“ATƏT DTİHB-in hesabatı daha çox siyasi bəyanat xarakteri daşıyır”
ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qiymətləndirmə
missiyasının qərəzli rəyi ciddi etirazlara səbəb olub. Siyasilər, ictimaiyyət nümayəndələri, media
təmsilçiləri hesabat kəskin etiraz etməkdədirlər. Bu və digər məsələlərlə bağlı
"Kaspi”nin suallarını siyasi şərhçi Azər
Həsrət cavablandırır.
- Azər bəy, Azərbaycanda aprelin 11-də növbəti
prezident seçkiləri keçirildi. İctimai-siyasi prosesləri yaxından izləyən bir
şəxs kimi seçkiöncəsi vəziyyəti, seçki prosesini və seçki sonrası durumu necə
dəyərləndirirsiniz?
- Seçki yüksək
standartlara uyğun, ədalətli və sabit bir ortamda keçdi. Seçkiöncəsi prosesləri
yaxından izlədiyim üçün bu qənaətə gəlmişdim ki, hər hansı qeyri-adi hadisə baş
verməyəcək. Bu qənaət səsvermə günü özünü tam olaraq doğrultdu. Seçicilər
sərbəst şəkildə, könüllü olaraq gəlib səs verdilər. Eyni zamanda media, müşahidəçilər
bütün prosesi sərbəst izləyə bildilər. Təbii ki, namizədlərin özləri və
nümayəndələri də hər hansı problemlə üzləşmədilər. Seçki sonrası durum da
bundan fərqlənmədi. Sakit, sabit bir ortam var. Nəticələr hər kəsi razı salır.
Qalibin qələbəsinə heç kəs şübhə etmir. Uduzan namizədlər də onu təbrik edib.
Azərbaycan xalqı ən doğru seçimi etdiyi üçün bu qədər sakit və sabit ortam var.
- Demokratik prinsiplərin qorunub saxlandığı
Azərbaycanda seçkilərin obyektiv, şəffaf keçirilməsi üçün bütün imkanlar
yaradılır. O cümlədən seçkilərin yerli müşahidəçilərlə yanaşı, beynəlxalq
müşahidəçilər tərəfindən yaxından izlənməsi də təmin olunur. Sizcə, seçki
prosesində belə bir ənənənin uzun illərdir davam etməsi nə dərəcədə
effektlidir?
- Azərbaycan dövləti demokratikləşməyə sadiqdir.
Müstəqillik dönəminə baxsaq, hər keçən il ölkəmizdə bu yöndə islahatların
aparıldığını görərik. Ölkənin daha şəffaf idarə edilməsi üçün iradə mövcuddur.
Ona görə də Azərbaycan dövləti bütün seçkiləri beynəlxalq müşahidə altında
keçirir. Yəni bu yolla şəffaflığa sadiq olduğunu əməldə sübut edir.
- 11 aprel prezident seçkilərini müşahidə edən
beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin təmsilçiləri seçkidən sonra tam
obyektiv, reallığa əsaslanan hesabatlar yaysalar da, yalnız ATƏT DTİHB-nin
qiymətləndirmə missiyası daha çox qərəz üzərində qurulan hesabat açıqladı. Buna
görə də həmin təşkilatın hesabatı cəmiyyətdə narazılıqla qarşılandı. Sözügedən
qurumun bu davranışı nədən qaynaqlanır?
- Doğrudan
da bütün müşahidə missiyalarının yüksək dəyərləndirdiyi seçkini ATƏT DTİHB tam
fərqli yozdu. Şəxsən mən də buna təəccübləndim. Çünki onların səsləndirdiyi
absurd ittihamların heç biri ən adi tənqidə belə dayanıqlı deyil. Məsələn, ilkin
hesabatda gender bərabərliyi, yaxud da medianın azad fəaliyyəti ilə bağlı
deyilən fikirlərin seçkinin nəticələrinə heç bir dəxli yoxdur. Çünki şəxsən
özüm də müşahidə aparmışam, istər kampaniya dövründə, istərsə də səsvermə günü
hər hansı jurnalistin, media qurumunun hansısa əngəllə qarşılaşdığı haqqında
heç bir məlumat yoxdur. Gender məsələsinə gəlincə, bunun da seçkiyə dəxli
yoxdur. Bu qurumun hesabatı hesabatdan daha çox siyasi bəyanat xarakteri
daşıyır. Sanki seçki müşahidə missiyasının topladığı bilgilər əsasında deyil,
hansısa antiAzərbaycan mərkəzin diktəsilə hesabat hazırlayıblar. Bu isə ümumi
qaydalara, elə ATƏT-in öz prinsiplərinə ziddir.
-
Yəqin siz də fikri vermisiniz ki, ATƏT DTİHB tərəfindən açıqlanan rəy təşkilatın aralıq
hesabatından daha sərtdir. Halbuki, qeyd edilən qüsurlar daha çox aralıq
hesabat dövrünə aid edilə bilərdi. Ola bilərmi ki, onlara belə yumşaq mövqeyə
görə kənardan, misal üçün xaricdən, yaxud ölkə daxilindəki radikal müxalifət
cameəsindən "basqılar" olsun və buna görə də sonradan sərt bəyanat
versinlər?
- Mən
o aralıq hesabatı da oxumuşam. Hətta ona əsaslanıb düşünürdüm ki, yekun hesabat
daha yumşaq olacaq. Çünki aralıq hesabatda durum olduğu kimi əks edilmiş və
dəyərləndirilmişdi. O ortamda keçiriləcək seçki təbii ki, yüksək qiymət almalı
idi. Amma ATƏT DTİHB tam əksini etdi, yuxarıda da qeyd etdiyim kimi, heç dəxli
olmayan məsələləri də hesabata salıb könül bulandırmağa çalışdı. Bunu bizim
"radikallar”ın basqısı altında etdiklərini düşünmürəm. Burda daha çox missiyaya
rəhbərlik edən şəxslərin sadəcə Azərbaycan kimi ölkələrə yuxarıdan aşağı
baxması faktoru, xidmət etdikləri qüvvələrin səbəb olduğunu düşünürəm.
- Mediada belə bir məlumat yayılıb ki, seçkidən sonra yayılacaq yekun
hesabatla bağlı ATƏT DTİHB-in müşahidə missiyası
üzvləri arasında narazılıq yaranıb. Hətta missiyanın iki üzvü məhz yekun
hesabatla razılaşmayaraq, mətbuat konfransından əvvəl Azərbaycanı tərk ediblər.
Bununla bağlı mövqeyinizi də öyrənmək istərdik...
- Əlbəttə,
missiyanın bütün üzvlərinin ədalətsiz və qərəzli olması mümkün deyil. Heç şübhə
etmirəm ki, o hesabatla razılaşmayan onlarla müşahidəçi var. Bunu elə hesabatdakı
rəqəmlərlə də sübut etmək mümkündür. Örnək üçün, deyilir ki, 1300 məntəqədə
müşahidə aparılıb. Sonda isə onların 12%-də pozuntu qeydə alınıb. Bu isə o
deməkdir ki, 88% seçki məntəqəsində problem olmayıb. Belə olan halda o 88%
məntəqədə müşahidə aparanların rəyi müsbətdir deməli. Ona görə də hesabatla
razılaşmayıb Azərbaycanı təcili tərk edənlərin olması təbiidir.
- Ümumiyyətlə, ATƏT DTİHB Azərbaycanla bağlı
belə məsələlərdə nə üçün bu cür qərəzlidir? Bu qərəzin arxasında nə dayanır?
- ATƏT bir qərb təşkilatıdır. Qərbdə isə düşünürlər
ki, biz şərqlilər ikinci növ insanlarıq və yüksək dəyərlər bizə yaddır. Ona
görə də ən ideal seçki keçirsən belə mütləq tənqid edirlər, gözdən salmağa
çalışırlar. Yəni onların dərdi heç də Azərbaycan kimi ölkələrdə normal seçki
keçirilməsi deyil. Onların dərdi Azərbaycanı tənqid etmək üçün - istər yalan,
istər doğru – səbəblər istehsal etməkdir.
Rufik İSMAYILOV