• cümə axşamı, 25 aprel, 06:30
  • Baku Bakı 14°C

Atəşkəs işğal olunmuş torpaqların ermənilərdə qalması anlamına gəlməməlidir

06.04.16 11:24 2260
Atəşkəs işğal olunmuş torpaqların ermənilərdə qalması anlamına gəlməməlidir
Ölkə və dünya mediasının gündəmini zəbt edən Qarabağ cəbhəsindəki gərginliklər müharibənin başlana biləcəyi ilə bağlı Azərbaycanın mesajı kimi qəbul olunur. Politoloq Fikrət Sadıqov isə müharibənin çoxdan getdiyini deyir.
- Hadisələrin yönünün birdən-birə dəyişməsi nə ilə əlaqədardır?

- Azərbaycan həmişə deyib ki, münaqişə danışıqlar yolu ilə həllini tapmasa, biz müharibə edəcəyik. Çünki bu, bizim tam haqqımızdır. İndiyə qədər də heç zaman cəbhədə tam sakitlik olmayıb. Lakin bu dəfə prosesin miqyası daha geniş oldu. Düşünürəm ki, bu, gec-tez başlamalı idi, münaqişənin canlanması qaçılmaz olmuşdu. Faktiki olaraq, sülh danışıqları yalnız qarşı tərəfin maraqlarına xidmət edirdi. Ola bilsin ki, “torpaqlarımızı müharibə yolu ilə geri qaytaracağıq, onun düşmən tapdağı altında qalması ilə barışmayacağıq” kimi ifadələrimizə çox da inanmırmışlar. Amma indi onlar əmin oldular ki, Azərbaycan öz torpaqlarını azad etməyə hər an hazırdır. Vətəndaşların ruh yüksəkliyi də hamıya məlumdur.
- Prezident İlham Əliyevin Amerikaya səfərinin proseslərin bu cür inkişafı ilə bağlılığı oldumu?

- Ölkə başçısının Vaşinqtonda olması, orada bir sıra rəsmilərlə əhəmiyyətli görüşlər keçirməsi Azərbaycan adına uğurlu addımdır. Əlbəttə ki, onların maraqlarımızı müdafiə etməsi, ərazi bütövlüyümüzü dəstəkləməsi bizi ruhlandırmaya bilməz. Başa düşüləndir ki, gəlib bizə birbaşa dəstək verə bilməzlər. Siyasi planda bizi müdafiə edib işğal faktını açıq demələri də mühüm məsələdir. Amma desəm ki, gedib orada kimdənsə razılıq alıb ondan sonra nəyəsə başlamışıq, bu, düzgün ifadə olmaz. Biz heç kəsdən heç bir razılıq almaq fikrində deyilik. Çünki bizim siyasi kursumuz kifayət qədər müstəqildir. Biz müxtəlif ölkələrə səfərlər etməklə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğumuzu göstərmək istəyirik. Onların bizim hansısa mövqeyimizlə razılaşıb-razılaşmamalarına ehtiyacımız yoxdur. Söhbət Azərbaycanın işğalda qalan torpaqlarından gedir. Onların azad olması üçün əlimizdən gələni edirik.
- Rusiyanın baş verənlərə münasibətini necə qiymətləndirirsiniz? Onlar əvvəlki illərlə müqayisədə xeyli susqundurlar. Ən azı, belə görünürlər. Bu cür mövqe sizə nə deyir?

- Rusiya Ermənistanın hərbi və siyasi müttəfiqidir. Hətta yaranmış geosiyasi vəziyyətdə Ermənistanın yeganə müttəfiqi sayıla bilərlər. Ona görə də Rusiya prosesə reaksiyasız qala bilməzdi. Amma eyni zamanda başa düşürlər ki, Azərbaycanla da münasibətlər kifayət qədər yaxşı, normal səviyyədədir. Fikir verdinizsə, nə Putin, nə Lavrov, nə də digərləri əleyhimizə kəskin fikirlər səsləndirmədilər. Bizi sadəcə, atəşkəsə çağırdılar. Görünən odur ki, onlar özləri də narahatdırlar. Fikir verin, Lavrov Bakıya gəlir. Bunun özü də mühüm amildir. Onlar başa düşür ki, Azərbaycanın gücü, potensialı o qədər yüksəkdir ki, istənilən vaxt Dağlıq Qarabağı işğaldan azad edə bilər. Bu, onları narahat etməyə bilməz.
- Amma səfər gərginlikdən öncə planlaşdırılmışdı.

- Əsas odur ki, diplomatik addımlardan başlamaq istəyirlər. Yəqin ki, onlar tərəfləri bir araya gətirmək istəyirlər. Çox istərdik ki, Lavrov Bakıya konkret təkliflərlə gəlsin. Sadəcə danışıqlar xətrinə, kimisə sakitləşdirmək üçün gəlməsinə ehtiyac yoxdur. Amma hər halda, o, qonşu partnyor dövlətin naziridir. Bizim də ona deyəcək sözlərimiz və bunun üçün kifayət qədər əsasımız var.
- Gərginliyin artdığı günlərdə Rusiya mətbuatında xeyli ermənipərəst xətt hiss olundu. Rusiya TV-ləri faktiki olaraq erməni təbliğatı ilə məşğul oldular.

- Cəbhədəki döyüşlərlə yanaşı, informasiya müharibəsi də gedir. Bu müharibədə Rusiya ekspertləri, politoloqları, jurnalistləri çox fəal iştirak edirlər. Erməni ekspertləri ön sıralara çəkilir. Müxtəlif verilişlər hazırlayır, faktları təhrif edirlər. Bütün məsələlərdə bizi təqsirkar çıxarmağa çalışırlar. Bu, çox mənfi haldır. Mənə elə gəlir ki, orada konkret şəxslər olmalı, sözlərini deməlidirlər. Rusiyada yaşayan azərbaycanlılar, diaspor təşkilatları aktiv fəaliyyət qurmalı, mövqeyimizi diqqətə çatdırmalıdırlar. Bütün polemikalarda, diskussiyalarda iştirak etmək lazımdır. Bilirik, neçə illərdir bizə qarşı ədalətli mövqe sərgilənmir. Buna baxmayaraq, ruhdan düşməməli, informasiya müharibəsində fəal olmalı, adekvat addımlar atmalıyıq.
- Ruslar həm də Türkiyənin proseslərə müdaxilə etdiyi görüntüsünü yaratmağa çalışırdılar.

- Rusiya Türkiyə ilə gərgin münasibətdədir. Çox istərdilər ki, yaranmış vəziyyətdə türkləri də bura cəlb etsinlər. Türkiyəyə qarşı mənfi münasibətləri onları belə davranmağa sövq edir. Guya bizi də həmlələr etməyə Türkiyə təhrik edir. Heç də belə deyil. Türkiyənin özünün kifayət qədər problemləri var. Həm daxilində, həm də ümumiyyətlə Yaxın Şərq regionunda çətinlikləri hamıya bəllidir. Amma təbii ki, Türkiyə bizi dəstəkləyir. Onlar bizə ən yaxın müttəfiq dövlətdirlər. Türkiyə rəsmiləri konkret bəyanatlar da veriblər. Rusiya geosiyasi gərginlik fonunda Türkiyəni münaqişəyə cəlb etmək və yeni bir bəhanə tapıb onları tapdaq altına salmağa çalışır. Reallıq deyilənlərdən çox uzaqdır. Başqa bir məsələ də var. Türkiyənin bizi dəstəkləməsindən daha çox, Rusiya Ermənistanı dəstəkləyir.
- Beynəlxalq ictimaiyyətin məsələyə reaksiyasını necə qiymətləndirirsiniz? Bu dəfə Qərbin obyektiv yanaşması barədə deyilənləri bölüşürsünüzmü?

- Həqiqətən, bir neçə aparıcı dövlət tərəfindən belə münasibət gördük. Onların televiziya kanallarında da hiss olunurdu ki, bizi dəstəkləyirlər. Bu o deməkdir ki, ərazi bütövlüyümüzü qəbul edənlərin dairəsi genişlənib və xeyli dövlət ədalətli mövqe tutur. Belə yanaşma bizim neçə illər apardığımız təbliğatın və siyasi gedişlərimizin nəticəsidir. Biz buna nail ola bilmişik. İri aparıcı dövlətlərin bizə dəstəyi hiss olunur. Düzdür, bu, bizim üçün kifayət deyil. Onlar həmsədr ölkələr olsalar da, çox zaman seyrçi mövqe tuturlar. Sadəcə, bəyanatlar səsləndirirlər. Mənə elə gəlir ki, biz yanılmamalıyıq. Hətta xeyrimizə səsləndirilən bəyanatlarla da kifayətlənməməliyik. Dünya ictimaiyyətini Ermənistana, onlara dəstək verənlərə qarşı yönəltməliyik.
- Azərbaycanın ələ keçirdiyi post və yüksəkliklərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bu, hərbi strateji məsələdir. Ona görə də buna hərbi ekspertlər daha dəqiq cavab verə bilərlər. Amma bütün hallarda, bu, bizim üstünlüyümüzdür. Buna nail ola bilmişik. Hərbi potensialımızı, gücümüzü nümayiş etdirmişik. Bəzi məntəqələri azad etmiş, yüksəkliklərə bayrağımızı sancmışıq. Həmin yüksəkliklərdən isə işğal olunmuş torpaqların bir hissəsinə nəzarət edə bilərik. Bu da, gələcək hücum planlarımız zamanı bizə kömək edə biləcək faktordur.
- Amma sonunda atəşkəs razılığı əldə olundu. Biz tutulan postlarda möhkəmləndikdən sonra yeni hücumlar həyata keçirilə bilərikmi?

- Bunu öncədən proqnozlaşdırmaq çox çətindir. Atəşkəsin elan olunması işğal olunmuş torpaqların ermənilərdə qalması anlamına gəlmir. Yəni bu, o demək deyil ki, biz torpaqlarımızın işğalda qalmasına razılıq veririk. Düşünürəm ki, atəşkəs müvəqqəti bir addımdır. Bilirsiniz ki, aparıcı dövlətlər çox narahat olub, onların təmsilçiləri hətta Bakıya gəlməyə qərar veriblər. Bunları və beynəlxalq təşkilatların mövqelərini, nümayəndələrinin bəyanatlarını nəzərə alırıq. Çünki biz işğalçı dövlət deyilik. Atəşkəsi elan edirik və eyni zamanda da xəbərdarlıq edirik ki, əgər onlar yenidən təxribatlara əl atsalar, biz də susmayacağıq. Torpaqların işğaldan azad olunması prosesi müsbət yöndə inkişafını tapmayacaqsa, o zaman yenidən cəbhədə döyüşlərin başlanması istisna olunmur.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər