• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

Atambayevin vida səfəri

21.06.17 09:00 895
Atambayevin vida səfəri
Postunu tərk etməyə hazırlaşan Qırğızıstan prezidenti Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Moskvada rəsmi dövlət səfərindədir. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan səfər iyunun 24-də başa çatacaq. Prezidentlə yanaşı, baş nazir Dmitri Medvedyev, qırğız diasporunun nümayəndələri ilə görüşəcək, eləcə də Ufa və Kazanda olacağı bildirilən prezidentin aparacağı danışıqların yekununda humanitar sahələri əhatə edən bir sıra sənədlərə imza atılacağı vurğulanır. Ən əsası, tərəflər Qırğızıstanda hərbi-sənaye kompleksi müəssisələrinin yaradılması barədə saziş imzalayacaqları vurğulanır. Bununla bağlı təklif Atambayev Moskvaya gəlməzdən əvvəl Bişkekdə müzakirə olunub. Lakin hərbi-sənaye kompleksi müəssisələrinin yaradılması məsələsinin həllini tapacağı ekspertlərdə ciddi şübhələr doğurur. Birincisi, bunu obyektiv çətinliklərlə bağlayırlar. İkincisi, səfərin özü vida xarakteri daşıyır. Qırğızıstanda oktyabrın 15-də prezident seçkiləri keçiriləcək. Bu səbəbdən də müdafiə xarakterli zavodların inşası və yaxud bərpasını yeni rəhbərliklə həll etmək daha əlverişlidir. Üçüncüsü, Qırğızıstanın yeni rəhbərliyi bu layihələrin reallaşdırılmasını həyata keçirmək istəyəcəkmi - bu məsələ hələ ki, açıq qalır. Dördüncüsü, Bişkekdə belə bir fikir var ki, Atambayev özü belə bir səfərin baş tutmasını rusiyalı həmkarından xahiş edib. Astanada Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının tədbirlərində olarkən bu barədə Rusiya prezidentinə deyib. V.Putin də onun xahişini yerə salmayıb.
Yeri gəlmişkən, MDB ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan bölməsinin rəhbəri Andrey Qrozin V.Putinin Bişkekə fevral ayında baş tutan səfərini şərh edərək bildirir ki, "Rusiya lideri səfər proqramını yarımçıq kəsərək tələm-tələsik Bişkeki tərk etməsinin səbəbi Atambayevin özünü həddən artıq üzlü aparması olub. Mən ən əsası ümid edirəm ki, Atambayev Putinlə görüşündə özünü ələ ala biləcək və prezidentə yaraşmayan ifadə və tərzə yol verməyəcək”.
Qeyd edək ki, belə bir hala qırğız prezidenti əvvəllər yol verib. BMT baş katibi ilə görüşündə qırğız müxalifətçiləri və jurnalistləri ilə bağlı fikir səsləndirərkən onlar barəsində "zibil yığnağı” ifadəsini işlədib. Bunu Mərkəzi Asiya ölkələri üzrə ekspert Arkadi Dubnov da bildirib. Onun sözlərinə görə, Atambayevin səfərini – tərxis olunma səfəri də adlandırmaq olar. Belə ki, oktyabrın 15-dən sonra ölkəyə tamam başqa şəxslər rəhbərlik edəcək. Lakin bu faktın özü ayrıca diqqət tələb edir. Atambayev Qırğızıstanın dördüncü prezidenti olsa da, səlahiyyətləri Konstitusiya müddəti ilə başa çatan və vəzifəsindən gedən ikinci prezidentdir. Ona qədər yalnız Roza Otunbayeva sakit və qansız şəkildə vəzifəsinin tərk edə bilib. "Lakin o da keçid dövrünün prezidenti idi”, - deyə Dubnov xatırladıb. Onun qənaətincə, səfərin özü praktiki nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etmir və yalnız onunla əlamətdardır ki, ona ali status – dövlət statusu verilib: "Putin və Atambayevin indiki görüşü bu il ərzində sayca dördüncüdür. Bütövlükdə onların sayı iyirmidir. Bu səbəbdən də bu dəfəki səfəri mərasim, adi bir səfər kimi nəzərdən keçirmək gərəkdir. Ola bilsin, bu səfər Qırğızıstan-Rusiya münasibətlərinin əhəmiyyətini qeyd etmək üçün, eləcə də, Moskvanın Atambayevə pozitiv münasibətini göstərmək üçün gərəkdir”.
Bir faktı da qeyd edək ki, Atambayev dəfələrlə Moskvanın ünvanına sərt ittihamlar da səsləndirib. Müşahidəçilər hesab edirlər ki, V.Putinin şəxsi dəvəti Atambayev üçün çox əhəmiyyətlidir. Bu, Moskvanın onun mümkün varisinə dəstəyi kimi qiymətləndirilməlidir. Bu namizəd isə hazırkı baş nazir Soornbay Jeenbekovdur. "Hesab edirəm ki, bu, Atambayevin səfərində əsas piardır”, - deyə Dubnov bildirib. Ekspert hesab edir ki, Moskva da qırğız prezidentinin səfərindən öz xeyri üçün pozitiv məqamları götürəcək. Rusiya bununla göstərmək istəyəcək ki, Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına üzv qəbul edilməsi müsbət effekt verib və yeni rəhbərliyə bu kursu davam etdirmək gərəkdir. "Lakin Atambayevin dəstəyinə baxmayaraq, qarşıdan gələn seçkilərdə indiki baş nazirin qələbə qazanacağına təminat yoxdur. Qırğızıstan özünəməxsus bir dövlətdir və seçkilərin nəticələrinin qabaqcadan söyləmək çətindir, sürprizlər isə tez-tez baş verir, - deyə Arkadi Dubnov bildirib.
Həqiqətən də, əksəriyyət Qırğızıstanda prezident postu uğrunda mübarizənin qızğın xarakter alacağını düşünür. Ötən gün Mərkəzi Seçki Komissiyası da növbəti namizəd haqqında məlumat verib. Bu, sabiq baş nazir Nemir Sariyev olub. Onun namizədliyi lideri olduğu "Akşumkar” Partiyası tərəfindən irəli sürülüb. Ona "Ata Yurd” Partiyası da dəstək verib. Daha bir sabiq baş nazir Omurbek Babanov da namizədliyini irəli sürüb. Bundan əlavə, "Onuquu-İnkişaf” müxalifət partiyasının lideri Bakıt Torobayev və hazırda korrupsiya ittihamı ilə həbsdə olan müxalifətçi Omurbek Tekebayev və "Antiböhran” birliyinin rəhbəri Nazarbek Nışanov də namizədliklərinin irəli sürüblər. Belə bir fikir də var ki, Almazbek Atambayev hakimiyyətdən tam şəkildə əl çəkməyəcək. Prezident seçkilərindən sonra baş nazir kürsüsünə əyləşəcək. Onun Moskvaya səfəri də Kremldən xeyir-dua almağa yönəlib. Lakin ekspertlər bu ssenarini az ehtimal edirlər: "Atambayev dəfələrlə bəyan edib ki, baş nazir olmayacaq. Lakin qırğız siyasətində başqa metodlarla qalmaq niyyətindədir. Əgər öz vədinə əməl etməzsə, onda öz reytinqini məhv etmiş olacaq”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər