• şənbə, 20 Aprel, 13:31
  • Baku Bakı 23°C

“AtaHolding” və AtaBank” yubileylərini ilklərlə qeyd etdi

04.12.13 08:49 1195
“AtaHolding” və AtaBank” yubileylərini ilklərlə qeyd etdi
Heydər Əliyev Mərkəzində “AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyləri münasibətilə təntənəli gecə keçirildi. Tədbir fərqli təşkil olunması ilə və bir çox premyeralarla yadda qaldı.
“AtaHolding” ASC-nin Müşahidə Şurasının sədri Ahmet Erentok qonaqları salamlayaraq bildirdi ki, 10 il əvvəl “AtaHolding” yaradılanda eyni ildə “AtaBank”ın 10-cu yubiley ili qeyd edilmişdi: “AtaBank” 2003-cü ildə özünün 10 il yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankının iştirakı və dəstəyi ilə Azərbaycanda 1-ci Beynəlxalq Bankçılıq konfransını təşkil etdi. Həmin vaxtdan ötən 10 il ərzində Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə çox böyük işlər görülüb və dünyada iftixarla təqdim oluna biləcək böyük nailiyyətlər və uğurlar əldə edilib. Bu uğurlar bizi, azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, bununla yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir və imkan yaradır”.
“AtaHolding” hər bir layihəsini milli maraqlar çərçivəsində həyata keçirir

Ahmet Erentok bildirib ki, AtaHolding Şirkətlər Qrupu ötən 10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəsini verməyə çalışıb: “Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq”.
Holdinqin Müşahidə Şurasının sədri qeyd edib ki, son 10 il ərzində Mərkəzi Bankın apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bank sektorunun sürətli inkişafı təmin edilib, bu sahədə böyük nailiyyətlər qazanılıb: “AtaBank” da bu inkişafdan bəhrələnib və 20 ildir “Bir addım öndə” şüarını əsas alaraq, yeni texnologiya və üsulları tətbiq edərək müştərilərinə xidmət göstərir və bundan sonra da eyni istiqamətdə çalışmağa davam edəcəkdir”.
VİSA “AtaBank”ı təltif etdi

Tədbirdə “VİSA” şirkəti Azərbaycanda nağdsız hesablaşmaların inkişafına verdiyi töhfəsinə görə, “AtaBank” ASC-ni xüsusi sertifikatla təltif etdi. Yubiley tədbirində “VİSA” şirkətinin nümayəndəsi İrina Kamxadze sertifkatı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayevə təqdim etdi.
Bundan başqa, “AtaBank” ASC-nın beynəlxalq səviyyədə qazandığı daha bir uğuru qonaqlara bildirildi. Belə ki, baş ofisi Avropanın maliyyə mərkəzi Londonda yerləşən “GlobalBanking and Finance Review” analitik jurnalı 2013-cü ilin nəticələrinə görə “AtaBank”ı Azərbaycanın ən yaxşı kommersiya bankı mükafatına layiq görüb.
Azərbaycanda reklam sahəsində bir ilk

Daha bir ilk addım reklam sahəsində oldu. Gecədə “AtaBank”ın yeni imic reklam çarxı nümayiş etdirildi. Əsas fərqlilik ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq “Kölgələr teatrı”nın iştirakı ilə reklam çarxı çəkildi.
“AtaBank”ın bu layihədə əməkdaşlıq etdiyi Almaniyanın “DieMobiles” teatrı 2012-ci ildə Fransada keçirilən “Inscrutable Talent“ müsabiqəsinin qalibidir və Almaniya telekanallarının müxtəlif şoularının daimi iştirakçısıdır.
“Kölgələr teatrı” insan bədəninin müəyyən hərəkətləri ilə ağ parçaya kölgə salmaqla müxtəlif əşyaların yaradılması deməkdir.
“AtaBank” “DieMobiles” ilə əməkdaşlığını sadəcə reklam çarxının çəkilməsi ilə məhdudlaşdırmayıb. Onlar birlikdə Bakıya aid xüsusi şou hazırlayıblar. Bu şou yubiley tədbiri üçün xüsusi olaraq hazırlanıb və ssenari və istifadə edilmiş musiqi baxımından unikaldır. Üzeyir Hacıbəylinin məşhur “Arazbarı” və “Aşıqsayağı” əsərlərinin sədaları altında canlı nümayiş etdirilən Bakıya aid xüsusi şou qonaqları kölgələrin sehrli və sirli dünyasına apardı.
Məhşur rəssamdan möhtəşəm portret

Yubiley gecəsində Azərbaycanda ilk dəfə məşhur Amerikalı virtuoz rəssam Den Dann çıxış etdi. Onun çıxışının əsas özəlliyi ondan ibarətdir ki, o rəsm əsərini qısa müddət ərzində, 5-6 dəqiqəyə çəkir, bu zaman ancaq tikintilərdə işlədilən adi boyalardan istifadə edir və ən əsası, demək olar ki, son ana qədər onun kimin portretini çəkdiyi məlum olmur.
Den Dannın çıxışının digər fərqli xüsusiyyəti də ondan ibarət idi ki, o, ilk dəfə canlı musiqinin müşaiyəti altında çıxış etdi.
ƏFSANƏ QAYITDI!

Tədbirin sonuna yaxın məlum oldu ki, yubiley tədbirinin Üzeyir Hacıbəylinin ölməz əsərlərinin sədaları altında keçirilməsi təsadüfü deyil. Qonaqlara niyə məhz Rəşid Behbudovun portretinin çəkildiyi və niyə “Əfsanə qayıdır” şüarının istifadə edildiyi də məlum oldu.
“AtaHolding” ASC Müşahidə Şurasının sədri Ahmet Erentokun da qeyd etdiyi kimi, “AtaHolding” fəaliyyətə başladığı ilk gündən etibarən vizyonu, missiyası və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa çalışıb. Buna görə də, “AtaHolding” üçün özünün 10 il yubileyi çərçivəsində də fərqli layihələrinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edirdi.
Bu baxımdan, Heydər Əliyev Fondu tərəfindən dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsi təşəbbüsü irəli sürüləndə “AtaHolding” öz yubileyi ilə bağlı bundan daha yaxşı layihənin olmayacağına qərar verdi və layihə həyata keçirilməyə başlandı. “Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi olan Los-Ancelesdə, yəni “Hollywood”da bərpa edildi və rəngləndi.
2013-cü ildə həm də “Arşın mal alan” operettasının 100 ili tamam oldu. Hesab edirik ki, eyniadlı filmin bərpası və rənglənməsi tarixi hadisədir və Azərbaycan mədəniyyətinə, gələcək nəsillərə böyük hədiyyədir.
“AtaHolding” bu layihənin həyata keçirilməsində ona dəstək olan bütün təşkilatlara öz dərin təşəkkürünü bildirir.
Eyni zamanda, “AtaHolding” bu işin görülməsini onlara etimad etdikləri üçün Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirir.
“AtaHolding” bundan sonra da öz işində milli dəyərlərimizi hər zaman rəhbər tutacaq və Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyyə və fikirləri “AtaHolding” üçün hər zaman istiqamətverici ana xətt olacaqdır.
banner

Oxşar Xəbərlər