AZE | RUS | ENG |

Atambayevin həbsinə hazırlıq gedir

Atambayevin həbsinə hazırlıq gedir
“Bişkekqeyt” Qırğızıstanın keçmiş prezidentinin həbsinə gətirib çıxara bilər

Qırğızıstan hakimiyyəti eks-prezident Almazbek Atambayevi zərərsizləşdirmək üçün hərəkətə keçib. Parlamentin deputatları qalmaqallı "Prezidentin fəaliyyətinin təminatları” haqqında qanun layihəsini ikinci oxunuşda qəbul ediblər. Layihənin müəlliflərinin məqsədi eks-prezident A.Atambayevin siyasətə dönməsini əngəlləməkdir. İstisna deyil ki, ona qarşı cinayət işi də qaldırıla bilər. Məsələ ondadır ki, fevralın 20-də başlayacaq gurultulu məhkəmədə Atambayevə qarşı birbaşa ittihamlar səslənə bilər. Məhkəmə qarşısına iki keçmiş baş nazir - Sapar İsakov və Jantaro Satılbaldiyev, eləcə də sabiq maliyyə naziri Olqa Lavrova, xeyli sayda top-menecer çıxarılıb. Onlar Bişkek İstilik Elektrik Mərkəzinin modernləşməsi ilə bağlı korrupsiyaya yol verməkdə ittiham olunurlar. Baş Prokurorluq cinayət işinin yekununu Qırğızıstan paytaxtının Sverdlovsk məhkəməsinə göndərib. Bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib. Qurumun məlumatına görə, yüksək rütbəli məmurların hərəkəti dövlətə 112 milyon dollar ziyan vurub. Qeyd edək ki, rəsmi Bişkek Çinin ayırdığı kredit hesabına modernləşdirilən Bişkek İstilik Elektrik Mərkəzində qəzadan sonra cinayət işi qaldırıb. 2018-ci ilin yanvarında stansiyada texniki qəzanın qısa zaman kəsiyində aradan qaldırılmaması paytaxtı iflic etdi. Nəticədə, Bişkek təxminən iki həftə ərzində 20 dərəcəlik şaxtada qaranlığa qərq oldu, insanlar soyuqdan əziyyət çəkdilər. Hökumətlərarası və deputat komissiyasının apardığı araşdırma ən müxtəlif kateqoriyadan olan xeyli sayda insanları müqəssir çıxarıb. Bütövlükdə 10-dan artıq insan həbs edilib. "Nezavisimaya qazeta” yazır ki, əsas müqəssir eks-prezident Almazbek Atambayev olduğu halda, o, azadlıqdadır. Lakin qanun onun məsuliyyətə alınmasını qadağan edir. Eks-prezident mütləq toxunulmazlığa malikdir. Korrupsiya ittihamı üzrə həbs olunanların əksəriyyəti Atambayevin yaxın ətrafına daxil olan adamlardır. İttiham olunanların vəkilləri və Atambayev özü dəfələrlə bildiriblər ki, məhkəmə və aparılan istintaq işi siyasi sifarişlidir. Bildirilir ki, ötən ilin mart ayından başlanan cinayət işi keçmiş prezidentlə indiki dövlət başçısı Sooronbay Jeenbekov arasında qarşıdurmanın nəticəsidir. Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Damir Saqınbayev istisna etmir ki, Almazbek Atambayev cinayət məsuliyyətinə cəlb edilsin. "Əgər məhkəmə prosesində birbaşa və yaxud dolayısı ilə ittihamlar səslənsə, onu məsuliyyətə cəlb edərlər”, - deyə Saqınbayev keçirdiyi mətbuat konfransında bildirib. Lakin əlavə edib ki, bu, o halda baş verə bilər ki, ölkə parlamenti tərəfindən toxunulmazlığın götürülməsi barədə müvafiq qanunlar qəbul edilsin. Qırğız parlamenti ötən ilin mayından toxunulmazlığın götürülməsi məsələsi üzərində iş aparır. Qeyd edildiyi kimi, artıq deputatlar ikinci oxunuşda layihəni qəbul ediblər. Əgər əvvəlki layihədə deputatlar tam toxunulmazlıqla bağlı bəndi götürməyi müzakirə edirdilərsə, indi artıq başqa formada onu nəzərdən keçiriblər. Joqorku Keneşin (parlament) deputatları, başda Akılbek Japarov olmaqla, eks-prezidentin fəaliyyətinin təminatları barədə qanun layihəsini müzakirəyə çıxarıblar. Əsas müzakirə "eks” sözü ətrafında gedib. Keçmiş prezidentin toxunulmazlığı o aktiv siyasi fəaliyyət göstərəcəyi təqdirdə, eləcə də parlamentə keçiriləcək seçkilərdə iştirak etmək istəyərsə, götürüləcək. Japarov öz mesajını onunla izah edib ki, keçmiş dövlət başçısı seçkilərdə iştirak etmək istəsə, onda bütün vətəndaşlarla bərabərliyə malik olmalı və güzəştlərdən yararlanmamalıdır. O bildirib ki, Atambayevin siyasətdə aktiv iştirakı ölkədə sabitliyə təhlükə yaradır. Çünki status ətrafında müxtəlif siyasi, o cümlədən destruktiv qüvvələr birləşə bilər. Parlament üzvləri yekdilliklə Japarovun təklifini dəstəkləyiblər. Məsələ plenar iclasa çıxarılıb. Bununla yanaşı, eks-prezidentin toxunulmazlığı mexanizmi qanun layihəsində müəyyən olunmayıb. "Sakit dövlət və siyasi quruluş, vahid gündəlik iş - qırğız isteblişmenti üçün xarakterik deyil. Qırğız siyasəti üçün qarşıdurma və gərgin siyasi mübarizə daha çox uyğun gəlir”, - deyə "Vestnik Kafkaza” portalına müsahibəsində Strateji qiymətləndirmələr və proqnozlar Mərkəzinin direktoru İqor Pankratenko bildirib. O hesab edir ki, artıq Atambayevin siyasətə dönüşünü dayandırmaq əmri verilib. "Parlament üzvləri, eləcə də burada təmsil olunmaq istəyənlər eks-prezidentə qarşı hücuma hazırlaşırlar”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, problem ondadır ki, Atambayevi siyasi səhnədən götürmək üçün leqal əsaslarlar yoxdur: "Hüquq-mühafizə orqanlarının iki il ərzində eks-prezidentin qanun pozuntularına yol verdiyi barədə apardığı araşdırma boşuna olub”. Beləliklə, "Bişkekqeyt” daha çox korrupsiya yox, siyasi önəm kəsb etməyə başlayıb. "Həbs edilən şəxslərdən sadəcə Atambayevə qarşı ifadə alınması əsas hədəfdir” - deyə ekspert vurğulayıb Onun qənaətincə, fiziki cəhətdən Atambayevi aradan götürə bilmirlər, həbsxanaya salmaq üçün də həmişə əsas olmur. Qırğız siyasətçi Ravşan Ceenbekov isə hesab edir ki, Atambayev ciddi maliyyə, regional və media resurslarına, yaxşı siyasi məktəbə malikdir. Müxalifətçilikdən prezidentliyə kimi yol keçib. Ona böyük siyasətə dönməyə imkan verməmək üçün hakimiyyət eks-prezidentin toxunulmazlıq hüququnun ləğv edilməsi kimi təşəbbüs ortaya atıb. Bu isə təhlükəli ssenarilərin reallaşmasına gətirib çıxara bilər.   Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775