• cümə, 19 Aprel, 03:49
  • Baku Bakı 18°C

“Atlas şirləri”nin avropalı “silahı” - Portret

05.05.18 12:00 1323
“Atlas şirləri”nin avropalı “silahı” - Portret
Futbol üzrə dünya çempionatlarının yazılmamış qanunu var: nə qədər çox oyunçun Avropada çıxış edirsə, uğur qazanmaq şansın bir o qədər çoxdur. Bu, xüsusilə, son illərdə keçirilən mundiallarda özünü qabarıq şəkildə göstərir. Dünya çempionatlarında Avropa təmsilçilərinin hegemonluğu danılmaz faktdır. Təsadüfi deyil ki, "köhnə qitə” təmsilçiləri ilə yalnız Cənubi Amerika yığmaları başa-baş mübarizə aparır ki, həmin millilərin üzvlərinin əksəriyyəti də məhz Avropanın top-liqalarında çıxış edirlər. Eyni sözləri mundiallarda arabir görünən yığmalara da aid etmək olar. Bu seçmələrin də dünya çempionatlarında uğurlu çıxışı heyətindəki "avropalı”ların sayı ilə düz mütənasib olur. Bu cəhətdən, Mərakeş millisini fərqləndirmək olar. Bu gün "atlas şirləri”nin heyətində kifayət qədər İspaniya, Fransa, Hollandiya kimi futbol ölkələrinin yetirmələri çıxış edir. Elə "qırmızı-yaşıllar”ın 20 illik həsrətə son qoyaraq mundiala vəsiqə qazanmasında da bu oyunçuların əvəzsiz rolu oldu. Mərakeş yığması sonuncu dəfə Fransada keçirilən mundialda (1998) görünmüşdü. O vaxt Braziliya, Şotlandiya və Norveçlə bir qrupda mübarizə aparan mərakeşlilər, yalnız gələcək finalçıya (Braziliya) uduzmuşdu. Qrup mərhələsini 4 xalla başa vuran Şimali Afrika təmsilçisi 1/8 finala vəsiqə qazana bilməmişdi. Ümumilikdə isə bu günə kimi 4 dəfə dünya çempionatının final mərhələsində oynamış Mərakeş yığması, cəmi bir dəfə qrup mərhələsini adlamaq (1986) şərəfinə nail olub. Afrika təmsilçisi bu il Rusiyada keçiriləcək mundialda da eyni uğuru hədəfləyib. Bu çətin tapşırığın öhdəsindən gəlmək üçün isə "atlas şirləri” ümidi avropalı üzvlərinə bağlayıb. Xoşbəxtlikdən bu cür oyunçuların sayı "qırmızı-yaşıllar”da heç də az deyil. Belə futbolçulardan biri də Yunes Belhandadır.
Müdafiəçi kimi başlayan karyera

Yunes 1990-cı il, fevralın 25-də Fransanın Avinyon şəhərində dünyaya gəlib. Onun valideynlərinin hər ikisi Mərakeşin Taza şəhərindəndir. Yunes hələ çox kiçik yaşlarında olan zaman onun ailəsi atasının işi ilə bağlı Avinyonun yaxınlığında yerləşən Aramon şəhərinə köçürr. Elə balaca Yunesin futbol karyerası da burda başlayır. Fransada yaşayan başqa millətin nümayəndələri idmana daha çox meyl salırlar. Bu sahə fiziki cəhətdən dözümlü, əzmkar olan gəlmələr üçün uğur qazanmanın ən rahat yoludur desək, yanılmarıq. Elə təkcə son illər Fransa millisinin heyətinə nəzər salmaq kifayətdir. "Xoruzlar”ın heyətində etnik fransız tapmaq istəyənlər bir qədər əziyyət çəkməli olacaq. Buna baxmayaraq, "üçrənglilər”in heyətindəki gəlmələrin demək olar hamısı yerli futbol məktəbinin yetirmələridir.

Belhanda da bu cür gəlmələrin yolu ilə getmək, futbolçu olmaq fikrinə düşür. O, cəmi 7 yaşında "RC Aramon” klubunun aşağı yaş qrupuna yazılır. Yunes burda cəmi 1 il qalır. Növbəti ildən isə o doğuldu şəhərin eyniadlı komandasına - "Avinyon”a qoşulur. Burda Yunesin məşqçisi Jan-Kristof Qleyze olur. Maraqlıdır, Belhanda hazırda yarımmüdafiədə, hətta bəzən sol cinah hücumçusu kimi oynasa da, "Avinyon”da libero (sonuncu müdafiəçi) mövqeyində çıxış edirdi. Yunes Jan-Kristof Qleyzenin əməyini unutmur, bir futbolçu kimi yetişməsində onun rolunu əvəzsiz sayır. İllər sonra verdiyi müsahibədə də keçmiş məşqçisini xatırlayır:

"O, mənim üçün bir məşqçidən daha artıqdır. Atam Qardda çalışmağa və yaşamağa başlayandan bəri məni evdən məşqə, məşqdən evə aparıb-gətirən şəxs məhz o idi. O və "Avinyon” olmadan digər klublar tərəfindən heç vaxt kəşf edilməzdim”.
Rene Jirarın kəşfi
Artıq 13 yaşı olanda, Belhanda Fransanın köklü komandalarının diqqət mərkəzinə düşür. "Sent-Etyen”, "Lion”, "Marsel”, "Monpelye” kimi komandaların skautları gənc mərakeşli ilə maraqlanırlar. Bu klublar içərisində "Marsel” variantı daha cəlbedici görünsə də, Yunes gələcək inkişafını nəzərə alır və klubun məşq mərkəzinin istənilən səviyyədə olmadığını qeyd edərək, ora getməkdən imtina edir. Belhanda öz seçimini "Sent-Etyen”dən yana etsə də, valideynlərinin evə daha yaxın olmasını əsas göstərməsindən sonra fikrini dəyişir və "Monpelye”ni seçir.


"Monpelye”nin akademiyasında məşqçilər daha texnikalı, dəqiq ötürmələri olan mərakeşlini müdafiədən dayaq yarımmüdafiəçisi mövqeyinə çəkirlər. Klubun akademiyasında pillə-pillə addımlayan Belhanda, əvəzedici komandaya kimi irəliləyir. 2009-cu ilin 29 iyulunda isə ilk peşəkar müqaviləyə imza atır. Yunes "Monpelye” ilə 3 illik müqavilə bağlayır. Belhanda klubun əsas komandasına həmin vaxt komandanın baş məşqçisi olan, təcrübəli mütəxəssis Rene Jirar tərəfindən cəlb edilir. Jirar Belhandanın mövqeyində bir qədər dəyişiklik edir. O, mərakeşlinin xidmətindən hücumçu və vinger kimi istifadə etməyə başlayır. Təcrübəli mütəxəssis Yunesdə olan texnikanın bu mövqelərdə oynamağa imkan verdiyini bilrir, onu Fransa millisinin sabiq ulduzlarından Rober Pireslə müqayisə edirdi.
"Ölsəm də, Belhandanı türklərə satmaram”
Belhanda "Monpelye”nin əsas komandasında Liqa 1-də ilk oyununu Fransa nəhəngi PSJ-yə qarşı keçirir. Yunes həmin anları belə xatırlayır:

"Mən uşaqlığımdan pərəstiş etdiyim Makeleləyə qarşı oynayırdım. Böyük təzyiq altında idim. Əvvəllər yalnız 200-300 azarkeş qarşısında oynamışdım”.

Ancaq Belhandanın debütü heç də pis alınmır. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnir, Yunes isə yaxşı mənada diqqət çəkməyi bacarır. Peşəkar karyerasındakı ilk mövsüm uğurlu alınır. 33 oyunda şans qazanan Yunes, 1 qola da imza atır. Belhanda "Monpelye”də çıxış etdiyi 4 mövsümün hamısında əsas heyətin dəyişməz üzvünə çevrilir. 2011/12 mövsümündə tarixi ərzində ilk dəfə çempion olan "Monpelye”nin bu uğuru qazanmasında mərakeşlinin də xüsusi rolu olur. Həmin mövsümdə Belhanda 12 qola imza atır. Yunes sərgilədiyi oyunla Liqa 1-də demək olar, bütün fərdi mükafatlara yiyələnir. O, mövsümün ən yaxşı futbolçusu, ən yaxşı gənc futbolçusu və ən yaxşı qolunun ("Marsel”ə vurduğu top) müəllifi seçilir.

"Monpelye”də parladıqdan sonra onu xidmətində maraqlı olan klubların sayı artır. Bu komandalardan biri də Türkiyə "Fənərbaxça”sı idi. 2013-cü ildə klubla futbolçu arasında bütün razılıq əldə olunmuşdu. Qalırdı, "Monpelye”nin bu keçidə "hə” deməsi. Lakin həmin vaxt Fransa təmsilçisinin prezidenti olan Luis Nikolin maraqlı açıqlama ilə məsələyə nöqtə qoymuşdu. O, yerli mətbuata açıqlamasında "Ölsəm də, Belhandanı türklərə satmaram” demişdi.
"Qalatasaray”ın yeni "10” nömrəsi
Gənc mərakeşlinin uğurları onun Avropanın daha böyük klublarına transferindən xəbər verirdi. Lakin maraqlıdır ki, onun yolu "böyük beşlik” ölkələrinin nəhənglərinə yox, Şərqi Avropaya düşür. Ukraynanın köklü klublarından Kiyev "Dinamo”su 10 milyon avro qarşılığında Yunesi heyətinə cəlb edir. Belhandanın Ukrayna karyerası da yaxşı alınır. Mərakeşli paytaxt təmsilçisinin heyətində 2 dəfə ölkə çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olur. Ancaq 2015/16 mövsümü Belhanda üçün heç də uğurlu alınmır. "Dinamo”da ondan gözləniləni verə bilməyən Yunes, qışda Almaniyanın "Şalke” klubuna icarəyə verilir. Mövsümün sonunda isə Belhanda Fransaya qayıdır. O, icarə əsasında "Nitsa”nın uğurları üçün tər tökür. Burda da əsas heyətin üzvlərindən birinə çevrilən Yunes, artıq Ukraynaya qayıtmaq istəmir. Beləliklə, ukraynalılar komandada oynamağa həvəsli olmayan futbolçunu transfer müddəti bitməmiş satmağa qərar verir. Onun xidmətində bir neçə klub maraqlı olsa da, Uesli Sneyderin gedişindən sonra yeni pleymeyker axtarışında olan "Qalatasaray” daha istəkli çıxır. "Cim-bom” 8 milyon avro qarşılığında Belhandanın transfer hüququna yiyələnir. Maraqlıdır ki, Yunes müqavilə üçün Türkiyəyə gəldiyi gün vaxtilə "ölsəm də, Belhandanı türklərə satmaram” deyən Nikolin dünyasını dəyişir.
İstanbul təmsilçisində Sneyderin 10 nömrəli futbolkasına yiyələnən mərakeşli əsas heyət üzvünə çevrilməyi bacarır. Bu gedişlə, Belhanda Fransa və Ukraynada sonra Türkiyə çempionatının da qızıl medalını boynundan asacaq. Belə ki, Yunesli "Qalatasaray” hazırda Super Liqada liderdir.

Fransanı yox, Mərakeşi seçdi
Belhanda Fransada doğulub, bu ölkənin futbol məktəbinin yetirməsidir. Futbolçu "üçrənglilər”in U-18 və U-20 millilərinin də şərəfini qoruyub. Lakin Yunes Fransa millisinin növbəti ərəb əsilli futbolçusuna çevrilmir. O, 2010-cu ildə yığma komanda ilə bağlı son qərarını verir. Futbolçu və insan kimi yetişdiyi Fransanı yox, dədə-baba yurdu Mərakeşin millisini seçir. Artıq Belhanda Mərakeş seçməsində 44 oyun keçirib, 3 qola imza atıb. Millinin 20 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında onun da rolu oldu. Heç şübhəsiz, yığmanın baş məşqçisi Erve Renarın Rusiyada Portuqaliya, İspaniya və İrana qarşı əsas "silah”larından biri məhz 28 yaşlı yarımmüdafiəçi olacaq.
Oyun tərzi, ailə və...
Hazırda Yunes yarımmüdafiənin hər iki cinahı ilə yanaşı, hücumçuların arxasında da oynaya bilir. İşlək ayağı sağ olan mərakeşlinin boyu 1.75 m-dir. O, əsasən, texnikalı oyuna üstünlük verir. Belhanda mənsub olduğu dinə - İslama bağlıdır. O, müsahibələrində örnək aldığı şəxsin Məhəmməd peyğəmbər olduğunu dəfələrlə vurğulayıb.

Lakin Avropada çıxış etdiyi zaman dinə həddən artıq bağlı olduğuna görə, atmacalara da məruz qalıb. "Nitsa”da çıxış etdiyi zaman yerli radiolardan birində aparıcı Daniel Riolo onun transferinin yanlış addım olduğunu bildirərək, Belhandanın həddən artıq ibadətlə məşğul olduğunu qabardır. Onun bu sözləri Fransada geniş müzakirə olunur. Təbii ki, Yunesin də bu fikrə münasibəti mənfi olur. O, "Mənim müsəlman olmağımın məsələyə nə dəxli var? Mən terrorist deyiləm, müsəlmanam” cavabını verir. Bundan sonra açıqlamanın verildiyi radio Belhandadan və "Nitsa” klubundan üzr istəyir.

Yunes Türkiyəyə gəldikdən sonra Avropadakı bu cür atmacalardan xilas olub. Yerli mətbuata açıqlamalarında artıq dini ibadətlə məşğul olmaq baxımından daha rahat olduğunu dəfələrlə vurğulayıb.

Belhanda ailəsini diqqət mərkəzində saxlamağı xoşlamır. Uşaqlıq sevgisi olan Amal adlı xanımla evli olan Yunesin Məhəmməd adında bir oğlu və Nur adında bir qızı var.

Portret

"Ulduz olmaq üçün yox, ən yaxşı olmaq üçün çalışıram”. Bu sözlər Belhandaya məxsusdur. Yunes heç vaxt şan-şöhrət düşkünü olmayıb. Başqaları kimi getdiyi klublarda öz kaprizləri ilə insanları bezdirməyib. Elə yəqin ki məhz bu səbəbdən, onun hansısa kluba uyğunlaşması heç vaxt çətin olmayıb. Rəqabəti, qalib gəlməyi sevən Yunes, indi millinin son 20 ildəki ən böyük sınağında, İspaniya, Portuqaliya və İrana qarşı matçlarda yığmanı öz arxasınca aparmalı, Mərakeş futbolunun tarixinə düşməlidir.
Elnur

banner

Oxşar Xəbərlər