• cümə axşamı, 25 aprel, 06:01
  • Baku Bakı 14°C

ATƏT təmsilçisi “jurnalist ovu”na çıxıb

15.01.18 19:25 1413
ATƏT təmsilçisi “jurnalist ovu”na çıxıb
ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi Harlem Dezir "Amerikanın Səsi” radiosuna bu günlərdə verdiyi müsahibədə Azərbaycandakı medianın hazırkı durumu və qarşıdan gələn prezident seçkiləri zamanı azad medianın əhəmiyyəti haqqında qeyri-obyektiv fikirlər səsləndirib. Onun bu fikirlərinə rəsmi Bakı münasibət açıqlayıb. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata bildirib ki, ATƏT-in Media azadlığı ofisi və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı, obyektiv olmalı və Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər. Administrasiya rəsmisi təəssüf hissi ilə vurğulayıb ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır. O bildirib ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı var.Prezident köməkçisinin qənaətincə, belə olan halda Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.
Əli Həsənov bildirib ki, ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək və söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da "Kaspi”yə açıqlamasında deyib ki, ATƏT-in media azadlıqları üzrə nümayəndəsi H.Dezir bu institutun zaman-zaman Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı səsləndirdiyi fikirləri tam şəkildə təkrarlayıb. Onun sözlərinə görə, bu təkrarçılıq şübhəsiz qərəzçilik mahiyyəti dayanır və təəssüf doğurur: "Düşünürəm ki, ATƏT-in media ofisinin Azərbaycana yanaşmanı dəyişməsi daha faydalı olardı. İndiki halda bu ofis sanki bütün körpüləri yandırmaq yolu tutur. Halbuki Azərbaycanın media cameəsi həm indi, həm də əvvəllər Avropa təşkilatları ilə sıx əməkdaşlıq müstəvisində kifayət qədər faydalı işlər görüblər. Görünür, ATƏT bu istiqamətdə kömək göstərməyi deyil, ənənəvi qərəzçiliyi və inkarçılığı üstün tutur. Belə yanaşma yolverilməzdir. ATƏT təmsilçisinin fikirlərinə diqqət yetirəndə elə təəssürat yaranır ki, Azərbaycan bir növ, "jurnalist ovu”nun aparıldığı ölkədir. Əlbəttə, dünyada bu cür yerlər var. Amma nədənsə nə ATƏT-in, nə digər mötəbər birliklərin, o cümlədən beynəlxalq media qurumlarının və hüquq müdafiə təşkilatlarının hesabatlarında onlardan danışılmır. Ancaq həmin ölkələrə xas xüsusiyyətlər çox asanlıqla Azərbaycana "uyğunlaşdırılır”. Bu mənada Harlem Dezir özündən əvvəlkilərin xəttini davam etdirir. Görünür, ən asan yol elə budur. Heç şübhəsiz ki, bu yol siyasi məqsədlərə söykənir. Məsələnin başqa izahı yoxdur”.

MŞ sədri Ə.Amaşov bildirib ki, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı problemlər var və bu, inkar olunmur: "Media iqtisadi cəhətdən özünü təmin etməyi bacarmalıdır. Redaksiyaların maddi-texniki səviyyəsi yüksəlməlidir, jurnalistlər daha peşəkar olmalıdırlar. Ümumən bir çox məsələlərdən söz açmaq mümkündür. Ancaq ölkəmizdə problemlərin həlli ilə bağlı formalaşmış siyasi iradə var. Azərbaycan dövləti mediaya həssas yanaşır, ona diqqət və qayğı göstərir. Ölkəmizdə kütləvi informasiya vasitələri sahəsində mükəmməl qanunvericilik bazası var. Jurnalistlər bütün mövzularda yaradıcılıq sərbəstliyinə malikdirlər. Bu cəhət dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan Prezidenti də çıxışlarında media fəaliyyəti ilə əlaqədar konseptual məqamlara toxunub. Onu da unutmaq olmaz ki, dünyada söz və ifadə azadlığı ilə əlaqədar kifayət qədər ciddi problemlər mövcuddur. Bəzən inkişaf etmiş ölkələrdə daha acınacaqlı mənzərənin şahidi oluruq. Yaxşı olardı ki, ATƏT kimi mötəbər təşkilat bütün bunları da diqqətdə saxlasın”.

Ə.Amaşov Azərbaycanda bu il prezident seçkisinin keçiriləcəyinə də diqqət çəkib. Qeyd edib ki, seçki yaxınlaşdıqca Azərbaycanla bağlı mənfi fikirlərin daha çox qabardılacağı hər kəsə aydındır: "Mövcud xüsusda söz və ifadə azadlıqları ilə bağlı spekulyasiyalar da artacaq. Harlem Dezirin timsalında bu prosesə start verilir. Hər bir halda, belə qərəzli münasibətin Azərbaycan cəmiyyətinə təsiri ola bilməz”.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov da qəzetimizə açıqlamasında deyib ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi H.Dezirin Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər cəfəngiyatdan başqa bir şey deyil və siyasi şantaj xarakteri daşıyır. Onun sözlərinə görə, ölkəmizdə söz və mətbuat azadlığı təmin olunub və ölkəmizdəki söz və mətbuat azadlığının təminatçısı Azərbaycan Prezidentidir: "Azərbaycan o ölkələrdəndir ki, burada jurnalistlər və media azaddır, heç bir senzura yoxdur. Üstəlik, bütün internet resursları Azərbaycan vətəndaşlarının və internet istifadəçilərinin üzünə açıqdır. Heç bir şəkildə, heç bir internet resursu jurnalistlər üçün və yaxud informasiya istehlakçıları üçün əlçatmaz deyil. Belə olan halda, hər hansı bir şəkildə söz azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Azərbaycanda informasiya cəmiyyəti mövcuddur. Bu informasiya cəmiyyəti informasiya istehsal etməkdə və informasiya istehlak etməkdə tamamilə sərbəstdir. Prezident İlham Əliyev Azərbaycan jurnalistlərini özünün köməkçisi adlandırır. Azərbaycan jurnalistləri də Prezident İlham Əliyevi özlərinin böyük hamisi və dostu hesab edirlər. Bu, Azərbaycan reallığıdır”.

Millət vəkili H.Məmmədov deyib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik” reytinqində Azərbaycan ölkəni idarə edən siyasətçilərə ictimai etimad məsələsində birinci 20-likdə yer alıb: "Nəzərə almaq lazımdır ki, Azərbaycan jurnalistləri də hər şeydən öncə Azərbaycan vətəndaşıdırlar. Əslində bu münasibət dolayısı ilə həm də Azərbaycan jurnalistlərinin mövqeyidir. Bir müddət öncə ATƏT-in "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Hollandiya şirkətinin Azərbaycanda keçirdiyi, - prezident seçkiləri keçirilsəydi kimə səs verərdiniz, - sorğusunda yenə 82 faizdən yuxarı Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə səs verəcəklərini bildirmişdilər. Əgər real rəqəmlər bunlardırsa və dediyimiz məsələlər ən müxtəlif və fərqli rəy sorğusu keçirən şirkətlər tərəfindən təsdiq olunursa, o zaman hansı məhdudlaşdırmadan danışmaq olar? Bu rəy Azərbaycan xalqının ümumi rəyidir. Media institutu da Azərbaycan cəmiyyətinin digər aparıcı institutları kimi Azərbaycan xalqının azad iradəsini təmsil edir. Görünür, bəzi şəxslərə Azərbaycanı şantaj etmək üçün yeni vasitələr lazımdır. Çünki milli maraqlarımıza zərbə vuran və onların himayə etdiyi bəzi şəxslər konkret əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verirlər və bundan sonra da cavab verəcəklər. Ona görə də bu münasibət qərəzlidir və heç bir obyektiv əsasa söykənmir”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu islahatlardan ən önəmlisi fikir və söz azadlığı ilə bağlıdır: "İnsan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin edilməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Elə son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə KİV-in inkişafı istiqamətində həyata keçirilən tədbirləri qeyd etmək kifayətdir. Təəssüf ki, bəzi xarici dairələr ölkəmizin bu sahədə əldə etdiyi uğurlara kölgə salmağa cəhd edirlər. Ancaq unudurlar ki, onların bu cəhdləri hər zaman olduğu kimi, bu dəfə də uğursuz alındı. Təəssüf ki, ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi öz müsahibəsində bəzi qərəzli dairələrin qeyri-dəqiq informasiyalarını əsas götürüb. Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilib. Hər kəs açıq şəkildə öz fikirlərini ifadə edə bilər. Təbii ki, qanun çərçivəsində. Cəmiyyətdəki vəzifəsindən, statusundan asılı olmayaq hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Hətta həmin şəxs, jurnalist olsa belə. Hesab edirəm ki, bu cür dezinformasiyalar yaymaqla ölkəmizin əldə etdiyi uğurlara qara yaxmaq mümkün deyil. Yaxşısı budur, onlar öz ölkələrindəki vəziyyəti təhlil edib, hesabatlar hazırlasınlar”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər