• cümə, 19 Aprel, 00:55
  • Baku Bakı 18°C

"Görüləcək işlərimiz çoxdur" - Fotolar

28.03.17 09:30 4762
"Görüləcək işlərimiz çoxdur" - Fotolar
1990-ci illərdə bizim nəslin uşaqları "Pəncərə”, "Sehrli güzgü” kimi uşaq verilişlərinə baxırdı. O zamanlar dövlət televiziyasında yayımlanan uşaq verilişlərində Leyla Ramazanlı və onun bacısı Xavər Ramazanovanı tez-tez görürdük. Uşaqlarla bağlı keçirilən bütün tədbirlərdə 2 bacı səhnəni ələ alırdı desək, yəqin ki, yanılmarıq. Üzərindən illər keçdi. Uşaqlıqdan səhnədə olan bu bacılardan biri hazırda sizlərin də yaxşı tanıdığınız ifaçı Leyla Ramazanlıdır. Digəri isə adını rejissor, stilist kimi daha çox eşitdiyimiz Xavər Ramazanovadır. Onun adını rejissor kimi daha çox eşidirdik. Belə ki, Xavər bacısı Leyla Ramazanlıya hərdən kömək edir, onun kliplərini hazırlayırdı. Bacısından fərqli olaraq Xavər efirdən, mətbuatdan uzaq durmağa çalışır və özünü tamam başqa istiqamətdə görürdü. Hazırda X.Ramazanova Badamdar qəsəbəsi Mədəniyyət Evinin direktorudur. Bundan əlavə, 10 ildən artıqdır ki, "Uşaq dünyası” cəmiyyətinə rəhbərlik edir.Xavər Ramazanova ilə keçmişdən və hazırda gördüyü işlərdən danışdıq.
- Çoxdandır efirlərdə yoxsunuz. Haralardasınız?
- Düzdür, uşaq yaşlarında verilişlərdə çıxışlarımız çox olub. Ancaq qismət elə gətirdi ki, mən tamam başqa ixtisas üzrə getdim. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə daxil oldum. Hazırda isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ikinci təhsilimi alıram. Orada "televiziya rejissorluğu” ixtisasında oxuyuram. Məktəbi bitirdikdən sonra iqtisadiyyat sahəsinə doğru getdim. Bu yöndə bir çox nailiyyətlərim də oldu.

- Hazırda isə klip rejissoru kimi daha çox tanınırsınız.
- Əslində mən klipmeyker deyiləm. Düzdür, bacımın kliplərini özüm çəkmişəm. Bir müddət Türkiyədə yaşadım və rejissorluqla bağlı kurslara qatıldım. Mən iqtisadçıyam, ancaq hazırda mədəniyyət sahəsində çalışıram. Əlbəttə ki, diplom şərt deyil, həvəs, maraq da lazımdır. Mənim marağım var ki, rejissorluq sahəsinə yönəlmişəm. Ancaq indi tamam başqa bir istiqamətdə çalışıram. Rejissorluqdan uzaqlaşmışam.
- Uşaqlıqdan üzdə olan biri olmusunuz. Nə üçün sonra sizi efirlərdə, mətbuatda görə bilmədik?
- Elədir. Uşaqlıqda çox üzdə olan biri olmuşam. O zamanlar ulu öndər Heydər Əliyev bayramlarda uşaqlarla görüşürdü. Belə ki, Heydər Əliyev bizim aparıcılıq etdiyimiz tədbirlərə gəlirdi. Ulu öndərlə görüşlərimiz olurdu. Bu məşhurluq bir müddətə qədər davam etdi, sonra isə bunu dayandırmalı olduq.
- Buna səbəb nə oldu?
- Özüm istəmədim. Bacım ifaçılıq sənətini seçdi. Mənim isə yolum tamam başqa idi. Hazırda bütün planlarımı da o istiqamət üzrə qurmuşam. Şükürlər olsun ki, indi hər şey qaydasındadır.
- Bəs televiziyadan ayrılmağınızın səbəbi nə oldu?
- Elə hesab edirəm ki, hər ailədən bir nəfər üzdə olmalıdır. Əslində Leyla da İqtisad Universitetini bitirdi. Ancaq o öz istiqamətini başqa sahə üzrə seçdi. Qeyd edim ki, o da ikinci təhsilini aldı. Mən özümü aparıcı, aktrisa kimi görə bilmədim deyə bu sənətdən getdim. Uşaqlıqdan ən böyük arzum idi ki, ciddi bir işim olsun, stol arxasında əyləşim, sosial işlərlə məşğul olum. Elə istədiyim kimi də oldu.

- İndi aparıcı kimi necə, işləyərsinizmi?
- Bu haqda hələ ki heç nə düşünmürəm. Hər insanın bir şeyə marağı var. Uşaq vaxtı efiri, səhnəni o qədər görmüşəm ki, indi onlar mənə maraqsız gəlir. Düşünürəm ki, öz işimdə irəliləsəm, mənim üçün daha yaxşı olar. Bir işi yarımçıq qoyub başqa işə keçmək də istəmirəm.
- Hər bir insanın daxilində məşhurluq sevdası olur. Siz efirlərdə olarkən belə məşhurluqdan imtina etdiniz.
- Simamın tanınmasını o qədər də istəmirəm. Sakit, öz işimi görüm - bu mənə kifayət edir. Ancaq nədənsə harada oluramsa-olum, daha çox diqqət çəkirəm. Misal üçün, məktəbdə, universitetdə tədbir keçirilirdisə, məni çəkməsinlər deyə qaçıb gizlənirdim. Ancaq etiraz etməyimə baxmayaraq, yenə də məni ya aparıcı, ya da müsahib kimi seçirdilər. Əslində hər zaman belə şeylərdən qaçmışam. Heç vaxt tanınmaq, məşhur olmaq arzusunda olmamışam.

- Bildiyimiz qədəri ilə, indi mədəniyyət evlərinin birində rəhbər kimi çalışırsınız.
- Hazırda Səbayel rayon Badamdar Mədəniyyət Evinin direktoruyam. Artıq iki ildir ki, mədəniyyət evinə rəhbərlik edirəm. Orada maraqlı tədbirlər keçiririk. Bundan əlavə, mədəniyyət evində uşaqlar üçün rəssamlıq kursumuz da fəaliyyət göstərir. Belə ki, uşaqlar məktəbdən sonra səmərəli vaxt keçirmək üçün mədəniyyət evimizə üz tuturlar. Mədəniyyət evinin yaradıcı kollektivi ilə konsertlər təşkil edirik. Onlarla bərabər qocalar evinə, kimsəsiz uşaq evlərinə, hərbi hissələrə gedirik. İndiyə qədər bir çox layihələrə imza atmışıq. Bundan sonra da görüləcək işlərimiz çoxdur. İnşallah, qismət olsa, onları da həyata keçirməyi düşünürük.
- Çətin deyilmi?
- Heç də. İşimi sevirəm. Mən uşaqlıqdan bu sahədə böyümüşəm. Uşaq vaxtımdan incəsənətin hər növü ilə məşğul olmuşam. Bizim günlük rejimimiz elə təyin edilmişdi ki, bir dəqiqə belə boş vaxtımız olmurdu. Belə ki, uşaq vaxtı taekvondo, karate ilə məşğul olurdum. Bal, milli rəqslərə gedirdim. Bütün bunlarla bərabər, ingilis və rus dillərini öyrənirdik. Asudə zamanımızı əlverişli keçirirdik. Dərslərimizi də yaxşı oxuyurduq. Onun üçün indi də gərgin iş rejiminə öyrəşmişəm. İşimin məsuliyyəti o qədər ağırdır ki, digər sahələrə vaxt çatdıra bilmirəm. Əgər bir işi görürəmsə, çalışıram ki, onu tam və mükəmməl şəkildə görüm. Üzərimə götürdüyüm hər işin məsuliyyətini daşıyıram.
- Eşitdiyimizə görə, həm də uşaqlarla çalışırsınız.
- 10 ildən artıqdır ki. "Uşaq dünyası” cəmiyyətinin sədriyəm. Burada fiziki qüsurlu uşaqlarla görüşlərimiz olur.

- Yenə də uşaqlar?
- Uşaqlara sevgim sonsuzdur. Onlar çox safdırlar. Uşaqların bambaşqa bir dünyası var. Bu dünyada onlara əlimizdən gələn köməkliyi etməyə çalışırıq. "Uşaq dünyası” cəmiyyətini məhz uşaqlara olan sevgimə görə işlətmişəm. Artıq bu cəmiyyətin özü də böyüyüb. Bu 10 ildə bir çox uğurlu işlərimiz oldu.

- Ən son nə kimi layihələr etmisiniz?
- Ötən ay daun sindromlu uşaqlarla görüşdük. Həmin uşaqların rəsm sərgisini təşkil etdik. O qədər çox işlərimiz var ki, buna vaxt çatdırmırıq. Qüsurlu uşaqların bacardığı çox şeylər var. Sadəcə olaraq onlar öz istedadlarını üzə çıxarmağa utanırlar. Elə fiziki qüsurlu uşaqlar var ki, onların idmana böyük həvəsi var. Biz onların tədbirlərini keçiririk, yanlarında oluruq. O uşaqlara dəstək olmağa çalışırıq. "Uşaq dünyası” cəmiyyətində dünyaya məhz onların gözü ilə baxmağa çalışırıq.

- Çox zaman Leyla Ramazanlıya "rejissora pul verməmək üçün bacısına klip çəkdirməyi” ilə bağlı suallar verirlər...
- Leylanın kliplərini təmənnasız çəkmişəm. Son iki ildə heç Leylayla da işləyə bilmirəm. Çünki ikimizin də vaxtı yoxdur. Vaxtım olan kimi ona klip çəkəcəyəm, söz vermişəm. O da dediyim kimi, ancaq vaxtım olanda. Hazırda o qədər işlərimiz var ki...

- Xavər xanım, bildiyimiz qədəri ilə, atanız da mədəniyyət sahəsində çalışıb.
- Elədir. Atam tanınmış arxitektor olub. Ancaq təəssüf ki, biz onun yolunu davam etdirmədik. Valideynlərimiz elə uşaqlıqdan bizə sərbəstlik verdilər. Dedilər ki, kim nə olmaq istəyir, hansı sənətin dalınca getmək istəyirsə, ona mane olmayacağıq. Bizim qarşımıza heç zaman məhdudiyyət qoyulmayıb. Atam Mədəniyyət və Turizm Nazirliyində çalışıb.
- Bəzən kimlərsə valideynlərinin, qohumlarının şəhid statusundan istifadə edirlər. Ancaq siz bacılarda belə hallarla rastlaşmadıq.
- Bir insanın qanında vətənpərvərlik ruhu varsa, onu heç kim saxlaya bilməz. Heç kim atamı cəbhəyə çağırmayıb, özü istəyərək könüllü şəkildə döyüşə gedib və vətən uğrunda həlak olub. Bu addan istifadə etmək düzgün deyil. Allah yerini cənnət eləsin. Mən fəxr edirəm ki, atam vətən uğrunda şəhid olub. Biz heç zaman o şəhidlik statusundan istifadə etməmişik. Bu status heç zaman bizə yaşıl işıq olmayıb. O, bizim kədərimizdir və biz onu ürəyimizdə yaşayırıq.
- Xavər xanım, gələcəyə doğru hədəfləriniz nələrdir?
- Gələcəyə doğru heç nə düşünmürəm. Hər şeyi zaman göstərəcək. Özümü sevən insanam. Hər gün səhər yuxudan duranda bu günü mənə yaşatdığına görə Allahıma şükürlər edirəm. Əslində qocalmaqdan qorxuram. Gələcək haqqında düşünəndə yalnız onu deyə bilərəm ki, hər zaman işgüzar biri olacağam. Yerimdə qalan, passiv biri deyiləm. Gələcəkdə hər şeyin yaxşı olacağını düşünürəm. Ən böyük arzularımdan biri odur ki, yaxın gələcəkdə maraqlı bir film çəkim.

- Hansı mövzuda?
- Mövzunun elə bir əhəmiyyəti yoxdur. Yəqin ki, yaşadığımız həyat, insanların başına gələn maraqlı hadisələrlə bağlı bir mövzu olacaq.

- İndi daha çox komediya janrında filmlər çəkilir.
- Elədir. Ancaq mən komediya çəkmək niyyətində deyiləm. İnsanların o qədər qayğıları, problemləri var ki... Gündəlik məişət qayğıları ilə yüklənmiş insanlar ekran qarşısında əyləşib, iki saat gülmək və maraqlı vaxt keçirmək istəyirlər. Əslində komediya janrına bu qədər marağın olması da pis hal deyil. Sevindirici haldır ki, son dövrlər milli filmlərimiz inkişaf etməkdədir. Çəkilən filmlərimizi izləyir və çox bəyənirəm.

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər