Atambayevi ömürlük həbs gözləyir

Atambayevi ömürlük həbs gözləyir

Təfsilat
09 Avqust 2019, 16:00 5246
Qırğızıstanda gərginlik keçmiş prezident Almazbek Atambayevin təslim olması ilə bir qədər səngiyib. Qırğız mediasının yazdığına görə, keçmiş prezident məhkəmə qərarı ilə avqustun 26-na qədər həbs olunub. Bu barədə onun vəkili Sergey Slesarev məlumat verib. O, Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib. Vəkilin sözlərinə görə, Atambayev "qanuni oğru” Əziz Butukaevi qanunsuz şəkildə həbsdən azad etməkdə ittiham edilir.
 
Onun dindirilməsi bir neçə saat davam edib. O, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsində 6 saat sorğu-sual edilib. Avqustun 9-u səhər saatlarına qədər davam edən dindirilmə prosesində vəkil Sergey Slesarev də iştirak edib. Atambayevin lideri olduğu Sosial-Demokrat Partiyasının qərargahından bildiriblər ki, onu məhkəmədə müdafiə edəcəklər. Ölkə mediasının yaydığı xəbərlərə görə, Atambayevi ömürlük həbs gözləyə bilər. Prezident Sooronbay Jeenbekov da artıq bildirib ki, Atambayev şahiddən terrorçuya çevrilib. Bu da onun bir növ taleyini indidən müəyyən etmiş olub. Prezidentlə yanaşı, Atambayevin sabiq aparat rəhbəri Fərid Niyazov da həbs edilib. O, sabiq dövlət başçısının saxlanılması ilə bağlı keçirilən əməliyyatda xüsusi təyinatlıları girov götürməkdə ittiham edilir. A.Atambayevin müşaviri Kunduz Joldubayeva bildirib ki, Fərid Niyazov 48 saat müddətinə saxlanılıb. F.Niyazov 2017-ci ilə qədər A.Atambayevin Administrasiyasına rəhbərlik edib. Həmçinin o, indiki prezident Sooronbay Jeenbekovin seçki qərargahının rəhbəri olub. Qırğızıstan polisi paytaxt Bişkekdə iğtişaşlar zamanı sabiq prezidentin 40-a yaxın tərəfdarını saxlayıb. Ötən gecə baş verən iğtişaşlarda 1500-ə yaxın şəxsin iştirak etdiyi bildirilir. Etirazçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularına od vurub, nəzarət kameralarını sındırıblar. 
 
Artıq Qırğızıstan DİN Bişkekdə və onun cənub rayonlarında törədilmiş iğtişaşların təşkilatçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlərə başlayıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Kərimə Amanqulova məlumat yayıb. "İğtişaş təşkilatçılarının müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər aparılır. Milis əməkdaşları normal rejimdə ictimai asayişi və paytaxt sakinlərinin, eləcə də qonaqların təhlükəsizliyini qoruyur. Qırğızıstanın saxlanılmış sabiq prezidentin tərəfdarları cənub tərəfdən respublikanın paytaxtı Bişkekə girməyə cəhd göstəriblər. Amma polis onlara imkan verməyib” - Amanqulova belə deyib. Qeyd edək ki, 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayevi  bu ilin iyununda parlament toxunulmazlıqdan məhrum edib.
 
Öz növbəsində Rusiya baş naziri Dmitri Medvedyev Atambayevin tutulması zamanı ölkədə baş verən hadisələrə münasibət bildirib. Dmitri Medvedyev lakonik olaraq "bu, Qırğızıstanın daxili işidir" deyib. O qeyd edib ki, Rusiya baş verənlərə laqeyd münasibət bildirə bilməz və mövcud vəziyyəti diqqətlə izləyir. Rusiyanın Qırğızıstandakı səfirliyi də polisə hücum və ixtişaşlar törədənləri ittiham edib. Beləliklə, müəyyən mənada Qırğızıstanda proseslərin səngidiyini demək olar. Sözsüz ki, bu gərginliyin hakimiyyət çevrilişinə gətirib çıxarmamasında Rusiyanın "əvəzsiz” rolu olub. Hadisələrdən əvvəl eks-baş nazir Rusiya hərbi bazasından Moskvaya uçsa, prezident Vladimir Putinlə görüşsə də, bu, ona kömək etməyib. Görünür, Moskva üçün Bişkekdə hakimiyyət dəyişikliyi maraqsız olub. Onsuz da, indiki prezident də ona sadiqdir.
 
"Eks-prezidentlə indiki prezident arasında münaqişə - sadəcə qırğız siyasi elitasında daha miqyaslı münaqişənin növbəti epizodudur. Bu mübarizə çoxəsrlik tarixə malikdir. Qırğızıstanda "prezident” anlayışı sadəcə, formal xarakter daşıyır. SSRİ-nin dağılması cəmiyyətdə qəbilə, tayfabazlıq sistemini gündəmə gətirdi. Ölkə faktiki olaraq regionlara - Şimal və Cənub regionlarına bölünüb. Atambayev və Jeenbekov mənsub olduqları klanın maraqlarını ifadə edən sadəcə, fiqurlardır. Münaqişənin əsasında o qədər də varlı olmayan respublikanın maliyyə axınları (daha çox gizli, kölgə qaynaqları, o cümlədən Əfqanıstandan tiryək ixracı və Çindən qaçaqmal axını) üzərində nəzarət durur. Bura müəyyən mənada Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən, Avrasiya İqtisadi İttifaqı ölkələrindən daxil olan qanunsuz ixrac axınları da daxildir”, - deyə Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirib. Onun qənaətincə, Atambayevin dövründə qeyri-leqal pul transferləri sistemi fəaliyyət göstərirdi: "On bir növ "qırğız landromatı” adlandırırdılar. Lakin prezident vəzifəsindən getdikdən sonra Atambayevin onları idarə etməsində problemlər yarandı. Jeenbekov klanı isə əksinə, onların hamısını öz əlinə cəmləşdirmək istəyirdi. Hər şeyin kökü də bundadır. "Prezidentliyi müddətində Jeenbekov Atambayev kimi ictimai dəstəyi qazana bilməyib. Cəmiyyət artıq prezidentin fəaliyyətindən bezib və səbirsizliklə onun müddətinin başa çatmasını gözləyir. Hər iki şəxsin əsas dayağı güc strukturları və mütəşəkkil cinayətkarlıqdır”. Ekspert hesab edir ki, hadisələrin istənilən inkişaf ssenarisində - istər qısa, istər uzunmüddətli dövrdə Atambayev artıq siyasi meyitdir. Son günlərin hadisələri isə artıq aqoniyadır. "Proseslərə təsir etmək iqtidarında olan xarici faktorlar sabitsizlikdə maraqlı deyillər. Rusiya öz prezidentinin timsalında artıq mövqeyini ortaya qoyub - hazırkı prezidenti dəstəkləyib. Vəziyyətin gərginləşməsi, irimiqyaslı vətəndaş müharibəsinə keçməsi onun maraqlarına uyğun deyil. Çin də eyni mövqedədir. Mövcud rejimə dəstəyini artıq rəsmi Nursultan da bildirib.
Beləliklə, xoşbəxtlikdən, postsovet məkanının ən qarışıq ölkəsində vəziyyət nəzarətdən çıxmadı. Düzdür, Qırğızıstan ilə ölkəmizi ciddi iqtisadi və siyasi maraqlar birləşdirməsə də, hər halda, türkdilli və müsəlman dövləti olması baxımından, orda qarışıqlıq arzuolunan deyil.
 
Azər NURİYEV