• cümə, 29 Mart, 11:23
  • Baku Bakı 5°C

ATƏT missiyasının qərəzi

12.04.18 20:56 779
ATƏT missiyasının qərəzi
Azərbaycan müasir, dünyəvi bir dövlət olaraq 100 il bundan öncə müsəlman Şərqində yaradılan ilk Demokratik Respublikanın varisidir. Hazırda Cənubi Qafqazın lider dövləti statusunu, beynəlxalq ictimaiyyətin diqqət və hörmətini qazanan, dünyada etibarlı tərəfdaş kimi tanınan, Şərqlə Qərib arasında mühüm körpü rolunu oynayan Azərbaycanda demokratik prinsiplər qorunur. Demokratiyanın əsas göstəricilərindən sayılan seçkilər də ölkəmizdə tam azad, demokratik və şəffaf şəkildə keçirilir. Təbii ki, hər bir seçki ölkənin daxili işidir və həmin ölkə ərazisindəki xalqın iradəsini nümayiş etdirir, dünya dövlətləri də hər bir xalqın seçiminə hörmətlə yanaşır. Lakin bir çox demokratik dövlətlər kimi Azərbaycan da ölkə daxilində keçirilən seçkilərin ədalətliliyini, obyektivliyini, şəffaflığını dünyaya göstərmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər dəfə ölkəmizdə seçkilər keçiriləndə seçki prosesində müşahidə missiyası həyata keçirən beynəlxalq təşkilatlara dəvətlər göndərilir, yerli müşahidəçilərlə yanaşı, onların da seçki prosesini yaxından izləməsinə şərait yaradılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da bu şəraitdən yararlanan beynəlxalq təşkilatlardandır.
Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib. Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər qısamüddətli, eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib. Bundan bir müddət sonra isə müşahidə missiyası Bakıya gəlib. Əvvəlcə ölkəmizə prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, hollandiyalı Koryen Yonker gəlib. Martın 7-də paytaxt şəhərimizə təşrif buyuran missiya rəhbərinin jurnalistlər üçün mətbuat konfransı keçirəcəyi, media mənsublarının suallarını cavablandıracağı da bəyan edilib. Eyni zamanda qeyd olunub ki, missiyanın digər üzvləri iki gün ərzində Bakıya gələcəklər. Elə həmin ayın sonunda Prezident İlham Əliyev ATƏT DTİHB-in prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib. Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda keçirilən növbəti prezident seçkilərini ATƏT DTİHB-in müşahidə missiyası ilə bərabər, bir çox beynəlxalq təşkilatlar, müxtəlif dövlətlərin təmsilçiləri də izləyiblər. Amma maraqlı burasıdır ki, bütün beynəlxalq təşkilatlar, xarici ölkə nümayəndələri Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri haqqında müsbət rəy vermələrinə rəğmən, ATƏT DTİHB tamamilə obyektivlikdən uzaq, daha çox qərəzlə müşayiət olunan hesabat açıqlayıb. ATƏT DTİHB-in seçki ilə bağlı açıqladığı hesabatda "müşahidələrin” yalnız mənfi tona kökləndiyi dərhal sezilir. Ən diqqətçəkən məqam burasıdır ki, ATƏT DTİHB tərəfdən açıqlanan rəy təşkilatın aralıq hesabatından daha sərtdir. Halbuki, qeyd edilən qüsurlar daha çox aralıq hesabat dövrünə aid edilə bilər. Burada maraqlı sual ortaya çıxır. Necə olur ki, aralıq dövrdə açıqlanan hesabatda bu tənqidi məqamlar əksini tapmır, amma seçkidən sonrakı rəydə müşahidəçilərin "aşkar etdikləri çatışmazlıqlar” xüsusi vurğulanır.
Digər tərəfdən, ATƏT DTİHB-in müşahidə missiyasının aralıq hesabatı bir müddət bundan öncə AXCP və Real hərəkatı tərəfindən ciddi tənqid olunub. Radikal müxalifət təmsilçiləri hətta ATƏT DTİHB-in satın alınması barədə absurd iddialar da səsləndiriblər. Prezident seçkilərindən sonra adıçəkilən qurumun mətbuat konfransı keçirərək hesabat açıqlaması və bu zaman jurnalist Xədicə İsmayılın qeyd edilən iddia ilə əlaqədar sual verməsini də bu aspketdən xatırlamağa dəyər. Bütün bunları ümumiləşdirsək, belə nəticə hasil olur ki, ATƏT DTİHB-in müşahidə missiyası Azərbaycandakı radikal müxalifətin, "5-ci kolon” rolunu oynayan şəxslərin xoşuna gəlmək, özlərini "obyektiv” göstərmək üçün belə sərt, qeyri-obyektiv, qərəzli hesabat açıqlayıb. Əlbəttə ki, bu, ilk növbədə ATƏT DTİHB-in öz fəaliyyətini şübhə altına salır, ona bəslənən etimad yox olur. Belə davranış ATƏT DTİHB-in müşahidə missiyası üzvləri arasında da haqlı narazılıq yaradır. Hətta yayılan məlumatlara görə, missiyanın iki üzvü məhz yekun hesabatla razılaşmayaraq, mətbuat konfransından əvvəl Azərbaycanı tərk ediblər. Bu faktın özü də sübut edir ki, ATƏT DTİHB qərəzdən, qeyri obyektivlikdən uzaqlaşa bilmir. Elə buna görədir ki, hətta missiya üzvləri arasında da hesabatla bağlı yekdil fikir formalaşdırmaq mümkün olmayıb.
Alpər TURAN
banner

Oxşar Xəbərlər