 gümüş və 5 bürünc medalla qayıdıblar.
Atletlərimizin
Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya
Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin və Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunur.