• cümə, 19 Aprel, 05:17
  • Baku Bakı 18°C

Atambayev opponentlərini zərərsizləşdirir

28.02.17 09:00 665
Atambayev opponentlərini zərərsizləşdirir
Qırğızıstan müxalifətinin aparıcı liderlərindən biri olan Omurbek Tekebaev İstanbuldan gələrkən Bişkek aeroportunda saxlanıb. Tekebaev Vyanada ATƏT-in Parlament Assambleyasınım iclasında iştirak edirdi. Ölkə rəhbəri Almazbek Atambayevin keçmiş müttəfiqi olan Tekebayev prezident Konstitusiyaya dəyişikliklər təklif edəndən sonra ona qarşı müxalifətə keçib.
Onu da qeyd edək ki, hazırkı prezident Almazbek Atambayev seçkilərdə iştirak edə bilməz. Belə ki, Konstitusiya bir şəxsin ikinci dəfə namizəd olmasını qadağan edir. Çox güman ki, Atambayev ona yaxın şəxsin prezident olmasına çalışır. Tekebayev isə ona qarşı müxalifətdədir. Tənqidçilər hesab edirlər ki, Konstitusiyaya ediləcək düzəlişlər 2017-ci ildə səlahiyyət müddəti başa çatan Atambayevin müttəfiqlərinin hakimiyyətə yolunu açacaq. Tekebaev 2010-cu ildə baş nazirin müavini olarkən rüşvət və korrupsiya hallarına yol verməsi ittihamları ilə üzləşib. Həm də "Ata-Meken” Partiyasının sədri olan bu şəxs ittihamları rədd edir. Onun partiyasının iki deputat üzvünə qarşı da ittihamlar irəli sürülüb.
Yayılan məlumatlara görə, baş prokurorluq Tekebayevi onda ittiham edir ki, yeddi il əvvəl rusiyalı biznesmenə yerli "Alfa Telekom” mobil telefon şirkətini satacağı barədə vəd verib. Bunun əvəzində isə ondan 1 mln. dollar və sövdələşmənin 15 faizini istəyib. "Ata-Meken”ın lideri o zaman baş nazirin müavini vəzifəsində çalışıb və özəlləşdirmə məsələlərinə məsul olub. Biznesmen Leonid Maevsinin sözlərinə görə, o pulları Tekebayevə verib. Lakin sonuncu sövdələşmənin şərtlərini yerinə yetirməyib. Bu faktla bağlı ölkənin baş prokurorluğu Cinayət Məcəlləsinin iki maddəsi – dələduzluq və korrupsiya maddələri üzrə cinayət işinin açılması barədə iddia qaldırıb. Ekspertlər hesab edirlər ki, baş verənlər prezident Almazbek Atambayevlə onun keçmiş müvəqqəti hökumət üzrə tərəfdarları arasındakı qarşıdurmanın davamıdır. Son vaxtlar onlar arasına münasibətlər kəskin şəkildə pisləşib.
Ümumiyyətlə, Qırğızıstanda ictimai narazılıqlar 2016-cı ilin 31 avqustunda başlayıb. Həmin tarixdə ölkənin müstəqilliyi ilə bağlı keçirilən tədbirdə prezident Atambayev keçmiş tərəfdarlarını kəskin tənqid edərək, onları quldur hərəkətlərdən əl çəkməyə, separatçıları dəstəkləməməyə və iri məbləğdə vəsaitləri mənimsəməməyə çağırıb. Son aylarda isə O.Tekebayev prezident və onun ətrafı barədə kompromatları ictimaiyyətə sızdırmaqla məşğul idi. Atambayev də ona borclu qalmırdı.
Bu günlərdə Bişkekin mərkəzində Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin önündə bir neçə yüz insan aksiya keçirib. Onlar Tekebayevin dindirilməsi prosesinə etiraz ediblər. Mitinqə məşhur siyasilər, əvvəllər onunla Kurmanbek Batıyevə qarşı birgə mübarizə aparanlar da qatılıblar. Onlar üçün bu tək, yoldaşlarının müdafiəsi yox, həm də özləri barədə ictimaiyyətə xatırlatmaq idi. Ora toplaşanlar Tekebayevi azadlığa buraxmağı və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Abdil Seqizbayevin istefasını tələb ediblər. Aksiyada iştirak edənlər saxlanılan şəxslə bağlı kompliment söyləməkdə xəsislik də etməyiblər. "Tekebayev gələcəyin simvoludur” deyə onlar bildiriblər.
Korrupsiya və dələduzluqda ittiham olunmaq – qırğız siyasətçi üçün ciddi ittihamdır. İndi Tekebayev müxalifət hərəkatına rəhbərlik edib ya sona kimi gedib uğur qazanmalı, ya da ölkəni tərk etməlidir. Sonuncu variantdan Tekebayev yararlana bilərdi. Yəni ölkəyə dönməyə bilərdi. Lakin o, barəsində cinayət işlərinin qaldırılmasına və hətta həbs ediləcəyinə bilməsinə baxmayaraq, ölkəyə qayıdıb. Görünür, "Ata Meken”in rəhbəri mübarizəni davam etdirmək istəyib. Qırğızıstan üçün aksiyalar çoxdan bəri idi ki, yaddan çıxmışdı və indi yeni aksiyaların start götürməsi yaz siyasi mübarizənin başlanması deməkdir. Nəzərə alaq ki, noyabrda seçkilər keçiriləcək və indidən proqnoz etmək olar ki, proses gərgin olacaq. Tekebaevin tərəfdarlarının radikal qanadı artıq ölkədə 2005, 2008-ci illər inqilablarına oxşar inqilabların baş verə biləcəyindən danışırlar. Lakin ekspertlər bunu həddən artıq şişirdilmiş sayırlar. Belə ki, mitinqlərə qatılanların sayı xeyli azdır, regionlarda isə vəziyyət sabit olaraq qalır. Beləliklə, Özbəkistan və Türkmənistanın ardınca, Mərkəzi Asiyanın "inqilablar beşiyi” kimi ad çıxaran ölkəsi gərginlik dövrünə qədəm qoyur. Və ümid etmək olar ki, həmin ölkələrdə olduğu kimi, burada da proseslər dinc başa çatacaq.
Azər
banner

Oxşar Xəbərlər