AZE | RUS | ENG |

ATƏT-in seçki hesabatı ölkəmizə təzyiq vasitəsidir

ATƏT-in seçki hesabatı ölkəmizə təzyiq vasitəsidir
Qabil Hüseynli: «Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu seçkilərdə ciddi rəqib olacaq namizəd görmürəm»

Prezident seçkilərinə sayılı günlər qalır. Oktyabrın 7-si axşam namizədlərin təbliğat-təşviqat aparmasına da son qoyulacaq. Beləliklə prezident seçkilərinin növbəti mərhələsi də arxada qalacaq. Oktyabrın 9-da isə Azərbaycan xalqı növbəti beşillik üçün öz prezidentini seçəcək. Məhz belə bir ərəfədə politoloq Qabil Hüseynli ilə görüşüb ölkəmizdəki ictimai-siyasi vəziyyət, namizədlərin seçkiqabağı təbliğatı, beynəlxalq təşkilatların seçki prosesinə reaksiyası və digər məsələlərlə bağlı onun fikirlərini öyrəndik.

- Azərbaycanda prezident seçkilərinə 5 gün qalıb. Hazırda namizədlərin təbliğat-təşviqat kampaniyası aparılır. İstərdim müsahibəyə seçkilərə hazırlığın bu günə qədər olan vəziyyəti barədə münasibətinizi öyrənməklə başlayaq.
- Seçkiqabağı mühit normal, sağlam görünür. Seçkiqabağı namizədlərin təbliğat və təşviqat kampaniyaları üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi şərait yaradılıb. Onlara pulsuz efir vaxtı verilib, üstəlik ödənişli efir vaxtı da verilir. Bundan başqa, qəzetlərdə və digər elektron vasitələrdə namizədlərin özlərini pulsuz reklam etmək imkanı var. Namizədlərin kütləvi tədbirlər keçirməsinə də eyni cür loyal yanaşılır. Yəni, istənilən rayonda, istənilən yerdə, əlbəttə xəbərdarlıq etməklə, mitinqlər keçirilə bilər. Məsələn, müxalifətin nümayəndəsi Bakı şəhərinin mərkəzində bir neçə dəfə, eləcə də regionlarda mitinqlər keçirib. Digər namizədlər də onun kimi. Demək istəyirəm ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyası üçün lazımi şərait yaradılıb. Seçkiqabağı dövrdə elə bir ciddi pozuntu halları olmayıb. Bütövlükdə seçkiqabağı kampaniya Seçki Məcəlləsinə uyğun şəkildə davam etməkdədir. Hər halda Azərbaycanda seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasının kifayət qədər təcrübəsi var. Həmin qurum bu təcrübədən istifadə edərək, proseslərə uğurla rəhbərlik edir.

- Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. Seçkiqabağı situasiya və seçki kampaniyası barədə hesabatda əks olunan fikirləri necə qiymətləndirirsiniz?
- ATƏT-in seçki məsələlərinə aid nəzarət edən qurumu çalışır ki, hər şey Avropa standartları səviyyəsində olsun. Yəni, bir növ Avropa demokratiyasının kuralları və qaydaları Azərbaycanda da həyata keçirilsin. Amma unudulur ki, Azərbaycan totalitar dövlətin, SSRİ-nin qınından sıyrılıb çıxmış ölkədir. Ölkəmiz keçid dövrünün problemlərinin hamısını başa vurmayıb. Azərbaycan tədricən demokratiyanın daha yüksək mərhələsinə doğru addımlamaqdadır. Digər tərəfdən, mən hesab edirəm ki, hesabatda söylənilənlər ölkəmizə təzyiq vasitəsidir. Çünki onlar bir şeydə səhvə yol verirlər. Məsələn, Almaniyadakı demokratiyanın inkişaf səviyyəsinə uyğun demokratiyanın Azərbaycanda da olmasını tələb edirlər. Halbuki Almaniya demokratiyanın bu cür səviyyəsinə ən azı 100 il ərzində nail ola bilib. Biz isə cəmi 20-22 ildir bu yolla gedirik. Ona görə də onlar birdən-birə Avropa standartlarını, Avropa siyasi mühitini bizdən tələb etməkdə, məncə ciddi surətdə yanılırlar.

- Sizcə, Azərbaycan müxalifətinin, o cümlədən Milli Şuranın prezident seçkilərinə hazırlığı lazımi səviyyədədirmi?
- Azərbaycanda müxalifətin vahidlik imkanları zəifdir. Hələlik müxalifət lazımi şəraitə malik olmadığından onların elektoral bazası zəifdir. Eyni zamanda seçki prosesində də tam uğurla iştirak edə bilmirlər. Məsələn, tutaq ki, mitinq keçirmək lazımdır. Bunun üçün tribuna, təşviqat plakatları, eləcə də adamların müəyyən hissəsinin uzaq məsafədən mitinqə gəlməsi üçün pul ayırmaq lazımdır. Bunları müxalifət təşkil edə bilmir.

- Vəsaitdən söz düşmüşkən, xatırlayırsınızsa, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədinin seçki kampaniyası maliyyələşdirilsin deyə, “1 manat aksiyası” elan etmişdi. Sizcə, üzvlərinin on minlərlə olduğu söylənilən müxalifət partiyalarının bu kampaniyanı uğurla həyata keçirə bilməməsinə səbəb nədir?
- Həmin kampaniya çərçivəsində 5-6 min manat pul yığılmışdı. Bu barədə müxalifət təmsilçiləri özləri də məlumat verdilər. Həmin pulun da hardasa 3 min manatını Rüstəm İbrahimbəyov özü vermişdi. Məndə olan məlumata görə, kampaniya çərçivəsində xalqdan çox az miqdarda pul daxil olub. Bunun hamısı təkcə xalqın müxalifətə mənfi münasibəti ilə ölçülmür, sadəcə olaraq bu işi müxalifətin özü yaxşı təşkil edə bilməyib. Onlar gözləyirlər ki, camaat gətirib onlara bir manat verə-verə Milli Şuranın vahid namizədi üçün böyük vəsait toplayacaq. Yəni, müxalifət bu işi təşkil etməyi bacarmadı. Ona görə də Rüstəm İbrahimbəyovun “1 manat kampaniyası” uğursuzluğa düçar oldu.

- Sentyabrın 22-də və 28-də Milli Şuranın keçirdiyi görüş-mitinqə on minlərlə deyil, cəmi 2 minə yaxın adamın qatılması, bu icazəli aksiyanın geniş xalq kütlələri tərəfindən dəstəklənməməsi nə ilə əlaqədardır?
- Adamlar bir şeyin arxasınca gedərkən onlara ciddi surətdə inanmalıdırlar. Ortada bir inamsızlıq amili var. Bu inamsızlıq amili də adamların mitinqlərə, kütləvi tədbirlərə gəlməsinə mane olur. Digər tərəfdən, yenə də müxalifətin təşkilatçılıq səviyyəsinin aşağı olduğunu qeyd etmək məcburiyyətindəyəm. Çünki mitinqin özünə də adamın cəlb edilməsi üçün müəyyən işlər aparılmalıdır. Bundan başqa, Milli Şuraya daxil olan partiyalardan soruşanda Lalə Şövkət deyəcək ki, mənim 100 min nəfərə qədər tərəfdarım var. Soruşsanız, eyni sözü Rəsul Quliyevin partiyasından da deyəcək və 50 min üzvlərinin olduğunu bildirəcəklər. Başqa partiyalar da hamısı eyni sözü deyir, tərəfdarlarının sayının 10 minlərlə olduğunu bildirirlər. Üst-üstə toplayanda 200-250 min adam alınır. Deməli, məntiqlə həmin partiyalar təkcə üzvlərini kütləvi tədbirlərə cəlb etsələr, çox böyük elektoral bazanı hərəkətə gətirməli olarlar. Lakin sonradan bəlli olur ki, bu partiyalardan heç kimin, nəinki 100 min, heç 10 min də üzvü yoxdur. Üzvlük haqqında deyilənlər daha çox “blef”ə bənzəyir. Bu partiyaların içərisində yalnız bir-ikisinin müəyyən elektoral bazası var. Yerdə qalanların bir özüdü, bir də yanında beş-üç nəfər. Bundan başqa onların yanında başqa heç kimi yoxdur.

- Görüş-mitinqlərdə iftira, böhtan xarakterli çıxışlarla yanaşı, üzərində təhqirlər əks olunan şüarların nümayiş etdirilməsinə necə baxırsınız?
- Mitinqlərdə təhqiramiz ifadələrin işlədilməsini qətiyyən yol verilməz hesab edirəm. Belə adamları da “provakator” adlandırıram. Məsələn, Cəmil Həsənli elə adamlara çıxış verməklə, əslində özünün təbliğat kampaniyasına ciddi surətdə zərbə vurur. Bu məsələnin bir tərəfi. İkincisi isə, hər dəfə eyni simaların tribunada görünməsi, çıxış etməsi də mitinq taktikası baxımından düzgün deyil. Hər mitinqdə simalar dəyişilməli, yeni söz deyilməli, platformalar diqqətə çatdırılmalıdır. Yəni, adamlar ona görə ora gəlir ki, mitinqdə təzə söz eşitsinlər. Əgər köhnə sözü yenə də təkrar eşidirsə, həmin adam növbəti dəfə oraya gəlməyəcək. Deməli, müxalifətin mitinq taktikası da düzgün deyil. Mitinqlərdə təhqiramiz plakatların qaldırılması isə nəinki yol verilməzdir, həm də qanuna ziddir. Heç kəs bunun tərəfdarı ola bilməz.

- Yəqin ki, prezidentliyə namizədlərin İctimai Televiziyanın efirindəki tele-debatlarını da izləyirsiniz. Onların, xüsusən də müxalifətdən olan namizədlərin xalq qarşısında özlərini aparmasına, səsləndirdikləri fikirlərə münasibətiniz necədir?
- İnsan özünü prezidentliyə namizəd kimi təqdim edib və qeydiyyatdan da keçib. Amma ağzından şorba tökülür, danışa bilmir. Ölkənin problemlərini səsləndirməyi bacarmır, bu problemlərin həlli yollarını göstərə bilmir. Bəziləri isə tamamilə əxlaqi cəhətdən çox aşağı olan adamlardı. Onlar efirdən təhqiramiz ifadələr işlədirlər. Bunu da milyonlarla tamaşaçı dinləyir. Bu, təkcə həmin adamın səviyyəsizlik məsələsi deyil, həm də tamaşaçıya hörmətsizlikdir. Mən ümumiyyətlə, budəfəki prezidentliyə namizədlər içərisində çox az sayda intellektual, Azərbaycanın problemlərini təhlil edə bilən və ona uyğun konseptual platforma ortaya qoyan adamlara rast gəldim. Seçki debatları daha çox dedi-qodu, bir-birinə qarşı işlədilən kobud ifadələrlə müşayiət olunur.

- Hazırda prezidentliyə namizədlər 10 nəfərdir. Onlar arasında Prezident İlham Əliyevə ciddi rəqib olacaq şəxs varmı?
- Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu seçkilərdə ciddi rəqib olacaq namizəd görmürəm. Bunu tele-debatlar da göstərdi, sosioloji rəy sorğuları da. Əhali arasında Prezident İlham Əliyevə böyük inam var. Mən tələbə-müəllim kontingenti, sadə insanlar ilə daim təmasdayam. Onların əhval-ruhiyyəsinə az-çox bələdəm. Onların da rəyini nəzərə alaraq deyə bilərəm ki, İlham Əliyevə alternativ yoxdur.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779