• cümə, 19 Aprel, 05:43
  • Baku Bakı 18°C

Atasının arzusunu gözündə qoyan kommunist

22.10.19 11:30 587
Atasının arzusunu gözündə qoyan kommunist
O, dəbdəbəli həyatını əqidəsinə qurban verib və həyatının sonuna kimi də buna peşman olmayıb
Marks-Engels-Lenin! Onları tarixə "dahi” kimi "saldılar”, amma yaşada bilmədilər! Kommunizmin, bütün proletariatın dahi rəhbəri, sönməz mayakı adlandırdığımız, həyatlarını əfsanəyə çevirdiyimiz bu insanlar, sən demə, o qədər də müdrik deyilmişlər. Hər üçü də istər savad, dünyagörüşü, istərsə də əxlaq, həyat tərzi baxımından tamamilə fərqli-fərqli insanlar olublar. Məsələn, Fridrix Engels Karl Marks və Vladimir İliç Lenindən fərqli olaraq, varlı-karlı fabrikant ailəsində anadan olub. Naz-nemət içində böyüyən, gözü-könlü heç kəsin varında-dövlətində olmayan Engels, mübarizə yoldaşlarından fərqli olaraq heç kəsin malına-mülkünə sahib olmaq üçün "vuruş”mayıb. Amma kapitalist cəmiyyətinin ziddiyyətli xarakterlərini də həzm edə bilmədiyi üçün varlı fabrikant oğlu öz dəbdəbəli həyatını əqidəsinə qurban verib və həyatının sonuna kimi də buna peşman olmayıb.
Dəbdəbəli həyatını "işçi sinfinin azadlığına və sadə həyat tərzinə” dəyişən, çoxsaylı siyasi, elmi, ədəbi tənqidi məqalələrin, əsərlərin müəllifi olan nəzəriyyəçi alim, böyük düşüncə sahibi Fridrix Engels kim idi? Fridrix yalnız Almaniyanın Barmen şəhərində, yox ətraf şəhərlərdə də tanınmış, varlı bir fabrikant olub. 1820-ci ilin 28 noyabrında oğlu Engels dünyaya gələndə, ata Fridrix sevinir ki, onun malına-mülkünə sahib çıxan, yolunu davam etdirən olacaq. Amma bu arzu atanın ürəyində qalır, Engels sahibkar yox, "böyük düşüncə sahibi, istedadlı və nəzəriyyəçi alim” oldu. Fabrikant ataya isə bu, lazım deyildi. Ona görə də, Eneglsin Elberfeld Gimnaziyasını qurtarmasına cəmi bir il qalmış, ata Fridrix oğlunu təhsildən ayırıb fabrikə göndərir. Fabrik həyatı Engelsi özünə cəlb edə bilmədiyi üçün o, vaxtının çoxunu müstəqil təhsil almaqda keçirir, Hegel fəlsəfəsini və müxtəlif xalqların dillərini öyrənməyə başlayır. Qeyri-adi istedada malik olan Engels 20-yə yaxın dil öyrənir. Əslində Engelsin elmə, təhsilə meylli olmasında anası Elzabetanın rolu çox olub. Elzabet mütaliə etməyi çox sevən, ədəbiyyata, mədəniyyətə bağlı bir xanım olduğu üçün ailənin ilkini də belə ruhda tərbiyə edib.
1841-42-ci illərdə Berlində hərbi xidmətdə olan Engels xidmətini başa vurduqdan sonra Berlin Universitetinə qəbul olur. Hərdənbir şeir yazan, karikatura çəkən gənçin diqqətini siyasi dərnəklər daha çox cəlb edir. O, inqilabi-demokratik ruhlu hegelçilərə qoşulur. İnqilabi-ruhlu bu dərnək Engelsin həyat yolunu tamamilə dəyişir və kapitalizmə qarşı mübarizəyə başlayır. Hətta 1849-cu ildə Cənub Qərbi Almaniyada kapitalistlərə qarşı silahlı üsyanda, küçə döyüşlərində şəxsən iştirak etdiyinə görə, bir müddət İsveçrəyə və İngiltərəyə mühacirət etməli oldu. Sahibkar Fridrix isə nəyin bahasına olur-olsun oğlunun öz yolunun davamçısı görmək arzusunda idi. O, gənç Engelsi 1850-ci ildə İngiltərədən gətirdərək ortağı olduğu "Ermen və Engels” firmasına işə düzəldir.
... Fabrikant oğlu Engelsin kasıb fəhlə qızı Meri Bernslə ailə qurması da Fridrixlərin ürəyincə olmur, amma susurlar. 1851-ci ildə Engels Meri ilə ailə qurur. 13 il sonra Meri vəfat edir, Engels bir il sonra baldızı Lizzi Bernslə (bəzi mənbələrdə Lidiya yazılır) ailə qurur. Onlar 1873-cü ilin əvvəllərinə kimi birgə yaşasalar da, Engels öz prinsiplərindən keçərək onunla rəsmi nikahı Lizzinin ölümündən bir gün əvvəl reallaşdırır.
Yazılan tədqiqat əsərlərindən belə bəlli olur ki, Engelsin inqilabi mübarizəni davam etdirməsində yaxın dostu K.Marksla birləşdirici fəaliyyəti dayanıb. 40 il davam edən bu dostluğun təməli 1842-ci ildə Parisdə, "Reyn qəzeti” redaksiyasında qoyulub. Bu görüş onların baxışlarının tam birliyini aşkar etdi, dostluğun, yaradıcı əməkdaşlığın, bütün ömürləri boyu davam edən birgə nəzəri və siyasi fəaliyyətin təməlini qoydu. Sürgünlərdə də dostunu tək qoymayan F.Engels 1870-ci ildə həmişəlik olaraq Marksın yanına, Londona köçüb. Doğrudur, K.Marksın xanımı Jenninin F.Engelsdən xoşu gəlməsə də, onların "dostluq” münasibətlərinə qısqansa da, maddi çətinlik onu ömrü boyu susmağa vadar edib. Çünki F.Engels həmişə K.Marksın ailəsinə maddi dəstək olub. Hətta 1895-ci ildə vəfat edən F.Engelsin vəsiyyətnaməsinə əsasən, əmlakının böyük hissəsi dostu K.Marksın qızlarına verilib.
K.Marks və F.Engels birlikdə yazdıqları "Kommunist Manifesti” əsərində proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdılar. Amma çox təəssüf ki, "dövrün zəkası, şərəfi, vicdanı” adlandırılan (əslində bunlardan çox-çox uzaq olan) Lenin partiyası nəzəriyyə ilə yox, "parçala hökm sür” siyasəti ilə "hökumət” qurdu. F.Engels yazırdı ki, K.Marksın adı da, əməlləri də əsrlər boyu yaşayacaq. Yaşadımı? Yox! İllər sonra bəlli oldu ki, Sovet hökuməti onun və məsləkdaşı Engelsin nəzəriyyəsi üzərində qurulmadı. Bu "hökumət”i zor və silah gücünə quranlar dünyanın ən böyük rüşvətxorları, müftəxorları, dələduzları və xuliqanları imiş. Belə olmasaydı, onların "məğlubedilməz, əzəmətli” adlandırdıqları Sovet hökuməti və onun kommunist "tərbiyə”si həmişəyaşar olardı!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər