Atılmış uşaqların sığınacaq yeri - “baby box”

Atılmış uşaqların sığınacaq yeri - “baby box”

Cəmiyyət
06 Dekabr 2012, 08:53 2947
Hər il dünyada 10 milyona yaxın uşaq öz valideynləri tərəfindən atılır. Azərbaycanda isə son günlər xüsusilə 3 yaşına qədər körpələrin atılması böyük narahatlıq doğuran məsələlərdəndir. Ölkəmizdə statistik məlumatlara əsasən, 640300 üç yaşına qədər körpə var və bunların 400-ü himayədar ailələrə verilib. Bu yaş kateqoriyasına aid olan uşaqlardan 95 nəfər internat müəssisələrində yaşayır. Bəs Azərbaycanda uşaqların atılmasına səbəb nədir? Valideyni öz körpəsini atmağa nə vadar edir?

Övladından utanan valideynlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Kaspi”yə müsahibəsində bildirib ki, Komitə tərəfindən uşaqların atılma səbəbini öyrənmək məqsədilə araşdırma aparılıb və məlum olub ki, uşaqların atılmasının ilkin səbəbi qeyri-qanuni nikahlar və sağlamlıq imkanı məhdud olan uşaqların dünyaya gəlməsədir: “Qeyri-qanuni nikahdan uşaq doğulan zaman valideyn belə bir uşağı dünyaya gətirdiyi üçün cəmiyyət tərəfindən qınaq obyekti olmasından ehtiyat edərək öz uşağından imtina edir, yaxud uşağın sağlamlıq imkanı məhdud olduğuna görə bəzi valideynlər utanc hissi keçirir və övladlarından imtina edirlər. Biz bu sahədə qadınlar arasında maarifləndirmə işləri aparmalıyıq. Uşağından imtina edən valideyn anlasın ki, bütün uşaqlar valideynin nikah statusundan və uşağın sağlamlıq durumundan asılı olmayaraq, bərabər hüquqlara malikdirlər”.

İqtisadi problemlər

İkinci səbəb iqtisadi problemlərdir ki, aztəminatlı ailələr, işsizlik, həyat səviyyəsinin aşağı olması, savadsızlıq bəzi ailələrin öz uşaqlarından imtina etməsi ilə nəticələnir. S.Qəhrəmanova qeyd edib ki, atılmış uşaqların dövlət tərəfindən müdafiəsi və himayəsi sahəsində çox işlər görülür, lakin bu, dəyişilməz faktdır ki, heç bir qayğı ailə nəvazişini əvəz edə bilməz, heç bir qucaq ana qucağı qədər isti olmaz. Buna görə də uşaqların öz bioloji valideynləri ilə böyüməsi üçün dövlət tərəfindən bütün mümkün tədbirlər həyata keçirilir: “Ailə cəmiyyətin özəyi və uşaqların müdafiəsi üçün ən təbii mühit olduğundan hökümətin səyləri ailənin rifahını yaxşılaşdırmağa yönəlib və düşünürəm ki, uşaqların atılmasının qarşısının alınması məqsədilə ailənin rifah durumunun yaxşılaşdırılması ilə yanaşı, onların maarifləndirilməsi çox zəruridir”. Sədr müavini vurğulayıb ki, 2006-cı ildə dövlət tərəfindən ailə, qadın, uşaq məsələləri sahəsində siyasəti həyata keçirmək üçün mərkəzi icra hakimiyyəti AQUPK yaradılıb. İşsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, rayonların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif dövlət proqramları qəbul edilib. Nəticədə yoxsulluq səviyyəsi 44.7 faizdən 7.6 faizə enib, işsizliyin səviyyəsi isə 1990-ci ildə 20 faiz, 2003-cü ildə 10.6 faiz, 2012-də isə 5.4 faiz azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Komitə problemli ailələrdə olan qadınlar üçün konkret peşələrə yiyələnmələri sahəsində xüsusi ixtisaslaşmış kurslar keçiblər və bu da onların işlə təmin olunmasına çox böyük yardımçı olub.

