• cümə, 19 Aprel, 09:21
  • Baku Bakı 13°C

Atəş altında əlifba dərsi - Reportaj

28.10.14 10:17 4141
Atəş altında əlifba dərsi - Reportaj
Təhsil və müdafiə nazirliklərinin təşkilatçılığı ilə ötən həftə kütləvi informasiya vasitələrinin (KİV) bir qrup təmsilçisi Tovuz və Qazax rayonlarının Ermənistanla sərhəd kəndlərində olublar. Səfərin ilk günü jurnalistlər Tovuz rayonunda Milli Qəhrəman Qasım Rzayevin adını daşıyan Hacallı kənd tam orta məktəbinə baş çəkdilər.
Təhsil müəssisəsinin direktoru, ixtisasca kimya müəlliməsi olan Mehriban Rüstəmova jurnalistlərlə söhbətində bildirdi ki, Ermənistanla sərhəddə yerləşməsinə baxmayaraq, məktəbdə tədris prosesində hər hansı ləngimə yoxdur. O, işğalçı ölkənin mütəmadi olaraq atəşkəsi pozduğunu, hətta uşaqların təhsil aldığı məktəbi də hədəf seçdiklərini diqqətə çatdırdı. Qeyd etdi ki, ermənilərin bu əməlləri şagirdlərin təhsilə olan marağına, dərsə davamiyyətinə zərrə qədər də olsun xələl gətirmir. M.Rüstəmova hazırda 437 şagirdin təhsil aldığı məktəbdə 48 müəllimin çalışdığını xatırladaraq, 2013-2014-cü tədris ilində XI sinfi bitirmiş 37 şagirddən 9-nun ali məktəblərə, 3-nün isə kolleclərə daxil olduğunu vurğuladı. Eyni zamanda o, şagirdlər arasında hərbi-vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasına da diqqət çəkdi. Dedi ki, son beş il ərzində bu məktəbi bitirən 24 nəfər şagird müxtəlif istiqamətli ali hərbi məktəblərin, eləcə də hərbi liseylərin tələbəsi adını qazanıb.
Direktorla söhbətdən sonra KİV nümayəndələri məktəbdəki şərait və tədris prosesi ilə tanış oldular. Qeyd edək ki, ikimərtəbəli məktəb binası bir müddət öncə təmir olunub və tədris üçün hər cür şərait yaradılıb. Məktəb cəbhə ərazisində yerləşdiyindən burada təhsil alan şagirdlərə əsas fənlərlə yanaşı, çağırışaqədərki hazırlıq dərsləri də yüksək səviyyədə öyrədilir, onlara döyüş silahları, partlamamış sursatlar, piyada və tank əleyhinə minalarla bağlı geniş məlumat verilir. Məktəbdə olarkən ilk baş çəkdiyimiz sinif otağında bunun bilavasitə şahidi olduq. Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, baş leytenant Fərrux Səfərov X sinif şagirdlərinə düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuş “Kalaşnikov” avtomatının taktiki-texniki xüsusiyyətlərini, çoxfunksiyalı döyüş bıçağının istifadə qaydalarını, avtomatın xəzinəsinin - darağının doldurulub-boşaldılmasını öyrədirdi. Müəllimin silah barədə verdiyi məlumatları şagirdlər öyrənməklə yanaşı, əyani şəkildə nümayiş də etdirirdilər. Sinifdə həmsöhbət olduğumuz şagirdlərdən Zeynəb İsmayılova, Sitarə Şirinova, Fuad Quliyev, Günay Əmirxanova, Elnur Hüseynov və başqaları hərbi dərsinə, hərb elminə böyük maraq göstərdiklərini bildirdilər. Onların əksəriyyəti məktəbi bitirdikdən sonra hərbi ali məktəbə sənəd vermək, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək kimi arzularını dilə gətirdilər.
Dördüncü sinif şagirdlərinin dərsini də yaxından izləmək imkanımız oldu. Azərbaycan Dövlət Dillər Universitetinin gənc məzunu, iki ildən artıqdır bu məktəbdə ingilis dilini tədris edən Təranə Orucovanın dərsə çox böyük məsuliyyətlə yanaşdığı hiss olunurdu. Çünki şagirdlər müəllimin ingilis dilində verdiyi sualları cavablandırır, sərbəst şəkildə cümlə quraraq, öz fikirlərini ifadə etməyi bacarırdılar. Onlar arasında Telman Allahverdiyev, Günel Hümbətova xüsusilə fəallıq nümayiş etdirirdilər. Təranə müəllimə ilə söhbətimizdə öyrəndik ki, o, hər gün Tovuz rayon mərkəzindən buraya dərs deməyə gəlir. T.Orucova işinə və şagirdlərinə çox bağlı olduğunu da dilə gətirdi. Onu da əlavə etdi ki, cəbhə xəttinə çox yaxın olan bu kənddə ermənilərin atəşkəsi pozması halları nə uşaqların davamiyyətinə, nə də onların dərslərə marağına təsir edir.
Məktəbin fransız dili müəlliməsi Kəmalə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səmayə Hüseynova da bizimlə söhbətlərində şagirdlərin dərsə olan marağından sevə-sevə danışdılar. Qeyd edildi ki, məktəbdəki hər bir müəllim öz ixtisası üzrə şagirdlərə dərs keçməklə yanaşı, məktəblilərə hərbi vətənpərvərlik və milli ruhu aşılayır, onlarda döyüş ruhunu daha da yüksəldirlər. Kənd məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Novruzəli Musayev isə diqqətimizi erməni silahlılarının təhsil müəssisəsinə vurduğu ziyana çəkdi. Bildirdi ki, Ermənistan silahlı birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozarkən orta məktəbi də hədəfə alır, buranı iriçaplı silahlardan atəşə tuturlar. O, buna misal kimi məktəbə atılan güllələri, akt zalının tavanında və divarında, sinif otağında asılan lövhədəkı güllə izlərini göstərdi. Dedi ki, hər dəfə düşmən bu cür hərəkətə yol verərkən, Azərbaycan ordusunun layiqli cavab atəşi ilə susdurulur. Həmin vaxt şagirdlərin təhlükəsizliyini təmin etmək üçün onlar pəncərə önündən uzaqlaşdırılır, məktəbin güllə tutmayan ərazilərinə gətirilirlər.
Məktəblə tanışlıqdan sonra jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov səfərin ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində mediaya şərait yaratmaq məqsədi daşıdığını söylədi. Onun fikrincə, bu səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradır. Bütün bunlar isə ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.
Rayondakı 86 ümumtəhsil müəssisəsinin 40 faizindən çoxunun Ermənistanla sərhəd ərazilərdə yerləşdiyini dilə gətirən Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova isə rayon məktəblərinin hər il nailiyyətlərini artırdığını, məzunların ali məktəblərə qəbulu göstəricilərinin ilbəil yüksəldiyini qeyd etdi. Onun sözlərinə görə, son beş ildə rayondakı məktəbləri bitirən şagirdlərdən 350-dən çoxu tələbə adını qazana bilib.
Sonra jurnalistlər məktəbin şagirdləri ilə birgə bölgədəki hərbi hissədə əsgər və zabitlərlə görüşdülər. Burada orta məktəbin X və XI sinif şagirdlərinə çağırışaqədərki hazırlıq dərsi tədris olundu. Zabit və əsgərlər döyüş silahları və hərbi sursatdan istifadə qaydaları barədə şagirdləri məlumatlandırdı, onların tətbiqini əyani şəkildə nümayiş etdirdilər.
İkigünlük səfər çərçivəsində KİV nümayəndələri Qazax rayonunda da oldular. Media təmsilçiləri əvvəlcə rayonun girişindəki Şəhidlər Xiyabanına baş çəkərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul-qızlarımızın ruhunu yad etdilər. 2013-cü ildə vertolyot qəzasında faciəli şəkildə dünyasını dəyişən hərbçimiz Yaşar Əhmədovun buradakı məzarı da ziyarət edildi. Qeyd edildi ki, Y.Əhmədov hərbi hava qüvvələrinin kapitan rütbəli zabiti olub. O, 2013-cü ildə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində ön cəbhədə yaralanan Azərbaycan əsgərlərini paytaxtdakı hospitala gətirmək üçün Bakıdan Qazağa uçurmuş. Vertolyot Qaradağ rayonu ərazisində, Sədərək Ticarət Mərkəzinin üzərində olarkən nasazlıq yaranıb və helikopterin insanların sıx olduğu ticarət mərkəzinə düşmə ehtimalı olub. Mərhum Y.Əhmədov digər pilot yoldaşı ilə birlikdə yüksək peşəkarlıq nümayiş etdirərək, çətinliklə də olsa vertolyotun istiqamətini dənizə tərəf döndərə bilib. Beləliklə də onlar öz həyatları bahasına yüzlərlə insanın həlak olmasının qarşısını alıblar.
Qazax rayonunda KİV nümayəndələrinin qonaq olduğu ilk təhsil müəssisəsi Aslanbəyli kənd orta məktəbi oldu. Əvvəlcə onu qeyd edək ki, Aslanbəyli kəndi Ermənistanla sərhəd ərazidə yerləşir. Qarşı tərəfin atəşkəsi pozması nəticəsində bu kənd sakinlərinin də təsərrüfatına ziyan dəyir. Ermənilər traktorla yer şumlayan, təsərrüfatla məşğul olan, heyvanlarını otaran kəndlilərə atəş açmaqdan çəkinmirlər. Lakin onların bu hərəkəti kənd sakinlərinin eyninə də gəlmir. Çünki onlar üçün düşmənin bu hərəkəti çoxdan adiləşib. Digər tərəfdən, kənd sakinləri Azərbaycan ordusunun, ön cəbhədə - səngərdə keşik çəkən əsgər və zabitlərimizin gücünə arxalanaraq, gündəlik həyat tərzlərini yaşayır, təsərrüfatda çalışır, öz qayğıları ilə məşğul olurlar.
Kənddəki tam orta məktəb binası ən müasir tələblərə cavab verəcək şəkildə inşa olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb cəbhə xəttindəki kənd ərazisində yerləşdiyindən, girişdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iri plakatları asılıb. Həmin plakatlarda məktəblilərə mina və sursatların növləri göstərilir, hərbi sursatların təhlükəli olduğu, onlara rast gəldikləri təqdirdə, yerini nişanlayaraq yaşlılara və polisə müraciət etmələri izah olunur. Təhsil müəssisəsinin dəhlizində isə hərbçi məzunların, Aslanbəyli şəhidlərinin, məktəbin öncüllərinin, fəxri məzunların şəkilləri asılıb. Direktor Dilqəm Məmmədov bizimlə söhbətində bildirdi ki, şəkillərdə əks olunan məzunların uğurları, şəhidlərin qəhrəmanlıq dolu həyat yolu Aslanbəyli məktəblilərinə izah olunur, onlarda vətənpərvərlik əhval-ruhiyyəsinin daha da artırılmasına çalışılır. 412 şagirdin təhsil aldığı bu təhsil ocağında 44 müəllimin işlədiyini diqqətə çatdıran D.Məmmədov onu da əlavə etdi ki, 2013-2014-cü tədris ilində məktəbi bitirmiş 45 şagirddən 9-u yüksək bal toplayaraq müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hərbi məktəblərə qəbul olunublar.
Bu məktəbin yetirmələri arasında hazırda 8-ci sinifdə təhsil alan Xədicə Qasımovanın adı xüsusi çəkilir. O, müxtəlif əl işləri ilə təhsil aldığı məktəbi bir çox sərgilərdə təmsil edib. Hətta bacarıqlı əllər sərgisində respublika üzrə üçüncü yerə layiq görülüb. Onun əl işləri məktəbin foyesində nümayiş etdirilir. Bir-birindən maraqlı bu əl işləri ilə biz də tanış olduqdan sonra məktəbdəki tədris prosesi ilə də yaxından maraqlandıq. Sevinc Amehdərovanın, Söylü Əhmədovanın, Mələk Nəcəfovanın, Günəş Məmmədovanın, Əhməd Əhmədovun dərs keçdiyi siniflərdə olduq. Hər bir sinifdə şagirdlərin dərsə davamiyyətinin, fənnə olan marağının yüksək səviyyədə olduğunu müşahidə etdik. İngilis dili müəllimi Şakir Məmmədov isə söhbət əsnasında 1988-ci ildən bu məktəbdə müəllim işlədiyini bildirdi. Qeyd etdi ki, ermənilərin mütəmadi atəşkəsi pozması kənd sakinlərinin həyat tərzinə təsir edə, insanları ruhdan sala bilmir. Hər kəs ordumuza arxalanaraq, əkin-biçini ilə məşğul olur, öz dədə-baba yurdunda azad-firavan yaşayır. Məktəblilərin təhsilə olan marağı, dərslərində əldə etdikləri uğurlar isə həm valideynləri, həm də müəllimləri ürəkdən sevindirir.
Məktəbdəki şəraitlə tanış olarkən gənclərin çağırışaqədərki hərbi hazırlığı fənnini tədris edən baş çavuş Elxan Əliyevin dərsini də izləyə bildik. E.Əliyev şagirdlərə zəhərli qazların fəsadları, ondan qorunmağın yolları, əleyhqazdan istifadə qaydaları barədə məlumat verirdi. Məktəblilərdən Gülsüm Kosayeva, Kamil Qocayev, Cəvahir Qaybalıyeva, Məhəmməd Avacəlilov ardıcıllıqla ayağa durur, əleyhqazın istifadəsi barədə müəllimdən öyrəndiklərini sinif önündə əyani şəkildə digər şagirdlərə nümayiş etdirirdilər. Onlarla fərdi söhbət zamanı o da məlum oldu ki, şagirdlərin böyük əksəriyyəti hərbçi olmaq arzusundadır.
Məktəbin kitabxanası da olduqca zəngindir. Kitabxanaçı Hilal Vəliyevanın söylədiklərinə görə, məktəblilərin ehtiyac duya biləcəyi bütün dərs vəsaitləri, bədii kitablar Təhsil Nazirliyinin xətti ilə buraya gətirilib. H.Vəliyeva şagirdlərdə oxumağa, öyrənməyə böyük maraq olduğunu da dilə gətirdi. Qeyd etdi ki, Aytən Nəcəfova, Humay Barıyeva, Sevinc Qurbanova, Ayxan Nəcəfov və onlarla şagird bu kitabxananın ən fəal oxucularıdırlar.
Aslanbəyli kəndindən sonra jurnalistlər Qazax rayonunun Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbinə də baş çəkdilər. Direktor Abbas Carçıyev məktəb barədə ətraflı məlumat verərək bildirdi ki, 2013-cü ildə əsaslı təmir olunan 640 yerlik təhsil müəssisəsi bütün lazımi tədris avadanlıqları ilə təchiz edilib. Ötən il 527 şagirdin təhsil aldığı məktəbin 49 məzunundan 17-si müxtəlif ali təhsil ocaqlarının tələbəsi adını qazanıb. Onlardan ikisi isə 600-dən artıq bal toplayaraq həm kəndin, həm də valideynlərinin adını ucaldıblar. A.Carçıyev Çaylı kəndində müasir tələblərə cavab verən məktəbin inşa edilməsinə, həmçinin təhsilə göstərilən diqqət və qayğıya görə, kənd sakinləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Direktorun açıqlamasının ardınca bu məktəblə də yaxından tanış olduq. Dürdanə Civişova, Nailə Allahverdiyeva və Sevil Göyüşovanın dərs dediyi siniflərdə şagirdlərin dərsə davamiyyətinə, onların hazırlığına şahidlik etdik. Demək olar ki, bütün siniflərdə şagirdlərin böyük maraq və diqqətlə müəllimlərini dinlədiklərini, verilən tapşırıqları yerinə yetirdiklərini müşahidə etdik. Gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi, leytenant Yusif Qocayevin dərsində isə şagirdlər fəallıq nümayiş etdirirdilər. Şagirdlər arasında Reyhan Qocayeva, Saya Rzayeva, Ələkbər Hacıyev müəllimin hərbi avadanlıqlar barədə izah etdiklərini sinif yoldaşlarına əyani nümayiş etdirirdilər.
Məktəblərlə tanışlıqdan sonra rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev jurnalistlərə açıqlamasında Qazaxın cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, burada təhsillə bağlı elə bir problem olmadığını bəyan etdi. O, KİV nümayəndələrinin cəbhə bölgəsinə səfərini təhsil və müdafiə nazirliklərinin son zamanlar birgə həyata keçirdiyi ən gözəl tədbirlərdən biri kimi dəyərləndirdi. Qeyd etdi ki, hər iki nazirliyin, eləcə də media nümayəndələrinin cəbhə bölgəsində olması, oradakı əhalinin həyat tərzi, tədris şəraiti ilə yaxından tanış olması yerli camaata ruh verir. Ə.Dərgahquliyev Qazax rayonunun Azərbaycanın ən qədim bölgəsində yerləşdiyini dilə gətirdi. Dedi ki, Qazax rayonu Erməmnistanla 168 km sərhəddə yerləşir və hazırda rayonun 7 kəndi işğal altındadır. O, bu şəraitdə olmasına baxmayaraq, Qazaxda təhsilin daim inkişaf etdiyini, rayon mərkəzi ilə yanaşı, kəndlərdə də təhsilə böyük maraq olduğunu bildirdi. Ə.Dərgahquliyev media nümayəndələri ilə söhbətinin sonunda rayonun ali məktəblərə tələbə qəbulu üzrə göstəricilərinin yaxşı olduğunu, rayon məktəblərinin respublika səviyyəli müxtəlif təhsil layihələrində tez-tez qalib olduğunu qeyd etdi.
Bununla da jurnalistlərin Tovuz və Qazax rayonlarının Ermənistanla sərhəd kəndlərinə səfəri başa çatdı.
Rufik İSMAYILOV
Bakı-Tovuz-Qazax-Bakı

banner

Oxşar Xəbərlər