• çərşənbə axşamı, 16 aprel, 12:49
  • Baku Bakı 19°C

ATƏT PA-nın beynəlxalq əhəmiyyətli toplantısı

03.07.14 09:08 921
ATƏT PA-nın beynəlxalq əhəmiyyətli toplantısı
Dünyanın diqqətini özünə çəkən ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyası bir çox mühüm qərarları ilə yadda qaldı. Orada müzakirə olunan mövzuların aktuallığı, toplantıda verilən qərarların vacibliyi bu sessiyanın kifayət qədər regional və beynəlxalq əhəmiyyət daşıdığını göstərir. Çünki sessiya zamanı bölgənin hazırda ən vacib məsələsi olan ərazi bütövlüyü barədə danışılıb, separatizm əleyhinə bəyanatlar verilib. Belə ki, sessiyanın dördüncü günündə Rusiyanın Helsinki prinsiplərini pozmasına dair qətnamə layihəsi qəbul olunub. Qətnamədə qeyd olunur ki, ATƏT PA Rusiya Federasiyasının Ukraynaya münasibətdə Helsinki prinsiplərini aşkar və kobud şəkildə tapdamasını, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmasını pisləyir. Bildirilir ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qanunsuz aktdır və onun nəticəsinin heç bir hüquqi qüvvəsi yoxdur.
Bu qərar ona görə xüsusi əhəmiyyətli hesab olunur ki, separatizmə məruz qalan, torpaqları işğal olunan təkcə Ukrayna deyil. Region dövlətlərindən Gürcüstan, Moldova da Azərbaycan kimi təcavüzə məruz qalmış ölkələrdir. Ona görə də qərar ümumiyyətlə, işğala məruz qalmış bütün dövlətlər üçün ümid işığı hesab oluna bilər. Bu məqamla bağlı fikirlərini bölüşən ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, konqresmen Benjamin Kardin ATƏT regionundakı dondurulmuş münaqişələrə diqqət çəkərək dünya birliyini, ATƏT-i nəticəsiz fəaliyyətinə görə tənqid edib: “Axı biz dondurulmuş münaqişələrin sayını nə qədər artıracağıq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna belə vəziyyətdən əziyyət çəkir. Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, amma onu sağaldan yoxdur. Biz Minsk Qrupuna böyük ümid bəsləyirdik. Təəssüf ki, onun fəaliyyəti özünü doğrultmadı. Bəs bu ədaləti kim bərpa edəcək? Azərbaycan, Gürcüstan, Moldova daha nə qədər dondurulmuş münaqişələrdən əziyyət çəkəcək?”
B.Kardin qeyd edib ki, bu münaqişələr mütləq öz ədalətli həllini tapmalıdır: “Biz bunları həll etməliyik”.
Qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman bütün ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyib. Konkret olaraq, Ukrayna ilə bağlı məsələdə də ölkəmiz hər zamankı mövqeyini nümayiş etdirib. Xatırlayırsınızsa, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Rusiyanın Krımı işğal etməsi məsələsi müzakirə olunduğu zaman ölkəmiz birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişdi. Bunun məntiqi ardıcıllığı kimi, ATƏT-in Bakıda keçirilən sessiyasının dünənki iclasında da Azərbaycan növbəti dəfə ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirib və qurumdakı nümayəndə heyətimizin üzvü Azay Quliyev mövqeyimizi növbəti dəfə elan edib: “Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Xatırladım ki, Ukrayna ilə yanaşı, ATƏT üzvü olan Azərbaycanın, Gürcüstanın və Moldovanın da ərazi bütövlüyü pozulub. Biz birgə toplaşıb bu məsələ ilə bağlı layihə hazırlamalıyıq və bununla göstərməliyik ki, ATƏT-in prinsiplərinə doğrudan da sadiqik. Hesab edirəm ki, bu proseslərə amerikalı konqresmen, ABŞ nümayəndə heyətinin rəhbəri Kristofer Smit və ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Joa Suaresi də dəvət etməliyik”.
Qeyd edək ki, sessiya çərçivəsində baş tutan plenar iclasda Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb. Bunu iclasda çıxış edən ATƏT PA prezidenti Ranko Kirovkapiç bildirib. O, çıxışı zamanı nəzərə çatdırıb ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və elə həmin ay Vyanada Ukrayna və Rusiya parlamentarilərinin iştirakı ilə birgə müzakirələr aparılması baş tutub: “Orada yaradılan ATƏT PA Vyana Qrupu bu günədək müəyyən müsbət irəliləyişlərə nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupunu yaratdıq. Buraya Vyana Qrupundan fərqli olaraq digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması, sülh danışıqlarının bərpası üçün lazımı işləri görəcək”.
Məlumdur ki, Azərbaycan da işğala məruz qalmış ölkə kimi, uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışır. Təəssüf ki, dünya ölkələri həmin əraziləri Azərbaycan torpaqları kimi tanısa da, hələ ki, Dağlıq Qarabağın qaytarılması üçün real, münaqişənin həllində müəyyən nəticə verə biləcək addımlar atılmayıb. Bu durum isə beynəlxalq təşkilatlar üçün heç də üstünlük hesab oluna bilməz. Çünki münaqişə həll olunmadıqca onların gücünə və ya ədalətinə inam azalır. Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının belə çoxtərkibli görüşdə yenidən müzakirə olunması da xüsusi əhəmiyyətli məqam kimi qiymətləndirilə bilər.
Ölkələri narahat edən, birgə fəaliyyət göstərməyə məcbur edən məsələlərdən biri də terrorçuluqla mübarizədir. Qeyd edək ki, həmin günkü iclasda siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitədə terrorizmlə mübarizəyə dair qətnamə də müzakirə edilib. Rusiyalı deputat Nikolay Kovalevin hazırladığı layihə ilə bağlı digər rusiyalı deputat Oleq Lebedev çıxış edib. O, terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın vacib olduğunu deyib: “İndi terrorizmlə mübarizə dövrün tələblərinə cavab vermir. Artıq bizim gözümüzün qarşısında terror təşkilatları digər fəaliyyət metodlarına transformasiya olur, fəaliyyətlərini daha da təkmilləşdirirlər. Terrorçu qruplar elmi tərəqqinin inkişafından yararlanırlar və bunun nəticəsində kiber-cinayətkarlıq güclənir Onlar öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdən geniş istifadə edirlər. Ona görə də beynəlxalq aləm terrorçu təşkilatların İKT-nin inkişafından istifadəsinə imkan verməməlidir”.
Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova isə deyib ki, bəzi ölkələr terrordan öz məqsədləri, qanuni hakimiyyətlərin devrilməsi, iqtisadi maraqlar üçün istifadə edirlər: “Hətta bəzi terrorçu dəstələri dəstəklənirlər. Bu məqam bizi narahat etməyə bilməz. Hesab edirik ki, belə məsələ təkcə müzakirə mövzusu olmamalıdır, konkret əməli işlər görülməlidir. Terror hər birimizi təhdid edir. Azərbaycan bütün terrorlara qarşıdır və anti-terror koalisiyasında iştirak edir. Bu səbəbdən belə bir layihənin qəbul olunması vacibdir və biz bu sənədə səs veririk”.
Beynəlxalq miqyas alan problemlərin müzakirəsi, ölkələri narahat edən məsələlər haqda danışılması və sessiyanın sonunda haqqında danışılan mövzular haqda lazımi qərarların çıxarılması bir daha sessiyanın hansı dərəcədə əhəmiyyət daşıdığını göstərir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər