• çərşənbə, 24 Aprel, 23:02
  • Baku Bakı 23°C

ATƏT-in Bakı ofisinin yeni statusu ilə bağlı Memorandum imzalanacaq

29.10.13 16:34 1087
ATƏT-in Bakı ofisinin yeni statusu ilə bağlı Memorandum imzalanacaq
ATƏT katibliyi təşkilatın Bakı ofisinin yeni statusda – layihə koordinatoru kimi fəaliyyət göstərməsinin detalları barədə Azərbaycan hakimiyyəti ilə məsləhətləşmə aparır. Məsləhətləşmələrin yekununda qarşılıqlı anlaşma Memorandumunun imzalanması planlaşdırılır. Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Sənədin ilin sonuna qədər imzalanması gözlənilir.
Mətbuat xidmətindən bildirilib ki, ATƏT Daimi Şurasının daha əvvəl qəbul etdiyi qərara əsasən Bakı ofisi yeni statusda – layihə koordinatoru qismində aşağıdakı vəzifələri yerinə yetirəcək: ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığa dəstək verilməsi; ATƏT-in təhlükəsizlik konsepsiyasının bütün istiqamətləri üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi; Azərbaycan hökuməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələrin təmin edilməsi.
ATƏT-in Azərbaycan üzrə layihə koordinatorluğuna koordinator rəhbərlik edəcək və o, digər əməkdaşlarla birlikdə Bakıda fəaliyyət göstərəcək.
Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycan ATƏT-ə müraciət edərək Bakıdakı ofisin statusunun layihə koordinatoru səviyyəsinə endirilməsini istəyib. İyulun əvvəlində ATƏT Daimi Şurası bu barədə müvafiq qərar qəbul edib. 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə koordinatoru kimi fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər