• şənbə, 20 Aprel, 09:06
  • Baku Bakı 14°C

ATƏT-in hesabatı Azərbaycan reallığını əks etdirmir

21.09.13 08:47 1358
ATƏT-in hesabatı Azərbaycan reallığını əks etdirmir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı sentyabrın 17-də 1 nömrəli aralıq hesabatını yayıb. Sənəddə seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Belə ki, prezident seçkilərində qadın namizədin olmaması, seçki komissiyalarının təşkili formulası hesabatda qüsur kimi göstərilib. Bununla yanaşı, sənəddə bildirilib ki, guya, 2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsi (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmayıb, bütün televiziya kanalları hökumətin nəzarəti altındadır.
Qeyd olunanlarla bağlı “Kaspi”yə fikrini bildirən QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatında subyektiv fikirlərə yer verildiyini diqqətə çatdırıb. Deyib ki, hesabatda həqiqətdən, reallıqdan uzaq “faktlar” gündəmə gətirilib: “Bu sənəd reallığı əks etdirmir. Elə onların ən birinci qeyd etdikləri qadınların prezident seçkilərində namizəd kimi iştirak etməməsi məsələsi və bunun günahının mövcud iqtidarda axtarılması qərəzin göstəricisidir. Çünki istər yerli özünüidarəetmə orqanlarında, istərsə də parlamentdə təmsil olunan kifayət qədər qadınlar var. İstər bələdiyyə, istərsə də parlament seçkili orqandır. Əgər qadınların namizəd kimi seçkidə iştirakına hər hansı maneə varsa, o zaman bələdiyyə üzvü, millət vəkili olan qadınlar necə bu hüququ əldə ediblər? Bununla yanaşı, hazırda nazir müavini, icra başçısı müavini, komitə sədri olan xanımlarımız da var. Bu kimi faktlar hesabatın nə dərəcədə reallığı əks etdirdiyini sübut edir. Digər tərəfdən, seçkidə qadının namizəd kimi iştirak edib-etməməsi kimlərinsə iradəsindən deyil, bilavasitə həmin adamın, həmçinin təmsil olunduğu təşkilatın özündən asılıdır”.
Seçkiöncəsi Azərbaycanda demokratik vəziyyətə toxunan R.Qonaqov prezident seçkilərində bütün namizədlərə bərabər imkanlar yaradıldığını vurğulayıb: “Prezidentliyə 21 nəfər iddialı idi. Onlar arasından yalnız 10 nəfərin təqdim etdiyi imzalar etibarlı sayıldı və namizədlikləri qeydə alındı. Azərbaycan kimi kiçik ölkədə bu sayda namizədin prezident seçkilərində iştirak etməsi böyük göstəricidir. Namizədlərin hər birinə eyni şərait yaradılıb. Onlara televiziya və radioda debatlarda heç bir vəsait ödəmədən çıxış etmək imkanı tanınıb, hətta rəsmi dövlət qəzetində pulsuz reklam, təbliğat-təşviqat aparmaq şəraiti yaradılıb. Belə olan halda, hansı qeyri-demokratik şəraitdən söhbət gedə bilər? Demokratik mühit yoxdursa, müxtəlif fikir və ideya sahibi olan partiyaların sədrləri necə namizəd olublar? Sadəcə, onların siyasi gücü, qabiliyyətləri yoxdursa, vahid mövqedən çıxış edə bilmirlərsə, bu, onların öz günahıdır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçiləri ilə bir neçə dəfə görüşdüyünü dilə gətirib. Qeyd edib ki, bu görüşlərdə, müzakirələrdə real hadisələri əks etdirən faktlar qarşı tərəfin diqqətinə çatdırılıb: “Hazırda da adıçəkilən təşkilatın son hesabatında irəli sürülən fikirlərlə biz razı deyilik. Konkret olaraq, qadın namizədlərin seçkidə iştirakı ilə əlaqədar hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Əgər hansısa qadın seçkilərdə öz namizədliyini vermirsə, bunun günahını başqasında axtarmaq yolverilməzdir. Digər tərəfdən, hesabatda göstərilib ki, guya QHT-lərin müşahidə missiyasına maneəçilik törədilir. Mən hesabat nümayəndələrinə sual verəndə ki, hansı QHT-yə qarşı belə hərəkət edilib, onlar Azərbaycana qarşı hər zaman qərəzli mövqe sərgiləyən, rəsmi qeydiyyatı olmayan bir üçüncü sektor təmsilçisinin adını çəkdilər. Hesabatı hazırlayanlar daimi olaraq məhz həmin QHT ilə işləyir, yalnız ondan informasiyalar qəbul edirlər. Yəni alternativ informasiya resurslarına çıxmadan, faktların dəqiqliyini yoxlamadan, cəmi bir QHT-nin təqdim etdiyi məlumatlar əsasında subyektiv düşüncəyə söykənən sənəd hazırlayıblar. Əlbəttə ki, bu, qəbuledilən deyil. Hesabatda qeyd olunanlar Azərbaycan reallığını əks etdirmir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər