• cümə axşamı, 28 mart, 19:25
  • Baku Bakı 13°C

ATƏT DTİHB ilə əməkdaşlığın dayandırılması təklif olunur

19.10.13 10:12 1334
ATƏT DTİHB ilə əməkdaşlığın dayandırılması təklif olunur
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərlə bağlı yaydığı qərəzli hesabat nəticəsində Azərbaycanla olan əməkdaşlığına çox ciddi və sarsıdıcı zərbə vurdu”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə. Hüseynli bildirib ki, bu hesabatdan sonra qurum Azərbaycan rəsmilərinin onlara qarşı tutduğu iradlara hələ də tutarlı cavab verməyib. ATƏT DTİHB-nin daha geniş hesabatını daha sonra açıqlayacağını xatırladan Ə. Hüseynli, yekun hesabatın əvvəlkindən ciddi fərqlənəcəyini gözləmədiklərini söyləyib.
Komitə sədrinin sözlərinə görə, artıq Azərbaycanın qarşısına inkişaf etmiş ölkələr sırasına qatılmaq vəzifəsi qoyulub və bu baxımdan beynəlxalq təşkilatlarla münasibətlərdə standartlara yenidən baxılmalıdır: “Çünki ATƏT DTİHB kimi qurumlarla əməkdaşlıq keçid dövrü üçün nəzərdə tutulmuşdu. İndi isə Azərbaycan, məsələn, 10 il əvvəlki Azərbaycan deyil. Bu baxımdan da təkcə ATƏT DTİHB-nin seçkilərlə bağlı qərəzli hesabatına görə yox, ümumiyyətlə, artıq qeyd olunan müvafiq dövr keçdiyi və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyduğu üçün bu qurum və onu kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlıq dayandırılmalıdır. Məsələn, bu yaxınlarda biz ATƏT-in özü ilə də əməkdaşlığa yenidən baxdıq. Artıq bizim ölkəmizin seçkilərinin bu kimi qurumların monitorinqinə ehtiyacı yoxdur. Biz Avropa Şurasında da mövqeyimizi ortaya qoymuşuq ki, Azərbaycan monitorinq altında ölkələr sırasında çıxarılmalıdır”.
Komitə sədri ABŞ-ın seçkilərdən əvvəl Milli Şuranın namizədinə 22-25 faiz səs yazılmasını təklif etməsinə dair Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin açıqlamasına da toxunub. Onun sözlərinə görə, təkcə ABŞ yox, digər beynəlxalq təşkilatlar və yaxud onların Bakıdakı nümayəndəlikləri, hətta müşahidəçilər də Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə söhbətlərdə eyni təklifi irəli sürüblər: “Bu görüşlərin bir çoxunun iştirakçısı da olmuşuq. Onlar bizə bildirirdilər ki, “əgər seçkinin nəticəsində İlham Əliyev 80 faizdən çox səs toplayarsa, bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmaz, daha aşağı olsa, daha yaxşı olar” və sair... Seçkidən əvvəl keçirilən sorğular İlham Əliyevin 80-85 faizdən də yüksək səs çoxluğuna malik olduğunu göstərirdi. Seçkidə də bu nəticə ortaya çıxdı. O zaman necə seçkinin nəticəsinə müdaxilə etmək olar? Axı seçkinin ilk növbədə saxtakarlığı bundan ibarət olardı. Görünür, beynəlxalq ictimaiyyət üçün, o cümlədən də ABŞ üçün belə böyük fərqlə seçkidə qələbə qazanmaq təəccüblü gəlir. O ölkələrdə bu cür yüksək səs çoxluğu ilə qalib gələn lider yoxdur və dünyada ümumiyyətlə, belə liderə nadir hallarda rast gəlinir. Amma bu, Azərbaycan ictimaiyyəti üçün çox normaldır və reallıqdır ki, xalq öz milli hissinə daha çox söykənərək liderlərini dəstəkləyir. İlham Əliyevin həyata keçirdiyi proqramlar, işlər artan tempdədir və onun reytinqi yüksəkdir”.
