• çərşənbə, 24 Aprel, 21:28
  • Baku Bakı 23°C

“Atatürk türk millətinin dəyəridir”

22.11.13 16:17 2000
“Atatürk türk millətinin dəyəridir”
Bu gün “Excelsior” oteldə Azərbaycan və Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə “Atatürk və türk milləti” simpoziumu işə başladı. Tədbir Gazi Mustafa Kamal Atatürk, Ümummilli lider Heydər Əliyev və Azərbaycan, Türkiyə şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla açıq elan edildi. Daha sonra isə iki qardaş ölkənin dövlət himnləri səsləndirildi.
Simpoziumda Türkiyə və Azərbaycan parlamentlərinin deputatları, alimlər, Atatürk irsinin araşdırıcıları, Qazaxıstan, Özbəkistan, Macarıstan, Makedoniya, Krım, Şimalı Kipr, Bolqarıstan, Yunanıstan, Cənubi Azərbaycan, Doğu Türküstan, Dağıstan və digər ölkələrdən "Türk Dünyası və Mustafa Kamal Atatürk" mövzusunda elmi tədqiqatlar aparmış mütəxəssislər iştirak ediblər. Ümumən simpoziuma 9 ölkədən 17 araşdırmaçı gəlib. Onların arasında Türkiyədən Fatmagül Dəmirəl, Makedoniyadan Erdoğan Saraç, Çin Xalq Respublikasından Rukiyə Hacı, Bolqarıstandan İsmail Cambazov, Qazaxıstandan Yermentay Sultan Murad, Özbəkistandan Şohistəxon Uljayeva, Tursunay Türksoy, Dağıstandan Hacı Murad Donoqo, Quzey Kıbrıs Türk Cümhuriyyətindən Emete Adıgözəlli, Dağıstandan Almaz İsmayılova, Rusiyadan Kamil Əliyev, Qazaxıstan Elmira Zülpiharova, Bolqarıstandan Çengiz Hakov var. Toplantı iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin üzvü Senol Bal, keçmiş millət vəkili Canan Artman, TUSİAB-dan Selcuk Düzgün də var. Simpoziumda Azərbaycanın millət vəkilləri – Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Atatürk” Araşdırmaları Mərkəzinin rəhbəri Nizami Cəfərov, Azərbaycan tarix elminin məşhur siması Süleyman Əliyarlı da çıxış ediblər.
Simpoziumuda ilk olaraq çıxış edən Azəri Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib ki, Mustafa Kamal Atatürk bütün dövrlər üçün türk dünyasının ən böyük isimlərindən, ən böyük siyasətçilərindəndir: “Mustafa Kamal Paşa hər şeydən öncə ona görə dahidır ki, o, çökmüş, işğal edilmiş Osmanlı torpaqlarında adında türk sözü olan dövlət qurdu. Bu dövlət bu gün də türk dünyasının öncülüdür”. T. Rüstəmxanlının sözlərinə görə, konfransın təşkil edilməsində əsas məqsəd Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini yad etməkdir: “Atatürk nəinki, Türkiyənin, həm də bütün türk dünyasının görkəmli şəxsiyyətlərindən biridir. Atatürk türk millətinin dəyəridir. Onun haqqında məlumatlı olmaq, onu anlamaq, dəyər vermək hər bir türkün borcudur”.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov çıxışında Atatürkün Azərbaycanda tanınmasına diqqət çəkdi: “Türkiyə Cümhuriyyəti yaranmadan öncədən Atatürkün fəaliyyəti Azərbaycan mətbuatında geniş yer alırdı. Azərbaycanda Atatürk haqqında hələ ötən əsrin 20-ci illərindən məlumat yayılıb və o, qəhrəman kimi qiymətləndirilib. Atatürk haqqında 1930-cu ilə qədər Azərbaycanda yazılan bütün məlumatlar çox geniş şəkildə əhatə olunub. Lakin 1930-cu illərin əvvəllərindən Atatürk haqqında ancaq mənfi fikirlər yazılıb. Bunun da əsas səbəbi Atatürkün sovet dövləti qurmaması olub. 1980-90-cı illərdə isə Azərbaycanda Atatürkün bir sıra mülahizələri yayılıb. Məlum olub ki, Türkiyənin problemləri həll olunduqdan sonra, 1930-cu illərdə Atatürk bütün türk dünyasının gələcəyi barədə düşünüb. Bunu onun oxuduğu kitablardan da görmək olar. Azərbaycanda Atatürk Mərkəzinin yaradılması da ona olan diqqətin göstəricisidir. Ona qarşı Türkiyədə müxtəlif mövqelər olsa da, Atatürk Azərbaycanda birmənalı olaraq sevilir . Təsadüfi deyil ki, ölkəmizdə Məmməd Səid Ordubadinin Mustafa Kamalın mübarizəsinə həsr olunmuş məqalələri də mövcuddur”. Makedoniya millət vəkili Erdoğan Saraç çıxışında Atatürkün Balkanlardakı roluna toxundu. Daha sonra çıxış edən Çin Radyo Universitetinin professoru Ruqiyyə Hacı Mustafa Kamalın Doğu Türküstanda və Çində necə tanındığından bəhs etdi. Azərbaycanlı alim Süleyman Əliyarlı Atatürk inqilablarının mahiyyətindən danışdı.
Simpoziumda Türkiyənin keçmiş millət vəkili Canan Arıtman Mustafa Kamalın müəllimlərindən danışdıqdan sonra üzərində Atatürkün rəsmi olan türk bayrağını Tənzilə Rüstəmxanlıya hədiyyə etdi.
Sonda Azərbaycan və Türkiyə Evi tərəfindən "Atatürk və Türkçülük" mövzusunda elan edilmiş müsabiqəyə yekun vurularaq qaliblərə mükafatlar verildi.
Qeyd edək ki, simpozium iki gün davam edəcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər