• cümə, 19 Aprel, 07:42
  • Baku Bakı 13°C

Atam eşidəndə ki, prezident olmaq istəyirəm…

05.06.13 14:41 2093
Atam eşidəndə ki, prezident olmaq istəyirəm…
"Mən ömrüm boyu prezident olmağı arzulamışam. Dünyadakı qadın liderləri görəndə özümü onların yerində hiss edirdim. Evdə heç kəs olmayanda xəlvətcə güzgünün qabağına keçib eynilə onların əl və üz hərəkətlərini təqlid edir, özümü onların yerinə qoyub hansısa məsələ barədə ucadan danışırdım. Bir gün evə qəfil gələn atam açıq pəncərədən məni müşahidə etmişdi. Otağın qapısını hirslə açanda şoka düşdüm. Atam məni dəli olmaqda, ağlımı itirməkdə ittiham elədi. Mən deyəndə ki, prezident olmaq istəyirəm, o qəzəblə üzümə bir şillə ilişdirdi. "Tərbiyəli, ağlı başında olan qız ev-eşiyi səliqəyə salar, fikirləşər ki, indi atam işdən gələcək, çay qoyar. Gör ev nə gündədi, çay da hazır deyil. Bu gün-sabah ərə gedəcəksən e. Mənim goruma söyəcəklər. Deyəcəklər belə qız tərbiyə eləyənin atabaatasına nəhlət. Cəhənnəm ol çay qoy" - dedi."
Bəlkə inanmayacaqsınız, amma "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsı çərçivəsində gənc qızlar arasında keçirilən sorğular zamanı, sorğu bülletenlərindən birinin arxasına yazılmışdı bu fikirlər. Sorğu keçirən bülleteni əlinə alanda təəccüblənib və qızın bülletenə yazdığı bu uzun-uzadı fikirlərin nə olduğunu soruşub. Qız da bildirib ki, sadəcə ürəyindən keçənləri yazıb və istəyir ki, kimsə onun hekayəsini oxusun, onu başa düşməyə çalışsın. Qız daha sonra liderliyə hazırlıq məşqlərinin acı nəticəsindən bəhs edib. Bildirib ki, atası qızının bu "ağılsız hərəkəti" barədə anasına şikayət edib və arvada hədə-qorxu gəlib ki," bu necə qız tərbiyə eləməkdi. Sənin gözün hara baxırdı ki, qızın axmaq-axmaq işlərlə məşğuldu. Sabah ərə gedəndə bundan nə arvad olacaq? Sağ olanda ağzımıza, öləndə də gorumuza söyəcəklər". Daha sonra ata arvada məsləhət görüb ki, qapıya gələn ilk elçiyə "hə" deyib qızı tezliklə "rədd eləmək" lazımdı. "Biz bunun ipini yığa bilməyəcəyik".
Beləcə gənc qız kəndlərində qapıya ilk gələn elçinin istəyinə uyğun olaraq traktorçunun oğluna nişanlanıb. Sonra oğlan Rusiyaya pul qazanmağa gedib ki, gəlib toy eləsin. Qızın ailəsi isə iş dalınca Bakıya gəlib. Qız nişanlısının istəyinə uyğun olaraq, Bakı 1 saylı tibb kollecinə daxil olub. Onu dərsə hər gün ya atası, ya da qardaşı aparıb-gətirir. "Mən sizin təlimlərdə məmnuniyyətlə iştirak edərdim. Burada yazılanları (karyera quruculuğu, liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili - m.) öyrənmək, tətbiq eləmək ən böyük arzumdur. Çox heyfslənirəm ki, mənim bu təlimlərdə iştirakıma nə ailəm, nə də nişanlım razı olmayacaq. Bunları ona görə yazıram ki, mənim niyə sizin çağırışınıza mənfi cavab yazdığımı başa düşəsiz və məndən inciməyəsiz. Ürəkdən istəyirəm ki, mənim arzularımı başqa qızlar həyata keçirə bilsin. Mən necə də onların yerində olmaq istərdim. Amma ailəmizlə mübarizəmin nəticəsiz olduğunu bilirəm. Çox israr eləsəm, qazancım ya şillə olacaq, ya söyüş-təhqir, danlaq, ya da məni günlərlə danışdırmayacaq, günümü qara edəcəklər. Sizə uğurlar arzulayıram. İmza: prezident olmaq arzusu 17 yaşında gözündə qalan!"
Əslində gənc qızın yazdıqlarından əməkdaşlarımızın hamısı pəjmürdə olmuşdu. Hamı qızın atasının geri zəkalı olmasından, qızını bədbəxt eləməsindən gileylənirdi. Tariyel isə hətta zarafatla Orxana dedi ki, "qızın telefonunu, ad-familiyasını soruşsaydın, gedib onu qaçırardım, bununla da həm ailəsindən, həm də traktorçunun oğlundan xilas eləyərdim". Leylanın "barı qız qəşəng idi?" sualı Orxanla Tariyeli özündən çıxardı. Onlar bir ağızdan "qəşəngliyin bura nə dəxli?" deyə Leylanı naqolay suala görə danladılar. Və biz Pakistanın sabiq baş naziri, 2007-ci ildə Ravalpindidə sui-qəsd nəticəsində həlak olmuş Benazir Bhuttonun atası Zülfikar Əli Bhuttonu sevgi ilə yad elədik. Benazirin 1988-ci ilin sonunda CNN-ə verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər onun atasına əməkdaşlarımız arasında rəğbəti artırmışdı. Benazir Bhutto demişdi: "Atam mənə deyirdi ki, qızım, görürsənmi, Pakistanda nə qədər böyük problemlər var. Bu problemlər ona görə var ki, qadınlar bu ölkə üçün normal insanlar doğub tərbiyə edə bilmədilər. Qadını cahil, kölə olan cəmiyyət nə vaxt azad və böyük insanları dünyaya bəxş edə bilər ki? Atam mənə başa saldı ki, Pakistanın xilası qadınlarla başlayacaq. Qadın savadlanandan, cəmiyyətin həyatında fəal iştirak edəndən, ümumi mənafelər üçün işləməyin vacib olduğunu dərk edəndən sonra ölkə üçün hansı insanları doğub tərbiyə etməyin lazım olduğunu başa düşəcək. Özündən başla, qızım".
Zülfikar Əli Bhutto bu gerçəkləri anlayandan sonra ona ən yaxın, ən doğma olan qadını lider kimi yetişdirdi. O, əlbəttə başa düşürdü ki, Pakistan kimi mühafizəkar, geridə qalmış, qadına heyvandan heç bir fərq qoymayan bir cəmiyyətdə qadının lider olması onun həyatı üçün təhlükədir. Amma kimsə qurban olmalı idi ki, Pakistanda qadının nələrə qadir olduğu gerçəyi qismən də olsa dərk edilsin. Əlbəttə Benazir qurban idi. Amma o, dünya siyasətinə bir ənənə, bir nümunə qoyub getməyi bacardı. Bu gün "bir müsəlman qadın dövləti idarə edə bilərmi?" sualına Benazir Bhutto ən yaxşı cavabdır. Bəlkə o pis lider idi, idarəetməsi qüsurluydu, yanlışı çox idi. Amma etalona çevrilməyi bacardı. Bu gün Azərbaycanda nə qədər bhuttolar, tetçerlər, olbraytlar, klintonlar ailələrdəki mühafizəkarlığın, dar düşüncənin qurbanı olur, potensial fatmansaya, tükəzbana çevrilir?!
Bir dəfə jurnalist dostlarımdan biri bir neçə rayonun icra başçısı barədə maraqlı müşahidəsini bölüşdü. O dedi ki, "mən inanıram ki, o icra başçılarını novruzəlilər əkib, fatmansalar da doğub. Bəlkə onlar nə vaxtsa gəlib nazir də olacaqlar, amma inanın ki, heç vaxt modern düşüncəyə malik olmayacaqlar. Çünki modernlik, dünyadakı avanqard texnologiyaları mənimsəmə, müasir dünyanın sivil dəyərlərini dərketmə prosesi onlarda heç vaxt getməyəcək". İcra başçılarından biri bir dəfə bu sətirlərin müəllifinə dedi ki, "qızım hüquqşünas olmaq istəyir. Amma mən istəyirəm ki, o müəllimə olsun. Hüquqşünaslıq qız sənəti deyil!" Bir anlıq təsəvvür edəndə ki, onun tabeçiliyindəki onlarla kişi, rayonun onlarla fəalı da bu fikirdədir, onda adama ölkəmizdə qadına münasibətin niyə bu dərəcədə arzuedilməz olduğunu dərk etmək asanlaşır.
Bizim ölkənin Zülfikar Əli Bhutto kimi atalara son dərəcə ehtiyacı var. Qadınlar bu ölkənin əhalisinin tən yarısını təşkil edir. Bu təbəqəni ictimai-siyasi həyatdan, bir çox elm və sənət sahələrindən məhz qadın olduğu üçün ayırmaq, onların karyera qurmasına mane olmaq cinayətdir. Bu, millətin gələcəyini, inkişafını bəri başdan şübhə altına salmaq deməkdir. Arzusu, amalı normal ərə getmək, ailəsini idarə etmək, uşaq doğmaq, yemək bişirib-paltar yumaqla məhdudlaşan bir qadın, o qadınların bol olduğu bir cəmiyyət necə böyük ideallar uğrunda mübarizə apara bilər ki?
Biz bütün bu problemləri göz önünə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasına “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəmizi maliyyələşdirməsi üçün müraciət etdik. Fikir Fabriki İnstitutunun mütəxəssislərinə bizim üçün karyera quruculuğu, liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili mövzularında təlim materialları hazırlamağı sifariş verdik. Gənc xanımları bu pulsuz layihəyə cəlb etmək üçün günlərdir əməkdaşlarımız səfərbər olunub. Biz layihəmizdə Bakı şəhərində bir qrup üçün təlimləri keçirməyi planlaşdırsaq da, sonradan qərara aldıq ki, arzu edənlərin arzusunu geri çevirməyəcəyik. Lazım gələrsə, onlar üçün əlavə qruplar və təlimlər təşkil edəcəyik. Yetər ki, biz daha çox xanıma töhfə verə bilək. Yetər ki, cəmiyyətimiz qazansın.
Biz bu yazının oxucularına, xüsusilə də kişi oxucularına müraciət edirik: Siz də eynilə Bhutto kimi edin. Sizə ən yaxın, ən doğma olan qadından başlayın. Onun cəmiyyətdə irəli getməsi üçün əlinizdən gələni əsirgəməyin!
Ülkər Abdullayeva
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri
banner

Oxşar Xəbərlər