• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

“ATƏT DTİHB-in hesabatı daha çox siyasi bəyanat xarakteri daşıyır”

13.04.18 21:08 1773
“ATƏT DTİHB-in hesabatı daha çox siyasi bəyanat xarakteri daşıyır”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qiymətləndirmə missiyasının qərəzli rəyi ciddi etirazlara səbəb olub. Siyasilər, ictimaiyyət nümayəndələri, media təmsilçiləri hesabat kəskin etiraz etməkdədirlər. Bu və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını siyasi şərhçi Azər Həsrət cavablandırır.
- Azər bəy, Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçirildi. İctimai-siyasi prosesləri yaxından izləyən bir şəxs kimi seçkiöncəsi vəziyyəti, seçki prosesini və seçki sonrası durumu necə dəyərləndirirsiniz?
- Seçki yüksək standartlara uyğun, ədalətli və sabit bir ortamda keçdi. Seçkiöncəsi prosesləri yaxından izlədiyim üçün bu qənaətə gəlmişdim ki, hər hansı qeyri-adi hadisə baş verməyəcək. Bu qənaət səsvermə günü özünü tam olaraq doğrultdu. Seçicilər sərbəst şəkildə, könüllü olaraq gəlib səs verdilər. Eyni zamanda media, müşahidəçilər bütün prosesi sərbəst izləyə bildilər. Təbii ki, namizədlərin özləri və nümayəndələri də hər hansı problemlə üzləşmədilər. Seçki sonrası durum da bundan fərqlənmədi. Sakit, sabit bir ortam var. Nəticələr hər kəsi razı salır. Qalibin qələbəsinə heç kəs şübhə etmir. Uduzan namizədlər də onu təbrik edib. Azərbaycan xalqı ən doğru seçimi etdiyi üçün bu qədər sakit və sabit ortam var.
- Demokratik prinsiplərin qorunub saxlandığı Azərbaycanda seçkilərin obyektiv, şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılır. O cümlədən seçkilərin yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər tərəfindən yaxından izlənməsi də təmin olunur. Sizcə, seçki prosesində belə bir ənənənin uzun illərdir davam etməsi nə dərəcədə effektlidir?
- Azərbaycan dövləti demokratikləşməyə sadiqdir. Müstəqillik dönəminə baxsaq, hər keçən il ölkəmizdə bu yöndə islahatların aparıldığını görərik. Ölkənin daha şəffaf idarə edilməsi üçün iradə mövcuddur. Ona görə də Azərbaycan dövləti bütün seçkiləri beynəlxalq müşahidə altında keçirir. Yəni bu yolla şəffaflığa sadiq olduğunu əməldə sübut edir.
- 11 aprel prezident seçkilərini müşahidə edən beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin təmsilçiləri seçkidən sonra tam obyektiv, reallığa əsaslanan hesabatlar yaysalar da, yalnız ATƏT DTİHB-nin qiymətləndirmə missiyası daha çox qərəz üzərində qurulan hesabat açıqladı. Buna görə də həmin təşkilatın hesabatı cəmiyyətdə narazılıqla qarşılandı. Sözügedən qurumun bu davranışı nədən qaynaqlanır?
- Doğrudan da bütün müşahidə missiyalarının yüksək dəyərləndirdiyi seçkini ATƏT DTİHB tam fərqli yozdu. Şəxsən mən də buna təəccübləndim. Çünki onların səsləndirdiyi absurd ittihamların heç biri ən adi tənqidə belə dayanıqlı deyil. Məsələn, ilkin hesabatda gender bərabərliyi, yaxud da medianın azad fəaliyyəti ilə bağlı deyilən fikirlərin seçkinin nəticələrinə heç bir dəxli yoxdur. Çünki şəxsən özüm də müşahidə aparmışam, istər kampaniya dövründə, istərsə də səsvermə günü hər hansı jurnalistin, media qurumunun hansısa əngəllə qarşılaşdığı haqqında heç bir məlumat yoxdur. Gender məsələsinə gəlincə, bunun da seçkiyə dəxli yoxdur. Bu qurumun hesabatı hesabatdan daha çox siyasi bəyanat xarakteri daşıyır. Sanki seçki müşahidə missiyasının topladığı bilgilər əsasında deyil, hansısa antiAzərbaycan mərkəzin diktəsilə hesabat hazırlayıblar. Bu isə ümumi qaydalara, elə ATƏT-in öz prinsiplərinə ziddir.
- Yəqin siz də fikri vermisiniz ki, ATƏT DTİHB tərəfindən açıqlanan rəy təşkilatın aralıq hesabatından daha sərtdir. Halbuki, qeyd edilən qüsurlar daha çox aralıq hesabat dövrünə aid edilə bilərdi. Ola bilərmi ki, onlara belə yumşaq mövqeyə görə kənardan, misal üçün xaricdən, yaxud ölkə daxilindəki radikal müxalifət cameəsindən "basqılar" olsun və buna görə də sonradan sərt bəyanat versinlər?
- Mən o aralıq hesabatı da oxumuşam. Hətta ona əsaslanıb düşünürdüm ki, yekun hesabat daha yumşaq olacaq. Çünki aralıq hesabatda durum olduğu kimi əks edilmiş və dəyərləndirilmişdi. O ortamda keçiriləcək seçki təbii ki, yüksək qiymət almalı idi. Amma ATƏT DTİHB tam əksini etdi, yuxarıda da qeyd etdiyim kimi, heç dəxli olmayan məsələləri də hesabata salıb könül bulandırmağa çalışdı. Bunu bizim "radikallar”ın basqısı altında etdiklərini düşünmürəm. Burda daha çox missiyaya rəhbərlik edən şəxslərin sadəcə Azərbaycan kimi ölkələrə yuxarıdan aşağı baxması faktoru, xidmət etdikləri qüvvələrin səbəb olduğunu düşünürəm.
- Mediada belə bir məlumat yayılıb ki, seçkidən sonra yayılacaq yekun hesabatla bağlı ATƏT DTİHB-in müşahidə missiyası üzvləri arasında narazılıq yaranıb. Hətta missiyanın iki üzvü məhz yekun hesabatla razılaşmayaraq, mətbuat konfransından əvvəl Azərbaycanı tərk ediblər. Bununla bağlı mövqeyinizi də öyrənmək istərdik...
- Əlbəttə, missiyanın bütün üzvlərinin ədalətsiz və qərəzli olması mümkün deyil. Heç şübhə etmirəm ki, o hesabatla razılaşmayan onlarla müşahidəçi var. Bunu elə hesabatdakı rəqəmlərlə də sübut etmək mümkündür. Örnək üçün, deyilir ki, 1300 məntəqədə müşahidə aparılıb. Sonda isə onların 12%-də pozuntu qeydə alınıb. Bu isə o deməkdir ki, 88% seçki məntəqəsində problem olmayıb. Belə olan halda o 88% məntəqədə müşahidə aparanların rəyi müsbətdir deməli. Ona görə də hesabatla razılaşmayıb Azərbaycanı təcili tərk edənlərin olması təbiidir.
- Ümumiyyətlə, ATƏT DTİHB Azərbaycanla bağlı belə məsələlərdə nə üçün bu cür qərəzlidir? Bu qərəzin arxasında nə dayanır?
- ATƏT bir qərb təşkilatıdır. Qərbdə isə düşünürlər ki, biz şərqlilər ikinci növ insanlarıq və yüksək dəyərlər bizə yaddır. Ona görə də ən ideal seçki keçirsən belə mütləq tənqid edirlər, gözdən salmağa çalışırlar. Yəni onların dərdi heç də Azərbaycan kimi ölkələrdə normal seçki keçirilməsi deyil. Onların dərdi Azərbaycanı tənqid etmək üçün - istər yalan, istər doğru – səbəblər istehsal etməkdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər