• cümə, 26 Aprel, 10:29
  • Baku Bakı 12°C

ATƏT Qarabağ münaqişəsinin ciddiliyini etiraf edir

02.04.14 09:43 1387
ATƏT Qarabağ münaqişəsinin ciddiliyini etiraf edir
“Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yollarını tapmaq ATƏT regionunda ən mürəkkəb problemlərdən biridir”. Trend-in məlumatına görə, bu barədə ATƏT-in 2013-cü il üçün illik hesabatında qeyd olunub. Məlumatı ATƏT-in rəsmi saytı yayıb.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 ildən çox müddətin keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmayıb: "Dağlıq Qarabağ münaqişəsi mürəkkəb məsələlərdən biri olub. Təşkilatın sədrliyi Minsk qrupunun həmsədrlərinin bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun təşviq edilməsi istiqamətində fəaliyyətini dəstəkləyib".
ATƏT-in illik hesabatında qeyd olunur ki, 1994-cü ildə atəşkəsin elan edilməsinə baxmayaraq, bu ərazidə atışmalar tez-tez baş verir və atəşkəs rejiminin pozulması demək olar ki, gündəlik müşahidə olunur. Təşkilatın hesabatında qeyd olunub ki, 2013-cü ildə 5 mülki şəxs və 32 əsgər yaralanıb, 14 əsgər isə öldürülüb. Həmin dövrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası 16 dəfə təmas xəttinə və 9 dəfə sərhədə baş çəkib.
Hesabatda həmçinin deyilir ki, 2013-cü ildə Ukraynanın ATƏT-də sədrliyi çərçivəsində təşkilat əsas diqqəti uzunmüddətli münaqişələrin həllinə və "Helsinki+40" prosesinin irəlilədilməsinə yönəldib.
Təşkilatın hesabatında həmçinin vurğulanıb ki, ATƏT-in Daimi Şurasının qərarına əsasən, təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib və ofis layihələrin əlaqələndiricisi statusu alıb.
Hesabatda qeyd olunub ki, ofis məişət zorakılığında Azərbaycana dəstək səylərini davam etdirib. 2013-cü ildə Bakı ofisinə təşkilatın ümumi büdcəsinin 2 faizi - 2,830 milyon avro vəsait ayrılıb.
Hesabatla bağlı daha doğrusu, hər zaman bu məsələyə soyuq yanaşılması, atəşkəsin pozulması etiraf olunsa da, Ermənistana heç bir təzyiq göstərilməməsi ilə bağlı politoloq Elman Nəsirovun fikirlərini öyrəndik. O, bizimlə söhbətində ATƏT-in belə yanaşma ortaya qoymasının doğru olmadığını bildirdi: “ATƏT-in Minsk qrupu 1992-ci il martın 24-də yaranıb. Bu il onun yaradılmasının 22 ili tamam oldu. Uzun müddət ərzində ümumi şəkildə müəyyən işlər görülsə də, təbii ki hazırkı durum bizi qane etmir. Ona görə də çoxları bu qurumun fəaliyyətini “fəaliyyətsizlik” adlandırır. Bir çox məqamları nəzərə alanda haqlı olduqlarını inkar etmək mümkün olmur. Adıçəkilən qurum 1999-cu ildən bəri 47 dəfə prezidentlər səviyyəsində görüş təşkil edib. Gedişatı izləyənlər əminliklə deyə bilərlər ki, onlar nəticə ilə maraqlanmırlar. Bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən bəhs etdikdə, heç bir nəticə qazanmadıqlarını söylədikdə yalnız bir söz deyə bilirlər. Standart cavabları odur ki, guya onlar olmasaydılar, bu cür sabitlik, stabillik ola bilməzdi. Təəssüf ki, bunu çox böyük nəticə hesab edirlər. Fəxrlə elan edirlər ki, münaqişənin müharibəyə çevrilməsinin qarşısını alıblar. Ona görə də heç kim onları fəaliyyətsizlikdə ittiham edə bilməz. Belə çıxır ki, onların fəaliyyəti münaqişəni həll etmək deyil, yalnız onun müharibəyə çevrilməsinin qarşısını almaqdır”.
E.Nəsirov dedi ki, elə təkcə bu məqsədi güdə-güdə bu cür hesabatlar hazırlayırlar: “İndi də növbəti hesabatı hazırlayaraq ənənəvi soyuq yanaşmalarını ortaya qoyublar. Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb məsələ olduğunu vurğulayıblar. İtkilərin sayı ilə bağlı da statistik məlumatlar verilib. Belə acınacaqlı durumun qarşısı alınmalıdır. Amma ortada heç bir real nəticə yoxdur. Nəinki nəticə, bir çox hallarda onların məsələyə yanaşması belə, kökündən yanlış olur. Hansı ki, bu cür addımlar münaqişənin həlli ilə bağlı fundamental prinsiplərə daban-dabana ziddir. Heç uzağa getməyək. Bu yaxınlarda Minsk qrupunun həmsədri Ceyms Uorlik öz tviter səhifəsində münaqişəyə Dağlıq Qarabağ və Azərbaycan arasında olan problem kimi qiymət vermişdi. Belə çıxır ki, amerikalı həmsədr indiyə qədər bilmirdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişənin həlli ilə məşğuldur. Unudurlar ki, Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin, sonra isə prezidentlərin görüşlərini təşkil edirlər. Deməli, o, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlarda tərəf kimi görmək istəyir və bunu yazılı şəkildə bəyan etməkdən çəkinmir. Əlbəttə ki, bu cür yanaşmalar münaqişənin kifayət qədər dalana dirənmiş durumunu bir qədər də gərginləşdirir. Bu məsələlər, bu reallıqlar təəssüf ki, hesabatda əksini tapmır. Orada yalnız ümumi ifadələr, təcavüzə məruz qalanla təcavüzkarı bərabərləşdirmək kimi ənənəvi yanaşma ortaya qoyulur”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər