• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

ATƏT-in qərəzli mövqeyi reallığa uyğun deyil

12.10.13 09:07 1250
ATƏT-in qərəzli mövqeyi reallığa uyğun deyil
Sürətli iqtisadi inkişaf tempi nümayiş etdirən ölkəmiz son illər bir sıra əhəmiyyətli hadisələrlə dünyanın nəzərini özünə cəlb edə bilmişdir. 2012-ci ildə keçirilmiş «Avroviziya» yarışması, BMT-nin Təhlükəsizlik Şurasına üzvlük, kosmik dövlətlər klubuna daxil olma, 2015-ci ildə keçiriləcək ilk Avropa olimpiya oyunlarına ev sahibliyi və s. kimi əhəmiyyətli məqamlar Azərbaycanın dünya üçün maraqlı bir ölkəyə çevrilməsinə səbəb olmuşdur. Belə bir şəraitdə ölkəmizdə baş verən mühüm hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilməsi əslində heç də təəccüblü deyil.
Lakin bu diqqət hər dəfə səmimi və obyektiv xarakter daşımır. Ölkəmizin inkişafından məmnun olanlarla yanaşı, bundan narahat olanlar, hürkənlər də az deyil. Bu mənada deyə bilər ki, beynəlxalq diqqətin artması heç də həmişə ölkə, cəmiyyət üçün xeyirli deyildir.
Lakin artıq oturuşmuş və möhkəm təməllər üzərində qurulmuş dövlətçilik ənənəlinə malik olan ölkəmiz nəinki antiAzərbaycan qüvvələrinin qarşısında dayanmaq, hətta onları zərərsizləşdirmək qüdrətinə sahibdir.
Məhz 9 oktyabr prezident seçkiləri də regionun aparıcı dövləti kimi Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirən hadisələrdən biri oldu.
Dünyanın bir sıra aparıcı ölkələrindən, qeyri-hökumət təşkilatlarından prezident seçkilərini müşahidə etmək məqsədilə geniş nümayəndə heyətləri ölkəyə təşrif buyurmuşdu.
Onlar uzunmüddətli və qısamüddətli müşahidə missiyaları şəklində fəaliyyət göstərirdilər. Həmin təşkilatlar həm seçkiqabağı prosesdə, həm də səsvermə günü öz müşahidələrini aparmaq imkanına malik idilər və bu imkandan da maksimum istifadə etdilər.
Apardıqları müşahidələrin nəticəsi olaraq seçki prosesini qiymətləndirən əksər xarici müşahidəçi qrupları seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyini, ciddi qanun pozuntularına yol verilmədiyini bəyan etdilər. Həmçinin xarici müşahidəçilər bu ilki seçkilərin demokratiya yolunda irəliyə doğru atılmış ciddi addım olduğunu da öz hesabatlarında və bəyanatlarında vurğuladılar. Bu məzmunda bəyanatların müəllifləri qismində Avropa Şurası, Avropa Parlamenti, MDB, QİDƏT və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa və Amerikada yerləşən bir sıra nüfuzlu beynəlxalq QHT-lər çıxış etdilər.
Lakin ölkəmizlə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malik olan ATƏT DTİHB öz ənənəvi qərəzli mövqeyindən əl çəkməyərək seçkilərlə bağlı subyektiv və əvvəlcədən planlaşdırılmış mövqe ortaya qoydu. Təşkilat apardığı müşahidələrin əsasında deyil, maraqlı xarici qüvvələrin tapşırmış olduğu mövqedən çıxış edərək seçkilərin guya standartlara cavab vermədiyini və prosesdə qanun pozuntularının olduğunu bəyan etdi.
Qeyd edək ki, ümumiyyətlə, DTİHB-nin bu cür mövqe tutacağı hələ əvvəlcədən bəlli idi. Çünki seçki kampaniyası dövrünün əvvəlindən təşkilat iki aralıq hesabat yayaraq normal bir axarda gedən seçkiqabağı proses barəsində mənfi rəy yaratmağa çalışırdı. Təşkilatın qərəzi o qədər açıq-aşkar idi ki, hətta Avropada yerləşən digər bir nüfuzlu QHT olan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ASKTM) öz təhlilində DTİHB-nin yanaşmasını tənqid etmişdi.
Yaydığı aralıq hesabatla Azərbaycanın qeyri-demokratik imicini yaratmağa cəhd göstərən ATƏT/DTİHB-in yanaşması Avropada fəaliyyət göstərən digər bir analoji araşdırm mərkəzi -ASKTM tərəfindən qəti şəkildə ifşa olunmuşdu.
Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, ATƏT/DTİHB-in seçki sonrası verdiyi bəyanatda tutduğu mövqe əvvəlcədən gözlənilən idi. Deməli, təşkilat onun qarşısında qoyulmuş olan konkret vəzifənin icrası ilə məşğul olub. Ölkədə keçirilmiş seçkilərin şəffaf və ya qeyri-şəffaf keçirilməsi onun üçün heç də əhəmiyyətli olmayıb. Çünki bir daha qeyd etmək lazımdır ki, ATƏT/DTİHB öz hərəkətləri ilə bəzi xarici antiAzərbaycan qüvvələrin sifarişini yerinə yetirdiyini təsdiqləyir.
Əgər belə olmasaydı təşkilat seçki prosesinin şəffaflığına, xalqın seçiminə hörmətlə yanaşar və obyektiv mövqedən çıxış edərdi.
ATƏT/DTİHB-in qərəzli olduğunu digər məqamlar da təsdiqləyir. Belə ki, Avropa Şurası, Avropa Parlamenti kimi dövlətlərarası beynəlxalq təşkilatların, Avropada və Amerikada yerləşən bir sıra beynəlxalq QHT-lərin keçirilmiş seçkilərin demokratikliyi və irəliyə atılmış addım olması ilə bağlı bəyanatlar verdikləri halda, ATƏT/DTİHB-in bunun əksini iddia etməsi ən azından təəccüb doğurur.
Ümumilikdə isə bu və ya digər beynəlxalq təşkilatın verdiyi qərəzli bəyanatlar Azərbaycanı tutduğu doğru yoldan döndərə bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan artıq qüdrətli bir dövlətdir. Azərbaycan xalqı öz suveren seçimini edib və layiq bildiyi namizədi prezident kürsüsünə seçib. İndən belə, istər ATƏT/DTİHB-in, istərsə də digər hansısa antiAzərbaycan qüvvənin havasına oynayan başqa bir təşkilatın bəyanatı xalqın iradəsinə kölgə salmaq qüdrətində deyil.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər