“Atam məni ilk dəfə universiteti bitirdikdən sonra öpüb” - Keçmişdəki mən
Deyir ki, birini sevmək
gözəl duyğudur. Sevgi insanı tərbiyələndirir, pis əməllərdən uzaqlaşdırır, mənəvi
aləmini təmizləyir. Ona görə sevginin konkret bir forması yoxdur, hamı eyni cür
sevə bilməz. Rubrikamızın budəfəki qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik
Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlidir. Qonağımızla uşaqlıq və gənclik illərindən danışdıq.
Evin
bütün yükü böyük kimi mənim üzərimə düşdü
Y.Məmmədli 1961-ci ildə İranla sərhəddə yerləşən Astaranın Qapıçıməhlə kəndində
dünyaya gəlib. Ailəsi sovet dövrünün zəhmətkeş və dindar ailələrindən olub. 10
uşaqlı evin ən böyüyüdür. Atası Cənubi Azərbaycandan köçmə olduğu üçün həmişə
oranın həsrəti ilə yaşayıb. Burada qohum-əqrəbası olmayıb. Elə ona görə də evdə
uşaqların çox olmağını istəyib: "Uşaqlığım yaxşı keçib. Deyə bilmərəm ki,
nəyinsə çətinliyini, yoxsulluğunu çəkmişəm. Atam nə qədər ki sağ idi, evimizin
bütün yükünü öz öhdəsinə götürmüşdü. Özü oxumasa da, övladlarının təhsilli
olmağı üçün əlindən gələni edirdi. Və oldu da, hamımız ali təhsil aldıq. Evdə 4
bacı, 6 qardaş olmuşuq. Açığı, bəzən atamdan soruşardım ki, bu qədər çox uşaq
nəyə lazımdır? O isə bunu belə izah edərdi ki, "mən burada tək olmuşam, kömək
edənim, əl tutanım olmayıb. İstəmədim ki, siz də mənim kimi təklik yaşayasınız.
Çox olun ki, sabah mən olmayanda bir-birinizə arxa-dayaq olasınız”. Təəssüf ki,
atamı çox erkən - 56 yaşında itirdik. Bundan sonra evin bütün yükü böyük kimi
mənim üzərimə düşdü. Bu, əslində, çox məsuliyyətli və ağır yük idi. Amma buna
baxmayaraq, mən heç vaxt üzərimə düşən bu işdən yorulmadım, sevərək gördüm. Çünki
qarşılığını alırdım. Qardaş-bacılarımın mənə olan hörməti, sevgisi bunun
qarşılığı idi, görürdüm ki, etdiklərim boşa getmir”.
O
dövrün bütün kişiləri üçün xarakterik bir xüsusiyyət
Həmsöhbətim deyir ki, ataları dindar və olduqca
mühafizəkar kişi olub. Anaları ilə dost olsalar da, atalarından qorxublar.
Atalarının nə isə sözü olanda xanımı vasitəsilə uşaqlara çatdırırmış. Elə
uşaqlar da atalarına olan sözlərini analarının köməkliyi ilə deyirmişlər: "Atam
dininə bağlı, mühafizəkar biri idi. Həmişə övladları ilə aradakı pərdəni
saxlayardı. Əslində, bu, o dövrün bütün kişiləri üçün xarakterik xüsusiyyət
idi. Bəlkə də, "məni ilk dəfə universiteti bitirdikdən sonra öpüb” desəm yalan
olmazdı. Hətta bir dəfə anamla söhbəti zamanı eşitdim ki, məni hansısa müəllimim atama tərifləyib.
Bununla nə qədər qürrələnsə də, bizə bildirməzdi. Bütün bunlara baxmayaraq,
daim təhsilin tərəfdarı olub. Həmişə deyərdi ki, oxumaq mütləq lazımdır. Gərək
oxuyasan, dünyanı dərk edəsən, dünyagörüşün artsın ki, kiməsə kömək edə
biləsən. Savadsız, kimdənsə asılı olan insan nə edə bilər?”.
Ağlamaqdan
gözümün suyu qurudu
"Dəcəl olmaq, şıltaqlıq
etmək uşaqlığın bir göstəricisidir” deyən Yadigar bəy bildirdi ki, hər yaş
dövrünün özünəməxsus xüsusiyyəti var və gərək, uşağa uşaqlığını yaşaması üçün
şərait yaradılsın: "Bir oğlum, bir qızım var. Oğlum qıza nisbətən bir az dəcəl olub. Onun niyə bu qədər dəcəl olduğunu
düşünəndə mənə deyirdilər ki, "sən də uşaq vaxtı belə dəcəl olmusan”. Əslində, bir
az düşünəndə anlayırsan ki, dəcəllik, şıltaqlıq uşaqlıq dövrünə xas xüsusiyyətdir.
Uşağı bir az rahat buraxmaq lazımdır. İnsana uşaqlığından qadağalar, tabular
qoyularsa, inanmıram ki, o, gələcəkdə şəxsiyyət kimi yetişə bilsin. Təbii ki,
hər şey müəyyən bir çərçivə daxilində olmalıdır. Uşağı nə çox sıxmaq,
qadağalarla böyütmək, nə də çox sərbəst buraxmaq olar”.
Müsahibim məktəb illərindən
yadında qalan bir xatirəni də bizimlə bölüşdü: "Məktəb vaxtı yaxşı oxuyan uşaq
olmuşam. Bir müəllimimiz var idi, ondan çox qorxardıq. Bütün günü əlində
xətkeşlə gəzərdi. Düzdür, onunla bizi vurmurdu, amma onun xətkeşlə sinifdə o
tərəf, bu tərəfə getməsi belə adamı vahiməyə salırdı. Bir gün dərsdən qayıdanda
evimizin yanındakı arxı keçərkən çantam suya düşdü. Bütün dəftər, kitabım su
oldu. O dövrdə də mürəkkəblə yazdığımız üçün, bütün mürəkkəb dəftərlərimə axdı.
Həmin gün ağlamaqdan gözümün suyu qurudu. Əslində, buna görə atamın məni
danlayacağını düşünürdüm. Amma əksinə, o, mənə təskinlik verərək
sakitləşdirdi”.
"Padyom,
yoxsa odboy”
Uşaq vaxtından humanitar
fənləri çox sevib. Xüsusilə də, ingilis dili və ədəbiyyata böyük marağı olub.
Məktəbin son illərində qələmi əlinə alaraq yazı-pozu işlərinə başlayıb. Beləcə
tale onu jurnalistikaya gətirib. Xüsusi bir kumiri, yönləndirəni olmayıb. O zamanlar
jurnalistikanın cazibədarlığı gənc Yadigarı özünə çəkib. Ali təhsilini Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində alıb. Həmsöhbətim deyir ki,
universitet illəri insan üçün həmişə ən yadda qalan xatirələrlə dolu olur:
"Məktəb illərindən fərqli olaraq bu dövr daha yaddaqalan olur. Yeni insanlar
tanıyır, əlaqələr qurursan. Həmin dövrdə bizi pambıq yığımına aparardılar.
Düşünürəm ki, ən maraqlı xatirələrin bəziləri də orda olub. Hər dəfə yığıma
gedəndə bir müəllim bizə nəzarətçi olurdu. Bir gün müəllimlərdən biri bizi oyatmağa
gəlir və bərkdən qışqıraraq "odboy” deyir, biz də təbii ki, bunu eşidirik, amma
heç birimiz yerimizdən qalxmırıq. Hamımız yorğanı başımıza çəkib, gülüşürük.
Müəllim oyanmadığımızı görüb əsəbiləşən zaman, uşaqlardan biri yorğanı üstündən
atıb gülərək "ay müəllim, axı, siz "padyom” demirsiz, "odboy” deyirsiz (gülür)”.
Əsgərlikdən
qaçış planı
Əsgərlik
dönəmindən danışan Y.Məmmədli deyir ki, insan ən yaxın dostlarını məktəb,
universitet illərində və əsgərlik dövründə qazanır:"Hərbi xidmətim
1983-cü ilə təsadüf edir və həmin vaxt sovet ordusunun ən güclü olduğu zamanlar
idi. Hərbi mühitə, şəraitə alışmağımız çətin oldu. Bir dəfə sözü bir yerə qoyub
hərbi hissədən qaçdıq. Məsələnin maraqlı tərəfi burasıdır ki, necə olubsa,
Amerikanın "Azadlıq” radiosu bundan xəbər tutub, buna siyasi çalar verərək sovet
ordusunun kütləvi etiraza qalxdığını, əsgərin ordunu tərk etdiyini deyib. Amma
əslində, elə ciddi məsələ deyildi, bu, bizim ərköyünlüyümüzdən irəli gələn sadə
qaçış planı idi (gülür)”.
İlk addımı mən atdım
Sevgini
insanın daxili tərbiyəsi sayan müsahibimlə gənclik illərindəki məhəbbətlərdən
də danışdıq: "İnanmıram, elə bir insan olsun ki, onun ilk məhəbbəti olmasın. Düşünürəm
ki, hər yaş dövrünün öz məhəbbəti olur. Mən bunu oğlumda da müşahidə etmişəm.
Oğlum qonşumuzun qızı ilə bir bağçaya gedirdi. Hiss edirdim ki, həmin qızdan
xoşu gəlir. Tez-tez onlara oyun oynamağa gedirdi, ya da qızı bizə dəvət edirdi.
Sonra məktəbə getdi, orda da başqa qızdan xoşlanmağa başladı. O zaman
düşünürsən ki, əslində əksər insanda belə olur. İnsan əsl sevgisini tapana
qədər, çox qızdan xoşu gəlir. Birini sevmək gözəl duyğudur. Sevgi insanı
tərbiyələndirir, pis əməllərdən uzaqlaşdırır, mənəvi aləmini təmizləyir.
Sevginin konkret forması yoxdur, hamı eyni cür sevə bilməz”.
Qrup yoldaşı
ilə ailə quran Yadigar bəy deyir ki, ilk vaxtlar aralarında sevgi olmayıb.
Bir-birlərini zamanla tanıyaraq seviblər: "Mən çox ünsiyyətcil, qrupda hamı ilə
əlaqəsi olan biri idim. Qrupumuzda hər kəslə dostluq edirdim. Dost kimi kinoya,
teatra gedirdik, birlikdə vaxt keçirirdik. Yəni, bizim vaxtımızda əsl dostluq
anlayışı deyilən bir məfhum var idi. Amma indi qızla oğlanın birlikdə gəzməyinə
başqa mənalar yükləyirlər. Xanımımla münasibətim də ilk olaraq dost kimi
başladı. Ancaq bir müddət sonra hiss etdim ki, duyğularım dostluqdan çıxır.
Zaman keçdikcə ondan ötrü darıxmağa başladım. Bu, başqa cür darıxmaq idi. Çünki
bilirdim ki, insan dostu üçün belə darıxmaz. Onu da deyim ki, bunlar
birdən-birə olmadı. Tədricən bir-birimizi qısqanmağımız münasibətimizin
irəliləməsinə şərait yaratdı. Dediyim kimi, çox ünsiyyətcil insan olduğumdan
hamı ilə əlaqə saxlayırdım və hiss edirdim ki, bu, qarşı tərəfdə qısqanclığa
səbəb olur. Eynisi məndə də olurdu. O, başqa biri ilə kinoya, teatra gedəndə
içimdə qısqanclıq hisləri duyurdum. Düşünürdüm ki, niyə mənlə getmir, niyə mən
onun yanında deyiləm? Hətta rəfiqələrinə də qısqanırdım. Belə-belə hiss etdik
ki, bizimki artıq dostluq çərçivəsini aşır. Hislərimi dilə gətirərək ilk addımı
mən atdım. Münasibətimizi bərkidən isə bizim tez-tez dalaşmaqlarımız oldu. O,
başqası ilə səmimi olanda, şirin söhbət edəndə xoşum gəlmirdi və bunu büruzə
verə bilmirdim. Bu, mənim qəlbimdə qalırdı, başqa məsələdə heyfimi çıxırdım (gülür)”.
Bəlkə də, alın yazısı belə idi...
İnsanın
həyatında acılı-şirinli xatirələr çox olur. Hər bir xatirə bizim üçün doğmadır.
Qardaşını gənc yaşda itirməsi Yadigar bəy üçün acı xatirədir: "Qardaşım uzun
illər Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Evimizin ən balacası idi. 7
il sərhəd bölgəsində xidmət etdikdən sonra Bakıya gəldi, onu evləndirdik. Ailə
qurmağından 1 il keçmişdi ki, adi bir avtoqəzada dünyasını dəyişdi. Niyə adi
deyirəm, çünki həmin maşında heç kimin burnu belə qanamır, hətta öndə
oturanlara belə heç nə olmur, amma qardaşım arxada oturmağına baxmayaraq, ölür.
Bəlkə də, alın yazısı belə idi”.
Sonda
gənclərə məsləhət verən həmsöhbətim deyir ki, uşaqlar valideynlərindən çox
doğulduqları zəmanəyə oxşayırlar: "Bugünkü gənclik çox böyük potensiala
sahibdir. Hər cür şəraitləri var. Əllərindəki kiçik telefonla çox böyük işlər
görə bilərlər. Hazırda bəzi insanlar gənclərə məsləhət verməyi xoşlayır. Amma
məsləhət vermək yox, onları anlamaq lazımdır. İndiki gənclik bizim
itirdiklərimizə sahibdir. Sahib olduqlarından yaxşı istifadə edib, öz
üzərlərində işləsinlər”.
Günel
Azadə