AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ATƏT-in Baş katibi Tomas Qreminqerin səlahiyyət müddəti uzadılmayıb

ATƏT-in Baş katibi Tomas Qreminqerin səlahiyyət müddəti uzadılmayıb

Təfsilat
12 İyul 2020, 11:00 234
ATƏT-in Baş katibi Tomas Qreminqerin səlahiyyət müddəti uzadılmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İsveçrə mətbuatı yayıb.
İsveçrə Teleradiosunun (SRF) yaydığı məlumata görə, Vyanada keçirilən iclasda təşkilata üzv olan 57 dövlətin nümayəndələri isveçrəli diplomatın səlahiyyət müddətinin uzadılması barədə konsensusa gələ bilməyiblər. Əslində Baş katib və digər təsisat rəhbərlərinin səlahiyyət müddətinin uzadılması gözlənilsə də, iclasda Fransa, Kanada, Norveç və İslandiyanın təmsilçiləri Tomas Qreminqerin növbəti müddətə bu vəzifəni icra etməsinə qarşı çıxıblar.
ATƏT katibliyi iyulun 11-də İsveçrənin SDA agentliyinin bu barədə sorğusunu da təsdiqləyib. Bununla da T.Qreminqerin səlahiyyətləri iyulun 18-də başa çatmalıdır. O, bu vəzifəni 2017-ci ilin iyul ayından icra edirdi.
Qeyd edilməlidir ki, hazırda ATƏT-ə sədrlik edən Albaniya üzv ölkələri dörd vəzifə üçün (ATƏT-in Baş katibi, Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin rəhbəri, ATƏT-in media azadlığı üzrə nümayəndəsi və Milli azlıqlar üzrə xüsusi nümayəndə) namizədlərin təklifi prosesinə start verilməsi barədə məlumatlandırıb.