• cümə, 19 Aprel, 18:47
  • Baku Bakı 24°C

ATƏT PA-nın prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışlayıb

22.01.19 21:53 511
ATƏT PA-nın prezidenti Mehman Hüseynovla bağlı qərarı alqışlayıb
ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 22-də Azərbaycan Baş Prokurorluğunun bloqer Mehman Hüseynovun barəsində bağlı cinayət işinə xitam verməsi barədə xəbəri müsbət qarşıladığını bildirib.
Trend-in məlumatına görə, G.Tsereteli M.Hüseynovun işinə xitam verilməsi və onun mart ayının əvvəlində azadlığa çıxacağına görə çox şad olduğunu deyib: "Bir il əvvəl Mehman Hüseynovu ziyarət edərkən onun həbsxana şəraitini müşahidə etmiş və tezliklə azad ediləcəyinə ümid etdiyimi bildirmişdim. Dekabrda ona qarşı yeni ittihamların irəli sürülməsi dərin narahatlığıma səbəb oldu və indi bu cinayət işinə xitam verilməsindən çox şad oldum. Mən onun işini yaxından izləyirdim və bu məsələni müntəzəm olaraq parlamentdəki həmkarlarımla və Azərbaycanın bir sıra hakimiyyət orqanları, o cümlədən Prezident İlham Əliyevlə müzakirələrimdə də qaldırmışdım. Bu işə ölkə başçısının şəxsən diqqət yetirməsi məni çox sevindirdi".
G.Tsereteli əlavə edib ki, Azərbaycanda demokratik islahatlar, xüsusən KİV azadlığı və vətəndaş cəmiyyətinin töhfəsini artırmaq üçün şərait yaradılması davam etdirilməlidir.
ATƏT PA-nın yaydığı məlumatda qeyd edilir: "Qurumun vitse-prezidenti, millət vəkili Azay Quliyev Mehman Hüseynovla bağlı yanvarın 12-də açıqlama verərək bildirib ki, bu məsələni Azərbaycanın müvafiq dövlət qurumları ilə müzakirə edib və məsələnin obyektiv şəkildə araşdırılacağı barədə cavab alıb".
Qeyd edək ki, bundan əvvəl bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.
Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.
banner

Oxşar Xəbərlər