Qanunvericiliyə dəyişiklik edilməlidir

Müsahibimiz qeyd edib ki, komitənin rayonlarda 11 mərkəzi açılıb və bu mərkəzlər problemli ailələri aşkara çıxarır və həmin ailələrə müxtəlif xidmətlər göstərirlər: “Belə ailələrdə doğulan uşaqlar əgər fiziki və əqli cəhətdən sağlam deyilsə, onların reabilitasiyası məqsədilə işlər aparılır və həmin ailələr üçün xüsusi tibbi müəssisələrdə tədbirlər görülür”. Komitə sədrinin müavini bildirib ki, uşaqların atılmasının qarşısının alınması üçün komitə tərəfindən valideyn məsuliyyətinin artırılması məqsədilə milli qanunvericilik aktlarına dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb. Dövlət tərəfindən himayədar ailə və alternativ foster ailə institutunun yaradılması istiqamətində işlər görülür.

Uşaqların ailələrə verilməsi üçün hansı kriteriyalar əsas götürülür?

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva qəzetimizə müsahibəsində bildirib ki, mövcud qanunvericiliyə əsasən, aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilər:
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər;
- məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər;
- üzərinə qanunla qoyulan qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər;
- keçmiş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa;
- səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.

Müsahibimiz onu da vurğulayıb ki, himayədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə qəyyumun hüquq və vəzifələrinə malik olurlar. Məlahət Hacıyevanın sözlərinə görə, himayədar valideynləri Ailə Məcəlləsinin 137.2-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı seçir: “Himayədar ailələrin seçilməsi, himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət edilməsi yerli icra hakimiyyətləri orqanının səlahiyyətindədir”.

“Baby box” nədir və Azərbaycanda tətbiq edilə bilərmi?

Əksər qərb ölkələrində qəbul olunmuş qanunlara əsasən, əgər kiminsə körpə uşaqdan imtina etmək niyyəti varsa, onu yaxınlıqdakı istənilən tibb məntəqəsinə, heç bir prosedur keçmədən və məxfilik qorunmaq şərtiylə təhvil verə bilər. Bunun üçün tibb məntəqələrinin yaxınlığında "baby box"-lar, yəni uşaq qutuları yerləşdirilir. Uşağı qutuya qoyandan sonra avtomatik olaraq pəncərə bağlanır. Bu zaman 2 dəqiqə ərzində siqnalizasiya işə düşür, dərhal tibbi heyət gəlib uşağı götürür.

Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev hesab edir ki, Azərbaycanda bu təcrübədən istifadə etmək çox vacibdir. Bir çox hallarda valideynlər uşaqlarından imtina edirlər, öz övladlarını ya uşaq evlərinə qoyurlar, ya da küçəyə atırlar və bu, uşaqların həyatını risk altında qoyur: “Uşaqlar bəzən onların həyatı üçün təhlükəli olan yerlərə atılır. Bizdə faktlar var ki, atılmış uşaqlar hansısa heyvanların qurbanı olaraq tələf olublar və hətta uşaq evlərində vaxtilə tərk edilmiş elə uşaqlar var ki, onların bədənlərində atılma nəticəsində siçovulların gəmirmə izləri bu günə qədər qalıb. Buna görə də Azərbaycanda “baby box”ların qurulması çox vacibdir”. Nazir Quliyev vurğulayıb ki, belə qutular elə dizayn edilib ki, onlara uşaqlar bir dəfə qoyuldusa, artıq o uşağı oradan çıxarmaq mümkün deyil. Yəni o, heyvanlardan, digər təhlükələrdən uşağı qoruryur.

Xatırladaq ki, “baby box” ilk dəfə Çexiyada 2005-ci il iyunun 1-də - Beynəlxalq Uşaq Günündə özəl bir tibb mərkəzində yaradılıb. Üstündən 5 il keçəndən sonra bu qutuların sayı ölkə üzrə 35-ə çatıb. Avropa ölkələrində - Avstriya, İsveçrə, Almaniyada da «baby box»lar var.

Aygün Cəfərli