• şənbə, 20 Aprel, 18:32
  • Baku Bakı 24°C

“ATƏT Ermənistan rəhbərlərinin bəyanat və iddialarına münasibət bildirməlidir”

12.09.18 19:19 931
“ATƏT Ermənistan rəhbərlərinin bəyanat və iddialarına münasibət bildirməlidir”
"ATƏT-in baş katibi Tomas Qremingerin regiona səfəri mühüm addımdır. Çünki hər bir məsələni məhz yerində həll etmək, eyni zamanda birbaşa rəhbərdən eşitmək daha məqsədəuyğundur”. Bu fikirləriSİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi şərhçi bildirib ki, görüş zamanı Azərbaycanın həm daxili, həm də xarici siyasətində ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ölkəmizin yürütdüyü siyasət, Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması ilə bağlı eyni müstəvidə aparılan danışıqlar çox təqdirəlayiq hal kimi qiymətləndirilməlidir: "Görüş zamanı Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı bəyanatlarını xatırladaraq, bu hərəkətlərin yolverilməz olduğunu ATƏT-in baş katibinin diqqətinə çatdırdı. Dövlət başçısının da söylədiyi kimi, ATƏT Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir”.
A.Nağıyevin sözlərinə görə, çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız çıxışları və keçirdikləri monitorinqlərlə yadda qalırlar: "Təbii ki, son vaxtlar Ermənistan tərəfindən Dağlıq Qarabağın və 7 rayonun onların ərazisi olması haqda səsləndirilən cəfəngiyata, beləliklə də problemin həlli istiqamətində danışıqlar prosesinin pozulması cəhdinə ATƏT-in Minsk qrupu və rəhbərliyi tərəfindən cavab verilməlidir. Əgər ATƏT doğrudan da problemin sülh yolu ilə həllinə çalışırsa, o zaman deklorativ bəyanatlardan qaçmalıdır”.
Ekspert deyib ki, Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi son bəyanatlar onun kütlə qarşısında verdiyi sözlərin guya həyata keçirilməsi ilə məşğul olduğunu göstərmək məqsədi daşıyır: "Paşinyan "Dağlıq Qarabağ klanı”nı hərbi xunta kimi sübuta yetirərək onların korrupsiya ilə məşğul olduqları üçün həbs olunmaları ilə bağlı bəyanatlarla çıxışlar etməsinə baxmayaraq, münaqişənin həllini ön plana çəkə bilmir. Əvvəllər 7 rayonun qaytarılması ilə bağlı bəyanatlar verən baş nazir bu məsələyə görə qınanılacağını anlayaraq öz "səhv”lərini düzəltməyə çalışır. Onun yeganə məqsədi parlament seçkilərində qələbə qazanmaqdır”.
Siyasi ekspert Bəhruz Quliyev "Bakı Xəbər"ə açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev bütün məqamlarda və keçirdiyi hər bir görüşündə işğalçı Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hakimiyyətinin qeyri-konstruktiv mövqelərini sərt şəkildə ittiham edib.
Onun sözlərinə görə, Nikol Paşinyan hələ də "məxməri inqilab” eyforiyasından çıxmayıb və bu amil onun istər daxili, istərsə də xarici siyasətdə ciddi səhvlərə yol verməsi ilə nəticələnir: "Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində erməni baş nazirinin "Azərbaycan "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tipli bəyanatı bütün beynəlxalq və hüquqi konvensiyaları pozur. Əbəs deyil ki, dövlət başçımız ATƏT-in baş katibi ilə görüşündə bu məsələni vurğulayıb və bildirib ki, Azərbaycan tərəfi bənzər bəyanatları qətiyyətlə rədd edir”.
Ekspert, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev məhz bu məsələni Tomas Qremingerin nəzərinə çatdırıb və ATƏT-i bir mötəbər təşkilat kimi həmin sərsəm bəyanatlara reaksiya verməyə çağırıb: "Bu, bir daha göstərir ki, Paşinyan hər vəchlə danışıqlar prosesini uzatmağa çalışmaqla, öz hakimiyyətini möhkəmləndirməyə cəhd göstərir. Çünki biz Rusiyaya səfəri zamanı ona qarşı göstərilən soyuq münasibətin də şahidi olduq. Uzun illər Rusiyanın vassalı olan Ermənistanda hakimiyyəti "məxməri inqilab” vasitəsilə ələ alan Nikol Paşinyan məhz anti-Rusiya şüarları ilə öz istəyinə nail oldu. İndi isə dalana dirəndiyinin fərqinə vararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda erməni ictimai rəyində xal toplamağa çalışır. Lakin onun bu cür xaltoplama kampaniyası qısa müddətdə iflasa uğrayacaq. İstər beynəlxalq qanunlar, istərsə də digər faktorlar küçədən gəlmiş baş nazirin siyasi ölümünü reallaşdıracaq. Əlbəttə ki, ölkə başçımızın da ATƏT-in baş katibi ilə görüşündə vurğuladığı kimi, bütün məsuliyyətlər bilavasitə Ermənistan tərəfinin, ələlxüsus Paşinyanın üzərinə düşəcək”.
B.Quliyev Prezident İlham Əliyevin Ermənistanda "demokratiya” adı altında insan haqlarının kütləvi şəkildə pozulması halları haqda bildirdiyi fikirlərə də toxunaraq deyib ki, əslində, erməni baş nazirin siyasi rəqiblərini özündən kənarlaşdırması istiqamətində apardığı "antikorrupsiya kampaniyası”, yaxud siyasi təqiblər diktatura rejiminin aşkar göstəricisidir: "Bu baxımdan, dövlət başçımız haqlı olaraq, ATƏT-ə yalnız Dağlıq Qarabağ münaqişəsində Paşinyanın tutduğu yanlış mövqeyə deyil, bütövlükdə onun avtoritar rejim yaratmasına biganə qalmaması ilə bağlı müraciət edib. Belə ki, bütün bunlar - yəni işğalçı Ermənistan rəhbərliyinin davranışları bütövlükdə regional təhlükəsizliyimizə qarşı təhdid hesab oluna bilər. Bu kimi təhdidlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev bütün siyasi iradəsini və qətiyyətini ortaya qoyub. Hesab edirəm ki, ATƏT-in baş katibi Tomas Qreminger də həmin müraciətləri, eyni zamanda haqlı tələbləri nəzərə alaraq, işğalçı Ermənistanın və onun avtoritar rəhbərliyinin qarşısında ciddi məsələlər qaldıracaq”.
banner

Oxşar Xəbərlər