• çərşənbə, 24 Aprel, 16:27
  • Baku Bakı 27°C

Atambayev hakimiyyəti öz adamına verməyə hazırlaşır?

30.11.16 13:13 1191
Atambayev hakimiyyəti öz adamına verməyə hazırlaşır?
Mərkəzi Asiya regionu ölkələri gərgin günlərini yaşayır. Qazaxıstanda Nazarbayevin səhhəti ilə bağlı həyəcanlı xəbərlər, Türkmənistanda sosial gərginlik, Özbəkistanda postkərimov dövrünün necə olacağı, Tacikistanda islamçı yaraqlıların güclənməsi regionu diqqət mərkəzinə gətirir.
Mərkəzi Asiyanın ən qeyri-sabit ölkəsi kimi ad çıxaran Qırğızıstanda da vəziyyət hər an dəyişə bilər. Bir vaxtlar "inqilablar”ın beşiyi kimi ad çıxarmış bu ölkə gələn il prezident seçkiləri keçirməyə hazırlaşır. Bir çoxları artıq indidən onu Mərkəzi Asiyada unikallığı ilə seçiləcək seçki kimi proqnozlaşdırır.
Atambayev əleyhdarının prezident olmasına qarşıdır
Qonşu dövlətlərdən fərqli olaraq, bu ölkədə nəticələrin necə olacağı aydın deyil. Lakin artıq belə bir fikir formalaşıb ki, postundan getməyə hazırlaşan Almazbek Atambayev qatı əleyhdarı olan namizədlərdən hansısa birinin hakimiyyətə gəlməməsi üçün əlindən gələni edəcək. Düzdür, Atambayev bir neçə dəfə bildirib ki, özünün birinci və sonuncu prezidentliyi müddəti başa çatdıqdan sonra hər hansı bir siyasi post tutmayacaq. Lakin buna az adam inanır. Onların qənaətincə, siyasi coşğunluğu ilə seçilən Atambayev sakit həyatını təmin etməyə çalışacaq. Tənqidçilər ehtiyat edirlər ki, bu məqsədlə Atambayev administrasiyası hansısa bir yolla (hətta qeyri-qanuni yolla da olsa) 2017-ci ilə keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışa bilər.
Referenduma qarşı çıxanlar tənqid edilir
Bir faktı da qeyd edək ki, Atambayev Mərkəzi Asiya respublikaları içərisində yeganə liderdir ki, bir müddətli prezidentliklə kifayətlənir. Lakin maraqlısı odur ki, prezident dekabrın 11-də Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referenduma qarşı çıxanları kəskin şəkildə tənqid etməyə başlayıb. Ekspertlərin qənaətincə, bu dəyişikliklər hakim elitanın mövqeyini daha da gücləndirəcək. "Cəmiyyət ehtiyat edir ki, prezident özündən əvvəlki prezidentlərin - Əsgər Akayevin və Kurmanbek Batıyevin pərdəarxası manevrlərinə əl atmağa çalışacaq. Lakin məsələ ondadır ki, həmin manevrlər onların hər iksinin devrilməsinə gətirib çıxardı”, - deyə Akayevin dövründə xarici işlər naziri postunu tutmuş Osmonakun İbrahimov qeyd edir.
Mühafizəçilər, sürücülər hakimiyyət başına
"EurasiaNet.org” saytına müsahibəsində sabiq nazir onu da bildirib ki, Atambayev prezidentliyinin sonlarında yalnız ən yaxın ətrafına - mühafizəçiləri, sürücülərinə etibar edir. "Mən hesab edirəm ki, onu qorxu hissi bürüyüb. Bu qorxu ondan ibarətdir ki, kimsə onu satacaq. Ola bilsin, bu hansısa bir mifik general olsun”, - deyə o, əlavə edib. Narahatlıq xüsusən də daxili işlər naziri vəzifəsinə Ulan İsrailovun təyin edilməsi məsələsində ortaya çıxıb. Bir vaxtlar prezidentin şəxsi mühafizəsində çalışan bu şəxs indi nazir vəzifəsini tutur. Başqa bir mühafizəçisi isə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışır. Ən maraqlısı isə odur ki, onun sürücülərindən biri hazırda parlamentdə böyük nüfuza malikdir. Bütün bunlar isə ekspertlərin indidən hakimiyyətin ötürülmə prosesinin elə də asan olmayacağı qənaətinə gəlməsinə əsas verir.
Atambayevin varisləri
Bir sıra şərhçilərin qənaətincə, Atambayevin yaxın ətrafına daxil olan nüfuzlu müşavirləri və s. şəxslər özlərinin üstünlük və istisna hüquqlarının qorunub saxlanılması yollarını arayırlar. Onlar hakimiyyətə onları qane edəcək birinin gətirilməsinə çalışırlar. Bu sırada mətbuat konkret namizəd də göstərir - baş nazir Sooronbay Jeenbekov. Onun qardaşı, keçmiş spiker Asılbek də prezidentliyə iddialılar sırasındadırlar. Onların hər ikisi Atambayevin lideri olduğu sosial-demokrat partiyasının üzvləridirlər. Namizədlər arasında Prezident Aparatının xarici siyasət şöbəsinin rəhbəri Sapar İsakovun da adı hallanır.
Qırğız eksperti Azamat Tınayev hesab edir ki, siyahını uzatmaq olar. "Lakin mövcud sistemdən olan istənilən namizəd ümumxalq seçkilərində ciddi müqavimətlə üzləşəcək. Yəni onlar hər zaman Atambayevin kölgəsində çalışıblar. İnsanlar onları sadəcə funksioner kimi tanıyırlar, ya da ümumiyyətlə tanımırlar”, - deyə o bildirib. Onun sözlərinə görə, hakimiyyətin inzibati resurslardan istifadə edəcəyi gözləniləndir.
Lakin Tınayev istisna etmir ki, müstəqil namizədlərin də seçkidə qalib gəlmək şansları ola bilər. Bunlar keçmiş baş nazirlər Omurbek Babanov və Temir Sariyevdir. Ölkənin şimalından olan bu iki keçmiş oliqarxların böyük nüfuzu var: "Onlar fəaliyyət göstərdikləri dövrdə özlərini əsil baş nazir kimi göstəriblər. T.Sariyev isə özü barədə işgüzar xarakterli məmur imici də formalaşdırmışdı”. Ekspert "EurasiaNet.org”a açıqlamasında onu da bildirib ki, Sariyevə Rusiya çox ciddi dəstək göstərir. Bu şəxs bir vaxtlar Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının təşəbbüskarlarından biri olub. Kremi isə belə dəstəyi heç zaman unutmur.
Qarşıdan isə referendum gəlir və onun nəticələri ölkənin gələn il keçiriləcək seçkilərə nə qədər hazır olacağını üzə çıxarmış olacaq. Əgər seçicilər referenduma çıxarılan məsələlərə "yox” desələr, onda bu, Atambayevin müttəfiqləri üçün fəlakət olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər