• çərşənbə axşamı, 19 mart, 11:38
  • Baku Bakı 8°C

Atasını itirəndən 10 gün sonra çempion olan pəhləvan - Portret

17.12.16 11:07 6837
Atasını itirəndən 10 gün sonra çempion olan pəhləvan - Portret
Hər millətin özünəməxsus, ənənəvi idman növü var. "Azərbaycanlılar üçün belə idman növü hansıdır” sualına bir çoxları heç düşünmədən "güləş” cavabını verər. Güləşin azərbaycanlılar üçün əhəmiyyətini, bu idman növündəki bacarıqlarını müəyyənləşdirmək üçün uzun statistik göstəricilərə ehtiyac yoxdur. Elə son illər mötəbər yarışlardakı nəticələrə baxmaq kifayətdir. Azərbaycanda bu idman növündə o qədər istedadlar var ki, bunun da nəticəsində olduqca ciddi rəqabət yaşanır. Ciddi rəqabət isə bir çox istedadlı güləşçimizi mötəbər turnirlərdən kənarda qoyur. Onlardan biri də Cəlal Süleymanovdur. İstedadlı güləşçimiz karyerası ərzində bir çox uğurlar əldə etsə də, heç vaxt olimpiya oyunlarında iştirak edə bilməyib. Ancaq bu, ona təmsil etdiyi sahədə uğurlar əldə etməyə mane olmayıb. Bu yazıda sizə pəhləvan güləşi üzrə son dünya çempionatının qalibi Cəlal Süleymanovdan bəhs edəcəyik.

Atanın yolu ilə

Cəlal Süleymanov 1986-cı il, avqustun 15-də Bakıda anadan olub. Kiçik yaşlarından idmana maraq göstərən Cəlalın güləşə gəlişi bir qədər gec olub. O, 14 yaşında sərbəst güləşlə məşğul olmağa başlayıb. Əslində onun güləşi seçməsində xüsusi məna axtarmağa ehtiyac yoxdur. Hər bir uşaq kimi Cəlalın da gözündə atası ideal, nümunəvi şəxs kimi görünürdü. Onun atası İlqar Süleymanov isə peşəkar güləşçi olub. O, karyerası ərzində Azərbaycan çempionu olub, müxtəlif spartakiadalarda qalib gəlib. Cəlal da məhz atasının yolu ilə getməyə qərar verir. Cəlal ilk dəfə "Zenit” İdman Cəmiyyətində sərbəst güləşlə məşğul olmağa başlayır. Onun ilk məşqçisi Minbudaq Hüseynov olur. Süleymanov 2012-ci ilə kimi Minbudaq Hüseynovun rəhbərliyi altında çalışır. Təcrübəli mütəxəssis rəhmətə getdikdən sonra Cəlal dünya çempionu Arif Abdullayevlə çalışmağa başlayır.

Gec başlayan karyera, erkən gələn uğurlar

Cəlal sərbəst güləşlə gec məşğul olmağa başlasa da, bu geriliyi gərgin məşqlər sayəsində tez bir zamanda aradan qaldırır. Nəticə isə özünü çox gözlətmir. 2005-ci ildə - 19 yaşında olarkən Azərbaycan çempionu adını qazanır. Təbii ki, ilk çempionluqda Cəlalın məşqçisi Minbudaq Hüseynovla yanaşı, həmişə öz məsləhətlərini oğlundan əsirgəməyən ata Süleymanovun da xüsusi rolu olub. Elə həmin ildə Cəlal ilk beynəlxalq uğuruna da imza atır. O, Polşada təşkil edilən gənclər arasında Avropa çempionatını bürünc medalla başa vurur. Bu, gənc güləşçi üçün böyük uğur idi.
Bu uğurlar öz davamını gətirir. 2009-cu ildə İranın paytaxtı Tehranda keçirilən dünya kubokunda çempion, 2012-ci ildə Bakıda təşkil edilən analoji turnirdə 2-ci, ötən il ABŞ-ın Los-Anceles şəhərində keçirilən dünya kubokunda isə 3-cü olur.
Güləşə "Zenit” idman klubunda başlayan Cəlal, 2007-ci ildən -hərbi xidmətdən qayıtdıqdan sonra yarışlara DİN (Daxili İşlər Nazirliyi) adından qatılır. 2012-ci ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətində işə düzələn Cəlal, bundan sonra yarışlarda FHN-i təmsil edir.

Velosipeddən motosikletədək

Cəlal güləşdən savayı digər idman növləri ilə də maraqlanır. Onun əsas hobbisi isə velosiped sürməkdir. O, vaxtı olan kimi dağ velosipedi idman növü ilə məşğul olur. Süleymanovun digər maraqlı məşğuliyyəti də motosikletdir. Bu texnikaya çox maraq göstərən Cəlal çalışdığı FHN-də də motosikletdən ayrı qalmır. Belə ki, Cəlal FHN-də motoxilasedici kimi çalışır.


Fəth ediləcək zirvə

Hər bir idmançının fəth etmək istədiyi zirvə var. İdmançılar alpinistlər kimi məhz müəyyən etdikləri bu zirvəni fəth etmək üçün mübarizə aparır, çalışır, bir sözlə, məhz bunun üçün yaşayırlar. Cəlal da özü üçün zirvəni çoxdan müəyyənləşdirib. Bu, 4 ildə bir dəfə bütün dünyanın diqqət mərkəzində olan dünyanın ən mötəbər idman yarışı, olimpiya oyunlarıdır.
Sərbəst güləşdəki uğurlarına baxmayaraq, Cəlal hələ də olimpiya oyunlarında iştirak edə bilməyib. Bəlkə də o, başqa ölkədə doğulmuş olsaydı, nəinki bir dəfə, hətta bir neçə dəfə bu yarışın iştirakçısı olar, ola bilsin, medal da qazanardı. Ancaq Cəlal güləşin milli idman növü olduğu Azərbaycanda doğulub. Azərbaycanı isə beynəlxalq arenada təmsil etmək üçün böyük rəqabətdən qalib ayrılmalısan. Cəlalın bir neçə dəfə bu mötəbər yarışa qatılmaq şansı olsa da, sonda onun çəki dərəcəsində daha yaxşı nəticə göstərmiş komanda yoldaşlarından geridə qalaraq, olimpiya oyunlarını ekran qarşısından izləməli olub. Karyerası ərzində 38 kq-dan 61 kq-a kimi çəkilərdə çıxış etmiş Cəlal hazırda 61 kq çəkidə yarışır. Cəlalın millidə əsas rəqibi Hacı Əliyevdir.
Süleymanov bu il Rioda təşkil edilən Olimpiadada ölkəni təmsil etməyi arzulasa da, Hacının onun çəki dərəcəsində olimpiya oyunlarına lisenziya qazanması, Cəlalın Olimpiada arzularını ən azı 4 il təxirə saldı.
O, olimpiya oyunları barədə danışarkən "hamının arzusudur, ancaq hər idmançıya da qismət olmur” deyir.
Ancaq bu arzusundan da əl çəkmir. Cəlalın artıq 30 yaşı olsa da, bəzi idmançılarımızdan fərqli olaraq, "silahı” yerə qoymur və arzusunu reallaşdırmaq üçün növbəti Olimpiadanı gözləyir.

Böyük zərbə, verilmiş söz və çempionluq!


Cəlal bu il Belarusda keçirilən pəhləvan güləşi üzrə dünya çempionatını qalib kimi başa vurdu. Bu yarışa yollanmamışdan 10 gün öncə Süleymanovlar ailəsinə ağır itki üz verdi.
Cəlal bu ilin noyabr ayını yəqin ki, heç vaxt unutmayacaq. O, məhz bu ayda atasını itirdi. İllərdi şəkər xəstəsi olan İlqar Süleymanov qəflətən komaya düşür. Cəmi 3 gün sonra isə həyatla vidalaşır. Komaya düşməmişdən bir gün öncə isə ata və oğul arasında maraqlı dialoq yaşanmışdı. Cəlalın sözlərinə görə, atası komaya düşməmişdən bir gün öncə qarşıdakı dünya çempionatında mütləq çempion olmalı olduğunu deyib:
"Komaya düşməmişdən bir gün öncə yarışdan danışırdıq. Mənə dedi ki, yarışa yaxşı hazırlaşmısan, çalış yalnız çempion ol, məni sevindir. Mən isə cavabında Belarusa uduzmağa yox, çempion olmağa gedəcəyimi dedim.
Bu cür itkidən sonra mötəbər yarışa hazırlaşmaq çox ağırdır. Cəlal cəmi 10 gün ərzində toparlanaraq, yarışa köklənməli idi. Ancaq o, özünə söz vermişdi - yarışa qatılacaq, çempion olacaq və çempionluğu atasına həsr edəcəkdi.
Hər şey onun istədiyi kimi də olur. Belarusun paytaxtı Minskdə keçirilən dünya çempionatında Cəlal Braziliya, Peru və Rusiya güləşçilərini təmiz qələbə ilə mübarizədən kənarlaşdırır. Həlledici görüşdə isə təmsilçimizin rəqibi pəhləvan güləşində böyük məktəbə sahib olan İran güləşçisi olur. Ancaq İran pəhləvanı da Cəlalın özünə verdiyi sözü yerinə yetirməsinə mane ola bilmir. Həlledici görüşdə də təmiz qələbə qazanan Süleymanov ilk dəfə keçirilən pəhləvan güləşi üzrə dünya çempionatını qalib başa vurur.
Fəxri kürsüyə çıxdıqdan sonra Cəlal ikili hislər keçirirdi. Bir tərəfdən atasının bu sevincli günü görməməsinin kədəri, digər tərəfdə isə atasının arzusunun yerinə yetirilməsinin gətirdiyi fəxr hissi.

Ailə

İdmanla yaşayan Cəlalın həyat yoldaşı da idmançı olub. O, stolüstü tennisçi ilə ailə həyatı qurub. Cəlalın yoldaşı hazırda hakim kimi çalışır. Cütlüyün 1 il 7 aylıq bir qız övladı var.

"Güləş mənim həyatımdı”

Cəlal "güləş sənin üçün nədir” sualına belə cavab verir: "Güləş mənim həyatımdı, karyeramı bitirdikdən sonra da həvəskar kimi məşqlərə davam edəcəm”. Yəqin ki, Süleymanov heç vaxt güləşdən ayrı qalmayacaq. Belə ki, o, artıq məşqçi kimi də fəaliyyət göstərir. Cəmi 8 ay öncə Cəlal "FHN Wrestling Club” adlı güləş klubunu yaradıb. O, burda aşağı yaşlı güləşçilərlə də məşğul olur. Növbəti Olimpiadada Cəlalın özü ilə yanaşı, onun yetirməsini də görə bilərik. Belə ki, gənc məşqçi hazırda 2001-2008-ci il təvəllüdlü uşaqlarla işləyir. Bu da o deməkdi ki, Süleymanovun ən böyük yetirmələrinin Tokio Olimpiadası zamanı 18-19 yaşı olacaq ki, bu da, olimpiya oyunlarında iştiraka imkan verir.
Süleymanov hazırda həm sərbəst güləş, həm də pəhləvan güləşi üzrə yarışlara qatılır. O, gələn il yanvarın 11-də baş tutacaq sərbəst güləş üzrə Azərbaycan çempionatına xüsusi səylə hazırlaşır.

Portret

Cəlal Süleymanovun portretini yaradarkən öncə onun əzmkarlığı vurğulanmalıdır. Dəfələrlə əsas arzusunun üzərindən xətt çəkilən (olimpiadaya vəsiqə qazanmaq) Cəlal 30 yaşı olmasına baxmayaraq, öz istəyinin arxasınca əvvəlkindən də artıq əzmlə gedir. Atasını itirdikdən cəmi 10 gün sonra qatıldığı yarışda çempion olan Cəlal, bununla əzmkarlığını bir daha sübut etdi. İndi qalır, Olimpiadaya vəsiqə qazanmaqla, əsas arzunun reallaşması.






banner

Oxşar Xəbərlər