• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Atam mənə çox dəstək oldu

04.02.19 14:00 1575
Atam mənə çox dəstək oldu
– Səs tanrı vergisidir. Amma musiqi aləmində elə sənətkarlar var ki, onların müğənni kimi yetişməsində istedadla yanaşı, böyüdüyü, əhatə olunduğu mühitin də təsiri olub. Bəs sizdə necə? Müğənni kimi inkişafınızda əhatə olunduğunuz mühitin payı nə qədərdir?
– Müğənni kimi yetişməyimdə mühitin təsiri, əlbəttə, böyükdür. Mən ziyalı ailəsində böyümüşəm. Atamın sənət adamları ilə dostluq əlaqələri vardı, onlar bizim evdə toplaşırdılar, qonağımız olurdular. Xalq artistləri Lütfiyar İmanov, Flora Kərimova, Niyaməddin Musayev, Baba Mahmudoğlu, İlhamə Quliyeva, Nazpəri Dostəliyeva kimi sənət adamlarının çevrəsində böyümüş, onların sənətlə bağlı söhbətlərini eşitmişəm. Düşünürəm ki o abu-havanın musiqiçi kimi yetişməyimə çox faydası olub.
– Bildiyimizə görə uğurlarınıza gedən yol dünya şöhrətli italyan müğənni Robertino Lorettinin Bakı konsertindən başlamış. Loretti o konsertdəki ifanızı çox bəyənmiş və sizi "Azərbaycanın Robertinosu” adlandırmışdı. O unudulmaz günü necə xatırlayırsınız?
– Tarixdə belə bir dövr olub, renessans dövrü. Mənim də karyeramın renessans dövrü məhz o dövr oldu. Robertinonun konserti Heydər Əliyev adına Sarayda keçirildi. Mən Lorettinin repertuarından "Sole mio” mahnısını ifa etdim. O, mənim ifamı çox bəyəndi. Elə həmin gündən Robertino ilə dostluq əlaqəmiz yarandı. Bakı konsertindən sonra o, məni İtaliyada keçirilən milli festival dəvət etdi. Müsabiqədə iştirak edərək Azərbaycanı təmsil etdim və birinci yer tutdum. Həmin il Loretti mənə Romada ustad dərsləri keçdi. O ərəfələrdə Moskvada Robertino Lorettinin yaradıcılıq gecəsi keçirildi. ”Böyük ev” də prezident orkestrinin müşayiəti ilə Loretti ilə birlikdə "Santa Lucia” mahnısını ifa etdim.
– Bir sıra Beynəlxalq Festivalların da laureatı olmusunuz...
– Robertinonun dəvəti ilə iştirak etdiyim İtaliyada keçirilən milli festivalın laureatı olduqdan sonra Qazaxıstanda keçirilən "Qızıl mikrafon” Beynəlxalq festivalının, İspaniya və Niderlandda təşkil olunan Beynəlxalq müsabiqələrin də laureatı oldum.
– Bütün bu uğurlarınıza görə istedadınıza, müəllimlərinizə yoxsa valideynlərinizə minnətdarsınız?
– İlk olaraq valideynlərimə minnətdaram. Atam mənə çox dəstək oldu. Atam səsimi yoxlamaq üçün məni musiqi müəllimlərinin yanına aparırdı. Bu illər ərzində onun köməyini çox hiss etmişəm. Hətta Amerikada klipim çəkiləndə atam da yanımda idi. Bu gün desəm ki, artıq musiqi ilə məşğul olmayacağam, musiqidən uzaqlaşıram, valideynlərim bu xəbərə çox kədərlənərlər.
–Amerika Musiqi və Dram Akademiyasının məzunusunuz və bu akademiyaya qəbul olan ilk azərbaycanlı tələbəsiniz. İtalyan mahnılarının böyük həvəskarı olan Emin necə oldu ki, İtaliyada yox, Amerikada təhsil almağa üstünlük verdi?
– Əslində, mən hər zaman Amerikada təhsil almaq arzusunda olmuşam. Amerikaya getməmişdən əvvəl ingilis dili ilə məşğul olur, Amerika mədəniyyəti ilə maraqlanırdım. Bu ölkəyə Amerika Birləşmiş Ştatları Departamentinin dəstəyi, mübadilə proqramı ilə getdim. Minlərlə tələbədən otuz nəfəri seçildi, onlardan biri də mən oldum. Təhsilimi Texas ştatında, Dallas şəhərində aldım. O müddətdə Mayamidə, Kaliforniyada və Floridada müxtəlif televiziya kanallarında çıxışlar etdim. Oradakı təhsilim başa çatsa da, Bakı Musiqi Akademiyasındakı təhsilim davam edir. Hazırda dördüncü kursda oxuyuram, hörmətli müğənnimiz Fidan Qasımovanın tələbəsiyəm. Fidan xanımın tələbəsi olmaq çox böyük məsuliyyətdir. Bu illər ərzində onun böyük dəstəyini görmüşəm. O, mənə təkcə sənət müəllimi olmayıb, həm də mənə həyat dərsi də keçib. Fidan xanımın yanında o qədər olmuşam ki, artıq ondan hər şeyi, səhnə mədəniyyətini, jurnalistlərlə danışıq tərzini, tədbirlərdə necə davranmaq lazımdırsa, bunların hamısını öyrənmişəm. Buna görə də Fidan xanıma çox minnətdaram. Bakı Musiqi Akademiyasında təhsilimi başa vurduqdan sonra magistratura oxumaq istəyirəm. Bunun üçün ya Amerikanı ya da Avropa ölkələrindən birini seçəcəyəm.
– Bir az da gələcək planlarınızdan, yeni layihələrinizdən danışardınız.
– Hazırda biz "Treasure me” – "Mənə dəyər ver” mahnısının üzərində çalışırıq. Mahnının prodüseri Joseph Genettidir. Söz və musiqisi isə mənə aiddir. Bu mahnıya klip də çəkdik. Klipin çəkilişlərini Bakıda həyata keçirdik. Klipin rejissoru Habil Quliyev, operatoru isə hazırda Fransada yaşayan, böyük layihələr həyata keçirən Orxan Abbasovdur. Fevralın 1-də bu klip bütün dijital platformalarda nümayiş olunacaq. Klipin təqdimatı fevralın 1-də İstanbulda keçirəcəyimiz Mətbuat konfransında olacaq. Artıq Türkiyənin bir neçə televiziya kanallarından bu kliplə bağlı verilişlərə dəvət almışam. Hər bir musiqiçinin nailiyyətləri çoxdursa, onun ikinci biznesi olur. Mən buna daha kreativ yanaşmaq istəyirəm. İlk olaraq geyim, sonra isə parfumeriya üzərində öz brendimi, Emin Eminzadə brendini yaratmaq istəyirəm. Əgər siz bir işə başlayanda pulu düşünsəniz, o zaman pul gəlməyəcək, ancaq kreativ tərəfdən yanaşsanız, onda pul da gələcək. Mən klip hazırlayanda düşünmürəm ki, ordan milyonlar qazanım. Məqsədim insanlara yeni məhsul təqdim etməkdir. Mahnılarımı oxumaq üçün başqalarına vermirəm. O cəhətdən bir az qısqancam. Mahnıları yazarkən həyatımda nəsə baş verir, onlardan ilham alaraq mahnılarımı yazıram. Mənə elə gəlir ki, o mahnıları mən oxusam, o hissləri mən daha yaxşı hiss edərəm. Hazırda üzərində işlədiyim çox mahnım var, onların demo versiyasını hazırlamağı planlaşdırırıq.
– Amerikada oxumağınızdan söz açdınız, oradakı təhsil sistemi ilə Azərbaycandakı təhsil sistemi arasında fərqlər varmı, bu barədə nə deyə nə deyə bilərsiniz?
– Təhsil sistemləri arasında sistematik fərq var. Solfecio, yəni not dərsini amerikanlar başqa cür keçir. Azərbaycanda musiqi dərslərinə getdiyim zaman o fərqi görəndə təəccüb etdim. Orada aldığım caz dərsləri, caz səslənmələr məndə olan Amerikansayağı oxumağı inkişaf etdirdi.
– Gələcək hədəfləriniz, planlarınız nədir?
– On il əvvəl Amerikaya getmək, orada kliplərimi çəkmək, dünyada tanınmaq arzusunda idim. Bu arzularıma çatdım. Keçən ilin may ayında Hollivudda, Koliforniya ştatının Los- Anceles şəhərində "Behind the curtain” , ”Pərdə arxası” adlı ilk musiqili klipim çəkildi. Bu klip mənə çox böyük şöhrət gətirdi. Klipin rejissoru özüm idim. Bu mahnının musiqisini "Qremmi” mükafatçısı Carla Carter bəstələyib. Mahnının aranjemanı Druski "Drew” Scotta aiddir. Carla xanımın dünya ulduzlarından Celin Dion, Carly Rae Jepsen, Selena Gomez, Usher, Beyonce kimi müğənnilərlə iş birliyi olub. Biz artıq onunla dostuq. On ilin sonunda özümü bu sənətdə daha professional görürəm. Arzum dünya səviyyəli mükafatlara layiq görülməkdir. Əgər o mükafatlara layiq görülsəm, onları əldə edən ilk azərbaycanlı olacağam. İnşallah, bu, belə də olacaq, türklər demiş ya olacaq, ya da olacaq, başqa yolu yoxdur. Çünki, öz üzərimdə çox çalışıram.

Söhbətləşdi: İntizar İsmayıl

banner

Oxşar Xəbərlər