AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ATƏT PA-nın iclasında Ermənistanın təxribatları xatırladılıb

ATƏT PA-nın iclasında Ermənistanın təxribatları xatırladılıb

Təfsilat
27 Fevral 2021, 10:45 372
Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günü çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.
"Report”un məlumatına görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Əminə Ağazadə iclasda iştirak edərək müzakirə edilən mövzularla bağlı fikirlərini bildirib. Əminə xanım qeyd edib ki, ki, ümumilikdə, Azərbaycan bugünədək 71 hərbi əsir və məhbusu və 1300-dən çox erməni hərbi qulluqçusunun cəsədlərini Ermənistana qaytarıb.
Əminə xanım eyni zamanda, Ermənistan və onun təsiri altındakı bəzi korrupsiya içində batmış dairələrin, anti-terror əməliyyatları zamanı saxlanılan 62 erməni vətəndaşını hərbi əsir kimi göstərməyə çalışdıqlarını, onların da 10 noyabr tarixli üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən qaytarılmasına nail olmaq üçün həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarını bildirib.
Həmkarlarına müraciət edərək millət vəkili məlumat verib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin adıçəkilən 62 üzvdən ibarət təxribat qrupu Azərbaycan Respublikasının azad edilmiş ərazilərində bu yaxınlarda aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb.
Əminə Ağazadə bildirib ki, ilkin dindirmə əsasında qrup üzvlərinin hamısının Ermənistan vətəndaşları olduqları, qrup üçtərəfli bəyanat imzalandıqdan sonra, 26 noyabr 2020-ci ildə Azərbaycan ordusu və dinc əhaliyə qarşı terror fəaliyyətini təşkil etmək məqsdilə Azərbaycanın azad edilmiş ərazilərində qanunsuz olaraq yerləşdirildiyi məlum olub.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə təxribat qrupu tərəfindən həyata keçirilən bir sıra terror hücumları nəticəsində 4 azərbaycanlı hərbçi şəhid olmuş və 1 mülki şəxs ağır yaralanmışdır. Hazırda təxribat qrupunun bütün üzvləri Azərbaycan ərazisində cinayət əməlləri törətdiklərinə görə Azərbaycanın müvafiq dövlət qurumları tərəfindən istintaq prosedurlarına cəlb olunublar. Buna görə də bu şəxslər buraxılmaq hüququna malik deyillər.
Millət vəkili bir daha vurğulayıb ki, üçtərəfli bəyanat imzalandıqdan sonra təxribat qrupunun Azərbaycan ərazisində yerləşdirilməsi, Ermənistanın bütün hərbi fəaliyyətlərini dayandırmaq və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılması barədə Bəyanatda yer alan öhdəliklərini kobud şəkildə pozur.
Bu, Ermənistanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək və güc tətbiq etməkdən çəkinməyə dair öhdəliklərinin açıq şəkildə pozulmasıdır.