«Əksər beynəlxalq təşkilatlar kimi AŞ PA və Avropa Parlamenti də Azərbaycandakı seçkiləri kifayət qədər yüksək dəyərləndiriblər. Çox təəssüf ki, ATƏT/DTİHB-nin hesabatı tamamilə mənfi tondadır».
Bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.
B.Muradova qeyd edib ki, burada bir məqamı nəzərə almaq lazımdır ki, ATƏT PA-nın müşahidəçiləri ayrı-ayrı ölkələrin deputatlarından, ATƏT/DTİHB-nin müşahidəçiləri isə muzdla tutulmuş "ekspertlərdən" ibarət olur və bir qayda olaraq, təcrübələrinə, seçki prosesini dəyərləndirmə imkanlarına görə onlar ATƏT PA-nın müşahidəçilərindən xeyli geridə qalırlar:
"Digər tərəfdən, bu iki institut müşahidə etdikləri seçkilərlə bağlı vahid mövqedən çıxış etməkdə daim çətinliklərlə üzləşir. Bu məsələ təkcə Azərbaycanda deyil, ATƏT-in digər üzv ölkələrində keçirilən seçkilərdə də problem kimi meydana çıxır. Hər dəfə bu cür fikirayrılıqları, ziddiyyətlər, birinin digərini öz işinə yaxın buraxmaması, amma nəticədə, onun rəyinə qoşulmasını tələb etməsi kimi vəziyyətlə üz-üzə gəlirlər. Sabit mövqeyi olan, məsələyə münasibətini konkret faktlar əsasında formalaşdıran siyasətçilər isə bunu qəbul etmək istəmirlər".
B.Muradovanın sözlərinə görə, sessiya çərçivəsində ATƏT PA-nın daimi komitəsinin iclasında isə bu məsələnin müzakirəsində 56 üzv ölkənin hər birinin nümayəndələri və katiblər, həmçinin ATƏT-in büro üzvləri iştirak edirdilər:
"Bu müzakirələr kifayət qədər məhsuldar oldu. İlk olaraq Doris Barnett çıxış etdi. D.Barnett nəticə etibarilə ATƏT/DTİHB ilə işləməyin çox çətin olduğunu bildirdi. Hər kəsin fikrini ifadə edən hesabatın hazırlanması səylərinin baş tutmamasından doğan narazılıq onun çıxışında özünü qabarıq göstərirdi. Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirdi ki, istər Bakıda, istərsə də regionlarda seçkilərin çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub".
B.Muradova qeyd edib ki, müşahidə missiyalarının əlaqələndiricisi Mişel Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdıqlarının şahidi olduğunu söylədi:
"O, seçkilər günündə yüksək seçici fəallığnın olduğunu, seçkilərin nəticəsində isə heç kimin inkar edə bilmədiyi, şəksiz bir qalib şəxsin olduğunu, onun cəmiyyətdə yüksək reytinqə malik olduğunu dedi. Azərbaycanda dördüncü dəfədir ki, seçkiləri müşahidə edən M.Vuazen sonuncu prezident seçkilərini bir sıra ölkələrə müsbət nümunə kimi göstərdi. O, həmçinin ATƏT PA-nın ATƏT/DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğuladı. Bütövlükdə, mən son 8 ildə müxtəlif ölkələrdə keçirilən seçkilərlə bağlı ATƏT PA-dakı müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, bu günə qədər haqqında bu qədər çox sayda müsbət fikir ifadə olunan seçkiyə rast gəlməmişdim. Demək olar ki, daimi komitənin iclası bütünlüklə Azərbaycandakı seçkilərə həsr olundu, çıxış edənlərin əksəriyyəti ATƏT/DTİHB-nin Azərbaycandakı seçkilərə verdiyi mənfi qiyməti tənqid etdi".
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər