• cümə axşamı, 28 mart, 22:33
  • Baku Bakı 13°C

ATƏT-in büro direktoru seçki məntəqələrində müşahidə aparıb

09.10.13 10:24 1212
ATƏT-in büro direktoru seçki məntəqələrində müşahidə aparıb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiç Bakı şəhərindəki bir sıra seçki məntəqələrində müşahidə aparıb. APA-nın xəbərinə görə, Y. Lenarçiç bildirib ki, ATƏT DTİHB-nin 300-dən çox müşahidəçisi səsvermənin monitorinqini həyata keçirir. O qeyd edib ki, hələlik aparılan müşahidənin nəticələri barədə şərh vermək tezdir və qurumun bütün müşahidəçiləri öz hesabatlarını təqdim etdikdən sonra missiya öz qiymətləndirməsini elan edəcək: “Bizi ümumi mənzərə maraqlandırır. Bu, mozaika kimidir, biz hələlik onu ayrı-ayrı hissələrini görürük. Hər hansı müşahidəçinin məntəqədə gördükləri mozaikanın yalnız bir hissəsidir”.
Y. Lenarçiç seçkilərlə bağlı ilkin rəylərini oktyabrın 10-da açıqlayacaqlarını, iki ay sonra isə yekun hesabat təqdim edəcəklərini bəyan edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərmiş uzunmüddətli missiya seçki kampaniyasının ayrı-ayrı mərhələləri – kampaniyanın KİV-də işıqlandırılmasını, MSK-nın və ümumən seçki administrasiyasının fəaliyyətini, namizədlərin apardığı kampaniyanı müşahidə edib. Bu gün müşahidəçilər səsvermənin gedişini və məntəqələr bağlandıqdan sonra səslərin sayılması prosesini də izləyəcəklər. Y. Lenarçiç müşahidəçilərin bir qisminin seçkidən sonrakı vəziyyəti, şikayətlərə baxılması prosesini və digər məsələləri izləmək üçün daha bir neçə gün Azərbaycanda qalacaqlarını söyləyib.
Xatırladaq ki, Azərbaycan tərəfinin rəsmi dəvəti ilə ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərilməsi haqqında qərar qəbul edib. Bu, ATƏT DTİHB-nin Azərbaycanda müşahidə etdiyi 9-cu seçkidir. Tana de Zuluetanın rəhbərliyi ilə uzunmüddətli müşahidəçilər avqustun 29-dan Azərbaycanda fəaliyyətə başlayıb. Qrupa 30 müşahidəçi və 12 ekspert daxil olub. Ötən həftənin sonunda Azərbaycana 280 nəfər qısamüddətli müşahidəçi də gəlib.
banner

Oxşar Xəbərlər