• cümə, 29 Mart, 00:53
  • Baku Bakı 7°C

ATƏT Ermənistandakı ofisini bağlayır

06.05.17 09:30 983
ATƏT Ermənistandakı ofisini bağlayır
Rəsmi Yerevan qondarma seçkilər keçirməklə, eləcə də, işğalçı siyasət yeritməklə ümid edirdi ki, hər dəfə olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət onun bu hərəkətinə hər hansı təpgi göstərməyəcək. Lakin son hadisələr göstərir ki, heç də belə deyil. Birləşmiş Ştatların ardınca, ATƏT də bu ölkə ilə bağlı sərt qərar qəbul etməyə hazırlaşır. ATƏT Baş katibinin ofisindən daxil olan məlumata görə, təşkilatın Yerevan ofisinin bağlanması planlaşdırılır. ATƏT-in mərkəzi mənzil-qərargahından mənbəyə verilmiş cavabda deyilir: "Almaniyanın sədrliyi dövründə 2016-cı ildə ATƏT-in Yerevan ofisinin bağlanması ilə bağlı dalana dirənmiş vəziyyətin həlli ilə bağlı səyləri izləyərək, Avstriyanın sədrliyi də bütün müvafiq tərəflərlə məsləhətləşmələrlə məşğuldur. Bildiyiniz kimi, aprelin 21-22-də Avstriyanın keçmiş prezidenti Haynts Fişer Yerevanda olub, vəziyyətdən çıxış yollarını öyrənib. Bu səfərdən sonra daha bir güzəşt mətni ümid etməyə əsas verirdi ki, bütün açıq problemlər həll edilə bilər. Lakin çoxsaylı görüşlər və qeyri-rəsmi müşavirələr, iştirakçı ölkələrin səyləri heç bir nəticə vermədi. Sədrlik hazırda Baş katibliyə müraciət edib ki, yaranmış status-kvo ilə əlaqədar bütün təfərrüatları nəzərə alsın. Cənubi Qafqazda təhlükəsizliyin bütün istiqamətləri üzrə dəstəyi və əməkdaşlığı davam etdirmək üçün ATƏT-in iştirakının bütün alternativ variantları öyrəniləcək”.
Ermənistan tərəfi bununla bağlı rəsmi Bakını ittiham etməyə çalışıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bildirib ki, Azərbaycan bununla bağlı destruktiv fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrafilov isə "Trend”ə müsahibəsində bildirib ki, erməni tərəfinin belə bir açıqlama verməsinə əsas yoxdur. "Bildiyiniz kimi, ATƏT Azərbaycan və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk Qrupu məşğul olduğu üçün əldə olunan anlaşma ondan ibarət idi ki ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar”, - deyə o bildirib.
Diplomat əlavə edib ki, "ATƏT-in Yerevan ofisinin birdən-birə minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoydu. Yeri gəlmişkən, bu gün Ermənistanın ATƏT yanında nümayəndəliyi təsdiq etdi ki, artıq sabiq Yerevan ofisi bu razılaşma ilə məhdudlaşmırdı. Azərbaycan tərəfindən bu fəaliyyət xüsusilə mahiyyət və coğrafi məhdudiyyət baxımdan onun miqyasına görə sual altına qoyuldu. Biz məxsusi olaraq Ermənistanda belə layihəyə ehtiyac məsələsi barədə sorğu-suallar qaldırdıq. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb. Biz davamlı şəkildə öz narahatlığımızı ifadə etmişdik ki, ofisin minalardan təmizləmə fəaliyyəti Ermənistanın müvafiq qurumlarının imkan və qabiliyyətlərini artıracaq və bunlar da asanlıqla Azərbaycanın işğal olunmuş ərazilərində istifadə oluna bilər”.
Onun sözlərinə görə, Ermənistanın mediasının, eləcə də ATƏT-in Yerevan ofisinin məlumatı təsdiq edir ki, Ofisin minalardan təmizləmə üzrə fəaliyyəti birbaşa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır və ofisdən yardım alan tərəflərin fəaliyyətinin coğrafi dairəsi Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir: "Beləliklə, Ermənistan tərəfi ATƏT-in Yerevan ofisinin mandatının qeyri-müəyyənliyindən sui-istifadə edirdi. Vəziyyəti düzəltmək və ofisin mandatının uzadılmasının yeganə yolu qeyri-müəyyənliyə son qoymaq və mandata aydınlıq gətirməkdən ibarət idi. Bir neçə məsləhətləşmələrdən sonra Azərbaycan tərəfi prinsip etibarilə qərar layihəsində Avstriyanın sədrliyi tərəfindən irəli sürülən mandatın aydınlaşdırılmasına dair məqamları dəstəklədi. Qəbul olunduğu təqdirdə, bu qərar ATƏT-in Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılmasını təsdiq edəcəkdi və heç bir halda Minsk konfransının məşğul olduğu münaqişə və tənzimləmə prosesinə aid olan məsələyə cəlb olunmayacaqdı. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi faktını nəzərə alaraq, sədrlik tərəfindən təklif olunan qərarın dəstəklənməsinə münasibətdə Azərbaycanın hazırlığı xoş niyyətin göstəricisi idi.
Amma Ermənistanın ATƏT yanındakı nümayəndəliyinin mövqeyi aydın şəkildə göstərdi ki, onlar məsələnin həllində maraqlı deyil və sədrliyin kompromis xarakterli təklifini dəstəkləməkdən imtina etdilər”. Azərbaycan diplomatı əlavə edib ki, ATƏT-in Ermənistan ofisinin bağlanmasına təəssüflənir. "Amma bu, Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir. Yerevan ofisi ətrafında olan vəziyyət bir daha göstərdi ki, Azərbaycan konstruktiv, amma prinsipial mövqe sərgiləyir və öz legitim maraqlarını qoruyacaq və suverenliyi və ərazi bütövlüyünə xələl gətirəcək hər hansı cəhdə qarşı qəti şəkildə çıxış edəcəkdir”,- deyə diplomat fikrini tamamlayıb.
Öz növbəsində ATƏT PA-da Yerevandakı ATƏT ofisinin bağlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qurumun rəhbəri Kristin Muttonen bununla bağlı təəssüf hissi keçirdiyini bildirib.
Beləliklə, görünən odur ki, erməni tərəfinin yürütdüyü çirkin və barışmaz siyasət elə onun öz başında çatlayır.
Kamran
banner

Oxşar Xəbərlər