• cümə axşamı, 28 mart, 17:57
  • Baku Bakı 16°C

“ATƏT-in toplantısı ərəfəsində “siyasi məhbus siyahısı” ilə şou yaradırlar”

10.09.18 16:37 970
“ATƏT-in toplantısı ərəfəsində “siyasi məhbus siyahısı” ilə şou yaradırlar”
Bloqer Xədicə İsmayılova və özlərini cəmiyyətə "müxalifətçi” kimi sırımağa çalışan bir qrup şəxs bu günlərdə "siyasi məhbus siyahısı”, "siyasi məhbuslar haqqında hesabat” ilə yenidən gündəmə gəlməyə çalışıblar. Əslində sözügedən şəxslər – qrant dəllalları üçün "siyasi məhbus” məsələsi yalnız "alver” predmeti, qazanc mənbəyidir. Çünki, demokratik idarəetmə sisteminə görə dünyanın ən qabaqcıl Avropa ölkəsində belə, "siyasi məhbus” anlayışının kriteriyası müəyyən edilməyib. Lakin Azərbaycandakı bəzi "müxalifətçilər”, sosial şəbəkələrin məşhur "ekspertləri”, "hüquq müdafiəçiləri”, "ictimai fəalları” və "hüquqşünasları” tərəfindən istənilən vaxt kimə gəldi "siyasi məhbus” yarlığı yapışdırılır. Ermənipərəst Leyla Yunus Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında vaxtilə Bakı metropolitenində terror aktı törədən, yüzlərlə dinc sakinin ölümünə səbəb olan cinayətkarın adını özünün uydurduğu "siyasi məhbus siyahısına” saldığı kimi, bunlar da eyni metodla fərqli cinayətkarların əyninə müxtəlif adlarla "siyasi məhbus” libası biçirlər. Belə fəaliyyəti özlərinin həyat tərzinə çevirənlər müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs olunanların ailə üzvlərindən böyük məbləğdə pullar alır, yaxınlarının "siyasi məhbus” kimi cəmiyyətə sırınmasına, guya bu yolla həbsdən azad edilməsinə çalışırlar. Bununla da həm məhbusun ailə üzvlərindən pul qazanır, həm də "siyasi məhbus siyahısı”nı böyüdür, xarici donor təşkilatlarından qrantlar alırlar.
Şübhəsiz, bloqer X.İsmayılovanın yeni "siyasi məhbus siyahısı”, "hesabatı” ilə gündəmə gəlməsi də bu amala xidmət edən növbəti cəhddir. Maraqlı məqam burasıdır ki, X.İsmayılova və əqidədaşları bu dəfə Vəkillər Kollegiyasının iki üzvünü - Əsabəli Mustafayev və Fariz Namazlını "siyahını” hazırlayan "ekspert qrupunun” üzvləri kimi təqdim ediblər. Amma onların yalanının ömrü cəmi bir gün çəkib. Sentyabrın 6-da "siyasi məhbus” siyahısı barədə məlumat yayılandan bir gün sonra Vəkillər Kollegiyası ictimaiyyətə müraciətlə çıxış edib. Müraciətdə bildirilib ki, vəkillər F.Namazlı və Ə.Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət edərək qeyd olunan "İşçi Qrupun” üzvü və "hesabat”ın həmmüəllifləri olmadıqlarını, habelə "hesabatda” onların imzalarının olmadıqlarını vurğulayıblar. Hətta müraciət edərək adlarının da bu barədə məlumatlardan çıxarıldığını bildiriblər.Vəkillər Kollegiyası təəssüf hissi ilə qeyd edib ki, hesabatın müəllifləri Vəkillər Kollegiyasının üzvlərinin adlarını "İşçi Qrupun” üzvləri sırasına daxil etməklə, hesabata mötəbərlik xarakteri verməyə cəhd ediblər. Eyni zamanda kollegiyanın üzvlərinin adından spekulyativ məqsədlə istifadə etməklə, ictimaiyyəti və beynəlxalq təşkilatları çaşdırmağa çalışıblar. Vəkillər Kollegiyası adıçəkilən "hesabat” müəlliflərinə qəti etiraz etməklə, bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırıb.
Göründüyü kimi, bloqer X.İsmayılova və dostları gündəmə gəlmək, Azərbaycanı sevməyən xarici donor təşkilatlardan qrant almaq, bundan istifadə edib ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün yalan məlumat yayıblar. Onlar müxtəlif üsullara əl ataraq "siyahı”ya hüquqi dəyər qazandırmağa cəhdlər ediblər. Amma Vəkillər Kollegiyasının etiraz bəyanatı, həmçinin adları çəkilən vəkillərin etirazları X.İsmayılova və "komandası”nı növbəti dəfə ifşa edib. Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən hüquq müdafiəçisi Sahib Məmmədovdeyib ki, müxtəlif hadisələr, o cümlədən mühüm tədbirlər ərəfəsində "siyasi məhbus” məsələsi, yaxud "siyasi məhbus siyahıları” dövriyyəyə buraxılır, yenidən "tərtib olunur”, "çeşidlənir”. Onun sözlərinə görə, əslində bu "siyahılara” məlum adamların adları salınaraq bundan istifadə olunur: "Dünən Varşavada toplantı olub. 90-dan artıq qeyri-hökumət təşkilatı o toplantıya qatılıb. Bəhs edilən "siyasi məhbus siyahısı” hazırlayanları həmin toplantıda Emin Hüseynov təmsil edir. Eyni zamanda bu gün Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun illik toplantısı başlayıb. Toplantı təxminən iki həftə davam edəcək. Belə bir toplantı ərəfəsində "siyasi məhbus siyahısı” ilə növbəti şou yaradıblar. Bu şounu təşkil edənlərin "siyahısı” bir qədər "kasıblayıb”. Onların siyahısını "bəzəkli edən” İlqar Məmmədov artıq azad olunub. Bu səbəbdən "siyahı” hazırlayanlar "siyasi məhbus” məsələsi ilə diqqəti cəlb etmək, bu məsələni bir qədər şişirtmək istəyirlər”.
Hüquq müdafiəçisi S.Məmmədov deyib ki, bu addımın arxasında konkret məqsədlər var. Onun fikrincə, belə yolla həmin şəxslər özlərinə yeni məbləğlər, böyük pullar cəlb etmək istəyirlər. Digər tərəfdən, bu məsələ antiazərbaycan qüvvələr üçün hər zaman təzyiq alətidir: "İşğalçı Ermənistanda siyasi məhbus sayı 200 nəfərdən çoxdur. Nikol Paşinyan hökuməti Robert Koçaryan və Serj Sarkisyan hakimiyyəti dövründə müxtəlif vəzifələrdə çalışan çoxsaylı ermənini həbs edib. Paşinyan özündən əvvəlki hakimiyyətin komanda üzvlərinə qarşı siyasi təqiblərə başlayıb, onları zərərsizləşdirmək üçün həbs edib. Amma bunlar barədə heç kim danışmaq istəmir. Ermənistanda həbs olunanlar barədə siyahı tutan, onların "qayğısına qalan” heç kim yoxdur. Niyə? Cavab sadədir. Çünki, onlara belə bir sifariş verən yoxdur. Əgər xaricdən sifariş olsa Ermənistanda da siyasi məhbus siyahları tutulacaq, kimlərinsə təqib olunduğu ictimailəşdiriləcək. ATƏT üzvü olan digər ölkələrə də nəzər salmaq olar. Gürcüstanda çox sayda siyasi məhbuslar, vaxtilə müxtəlif vəzifələrdə çalışan, hazırda isə axtarışda olan şəxslər var. Beynəlxalq təşkilatlar üçün nədənsə Ermənistan kimi Gürcüstan da aktual deyil, maraq kəsb etmir. Lakin beynəlxalq təşkilatlar adı altında Azərbaycana düşmənçilik münasibəti bəsləyən, yaxud ölkəmizə təzyiq göstərmək niyyətində olan qüvvələr üçün "siyasi məhbus siyahısı” hər zaman aktualdır. Ona görə də belə "siyahıların” hazırlanması üçün böyük məbləğdə pul ayrılır. Bu pulu əldə etmək üçün də Azərbaycan daxilində bəzi şəxslər arasında "boğuşma” başlayır”.
S.Məmmədov deyib ki, "siyasi məhbus siyahısı” tərtib edənlərin şəbəkəsi genişdir. Onun sözlərinə görə, "tərtibçilər”in bir qisminin adları müəyyən səbəblərə görə "İşçi Qrupu”nun üzvləri siyahısında olmur: "Anti-Azərbaycan şəbəkənin icazəsi ilə bəzi şəxslər prosesdə iştirak edir, amma adlarının çəkilməsini istəmirlər. Ona görə də "İşçi Qrupu”nun üzvləri siyahısında biz onların adlarını bəzən görmürük. Amma onlar "siyasi məhbus siyahısı”nın hazırlanması prosesində yaxından iştirak edirlər. Bu şəxslər lazımi məlumatları toplayır, saxtakarlığa əl atır, faktları təhrif edib ona yalan donu geyindirir, təkliflər verirlər. Bu, anti-Azərbaycan şəbəkənin bir siyasətidir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər