• şənbə, 20 Aprel, 02:31
  • Baku Bakı 15°C

“AtaBank” ASC ötən ilə yekun vurub

26.01.15 14:27 1143
“AtaBank” ASC ötən ilə yekun vurub
"AtaBank" ASC-nin 2014-cü ilə maliyyə-təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 54,8 faiz və ya 205,4 mln manat artım müşahidə olunub. Başqa sözlə, ilin əvvəlində aktivlər 374,9 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 580,3 mln manata çatıb.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə çarpacaq dərəcədədir. Artım 91,4 faiz və ya 221 mln manat təşkil edib. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 241,7 mln manat olduğu halda, yekunda bu rəqəm 462,7 mln manatı aşıb.
2014-cü ilin yekunlarına görə Bankın ümumi depozit portfelində də əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 60,3 faiz və ya 192,3 mln manat artaraq 511 mln manat təşkil edib. Qeyd edək ki, 2014-cü ilin əvvəlinə bu göstərici 318,7 mln manat təşkil edirdi. Müddətli depozit portfeli isə 244,1 mln manatdan 197,3 mln manat və ya 80,8 faiz artaraq 441,4 mln manat təşkil edib.
İlin sonuna Bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliyi müvafiq olaraq 2,18 və 23,48 faiz təşkil edib. 2014-cü ilin sonunda Bankın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminal sayı isə 18 567 ədəd olub. İlin nəticəsinə görə, Bankın xalis mənfəəti 7,6 mln. manat təşkil edib.
2014-cü il “AtaBank” ASC üçün yüksək maliyyə göstəriciləri və yeni məhsullarla da yadda qalıb. İlin əsas uğurlarından biri “AtaNet” internet bankçılıq məhsulunun istifadəyə verilməsi olub. Yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu ASAN imza ilə inteqrasiya olunmuş ilk internet bankçılıq məhsuludur. “AtaNet” ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Həmin ildə “AtaBank” ASC bütün elektron xidmətlərini pulsuz olaraq təqdim edib. 2014-cü ildə “AtaBank” ASC tariflər siyasətinə yenidən baxaraq müştərilərə daha sərfəli şərtlər təklif edib. “AtaBank” ASC bu istiqamətdə də yüksək uğurlar əldə edərək geniş müştəri kütləsi cəlb edib. Nağdsız ödənişlərin stimullaşdırılmasına dair dövlət proqramını dəstəkləyən Bank ötən il olduğu kimi bu il də “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasına davam edəcəkdir. Eyni zamanda Bank müştərilərin rahatlığını düşünərək, ölkənin regionlarında bir sıra şöbələr və filiallar açıb. Həmçinin bu il Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilmiş nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna dəstək olan “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edib. “AtaBank” ölkənin fərqli regionlarında, əhalinin sıx olduğu istirahət obyektlərində əhaliyə “AtaMatik”dən istifadə etmək imkanı yaradıb. Korporativ Sosial Məsuliyyət sahəsində 2014-cü il ərzində Bank tərəfindən 350-dən artıq məktəbli uşaqlar üçün Yeni il, Novruz bayramı, Ramazan və Qurban bayramları şənlikləri təşkil olunub.
Əldə olunan uğurlar 2015-ci ildə Bankın, onun əməkdaşlarının üzərinə düşən məsuliyyəti daha da artırır. Daim bir addım öndə olmağı qarşısına prioritet məqsəd kimi qoyan "AtaBank" ASC bu il də iş sistemini bir qədər təkmilləşdirmək, müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir. Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etdirilməsi də Bankın inkişaf strategiyasının ayrılmaz hissəsidir. 2015-ci ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Hazırda Bankın 2014-cü il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "PriceWaterhouseCoopers" həyata keçirir.
Kaspi.az
banner

Oxşar Xəbərlər