• cümə, 29 Mart, 00:30
  • Baku Bakı 7°C

Ata olmaq 2-ci dəfə oyuncaqların arasına düşməkdir Müsahibə

28.09.13 09:14 1853
Ata olmaq 2-ci dəfə oyuncaqların arasına düşməkdir Müsahibə
Türkiyənin “Romantik prens” olaraq tanıdığı bəstəkar və ifaçı Mustafa Ceceli ötən gün vətənimizə təşrif buyurdu. Belə ki, ifaçı Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Beynəlxalq Kikboksinq” turnirə qatılaraq orada öz mahnılarını ifa etdi. Mustafa Ceceli öz çıxışı zamanı Azərbaycanda onun bu qədər heyranı olmasından xəbərsiz olduğunu bildirdi.
Biz də öz növbəmizdə ifaçının ötən həftə Türkiyə mətbuatına verdiyi müsahibəni sizə təqdim edirik. Mustafa Ceceli yeni layihələr üzərində işlədiyini, yaxın zamanlarda tamaşaçılarını sevindirəcəyini söyləyib. Bundan başqa, ifaçı yaradıcılıq prosesindən və dünyaca məşhur olan ifaçı Rihannanın onun Twitterdə statuslarına cavab verməsindən danışıb.
Dəyişə bilmərəm
- Musiqiyə marağınız nə zamandan yaranıb?
- Uşaqlıqdan musiqiyə böyük həvəsim var. Səsimin olduğunu ilk dəfə ailəm hiss edib. Onların dediklərinə görə, eşitdiyim bütün mahnılara ritm tutmuşam. Ondan sonra anam məndəki bu istedadı görüb, məni musiqi məktəbinə yazdırıb. 6 yaşımda klassik piano dərsi almağa başladım. Məktəb illərində qruplara yazılaraq yarışmalara qatıldım. Həmin illərdə piano və digər musiqi alətlərində rahat şəkildə ifa edə bilirdim. İstanbula gələndə isə özümü professional musiqişünas kimi kəşf etdim. Çıxışlarımda öz dəst-xəttimlə seçilirdim. Efirdə tanınmağım isə Kənan Doğlunun “Aklım karıştı” mahnısı ilə baş verdi.
- Bəs, Sezen Aksu ilə yollarınız necə kəsişdi?
- Sezen Aksu ilə 2004-cü ilin sonunda Emel Müftüoğlunun albomunu hazırlayan zaman tanış olduq. Ondan sonra mən 2005-ci ildən etibarən səhnələrdə də yer almağa başladım. 2009-cu ilə qədər səhnədə tez-tez musiqi alətlərində ifa edirdim. Bir musiqiçi olaraq tanınmağım mənim üçün çox önəmlidir. Bir çox müğənnilərin mahnılarını oxudum və onlara musiqi bəstələdim. Sezen Aksu məzun olmaq istədiyim bir məktəb idi. Sezen Aksu mənim üçün hələ də çox qiymətli olan bir sənətçidir. Onun digər müğənnilərə verdiyi mahnılar olsa da, həmin mahnıları sevirəm, indiyə kimi də dostluğumuz davam edir.
- “Es” mahnınız sizə çox reytinq gətirdi. Bu mahnıya görə siz mükafat da aldınız. Bu albomun yaranma tarixindən bizə danışarsınızmı?
- “Es” albomumun hekayəsi mahnılarımda gizlənir. Albomu çox çətinliklə hazırladım. Deyirlər ki, yeni mahnılar ifaçını dəyişir. Bu heç də belə deyil. Siz ifaçı, musiqiçi olaraq mahnılara yön verə bilərsiniz. Hər müğənninin bir üslubu var. Ona görə də səslə və musiqi ilə bağlı bir az inkişaf edə bilərəm, ancaq dəyişə bilmərəm. Albomun içindəki mahnı tərzləri səhnədəki hərəkətlərimi dəyişdirə bilər. Ona görə də ifaçıda yalnız stil və səhnə perfomansı dəyişir.
- Bu qədər məşhur olmağınıza baxmayaraq, ekranlarda çox az görünürsünüz. Bu nədən irəli gəlir?
- Efirlərdə görünməmək üçün heç də xüsusi bir cəhd göstərmirəm. Amma məni çəkməsinlər, görüntüləməsinlər deyə bir problemim də yoxdur. Əksinə, maqazin saytlarına və qəzetlərinə ən çox müsahibə verən ifaçı kimi də mükafat almışam. Maqazin dünyasından dostlarımızla rastlaşdığımızda çox gözəl söhbətlər edir və müsahibələr hazırlayırıq. Ümumiyyətlə isə, mən daha çox gizli həyatı sevirəm.
- İstərdik bizə bir az da evdəki Mustafa Cecelidən danışasınız.
- Ənənəvi bir türk ailəsinin yaşam tərzi necədirsə, biz də o şəkildə yaşayırıq. Oğlumuz Arın yaş yarımlıqdır. Konsertlərdən və studiyalarından ayırdığım vaxtı ona sərf edirəm. Əslində iş studiyam evin içində olduğu üçün iki işi bir yerdə görürəm. Elə olmasa, mənim üçün daha çətin ola bilərdi. Hərdən Arını da studiyaya gətirib orada onunla çox gözəl zaman keçirirəm. Evdə “Möhtəşəm yüzyıl”, “İntiqam” kimi serialları izləyirəm və onları çox bəyənirəm.
“Məni kostyum geyinən ifaçı kimi tanıyırlar”
- Bəs mətbəxlə münasibətiniz necədir? Ən çox sevdiyiniz yeməklər hansılardır?
- Mətbəxə çox girmirəm. Yalnız səhərlər qayğanaq hazırlamaq üçün mətbəxə girirəm. Ondan əlavə, soyuducunun üzərinə “Mətbəx işlərindən Sinəm cavabdehdir” yazdırmışam (gülür). Sevmədiyim yemək yoxdur. Yeməkləri bir-birindən ayırmıram. Ən çox sevdiyim yemək göyərti qovurmasıdır.
- Mustafa bəy, oğlunuz həyata gələndən sonra həyatınızda nələr dəyişdi?
- Ata olanda hiss etdim ki, məsuliyyətim daha da artıb. Quranda belə bir ayə var: “Övladlarınız, ailələriniz və mallarınız sizin üçün bir imtahan vəsiləsidir”. Onlara sahibəm deyə heç zaman öyünmürəm. Həyatda gördüyüm qədəri ilə, uşaq sahibi olmanın insana verdiyi ən böyük dəyişiklik və inkişaf qayğıkeşlik, bir də məsuliyyətimizin artmağıdır. Ən maraqlısı da odur ki, həyatımızda özümüzü ikinci dəfə oyuncaqların arasında görürük. Ancaq bu dəfə uşağınıza siz öyrədirsiniz. Atalıq hissi insanı daha da təkmilləşdirir və həyata tutunmaq üçün bir vəsilə olur.
- İdmanla aranız necədir? Boş vaxtlarınızda nə edirsiniz?
- İdmanla aram çox yaxşıdır. Tez-tez və sevərək kikboksla məşğul oluram. Onu da dava etmək məqsədi ilə deyil, sadəcə formada qalmaq üçün. Saatda 2000 kalori itirirəm və onun nəticəsini də görürəm. Boş vaxtlarımda da konsert vermək üçün getdiyim şəhərləri gəzirəm, görmədiyim yerləri görürəm.
- Modaya münasibətiniz necədir? Geyimlərinizi kim seçir?
- Modanı qismən izləyirəm. Ancaq hər işin bir sənətkarı var. Mən də işi öz sənətkarına buraxmışam. Mənim stilistim Atilla Mutludur. Tətilə gedərkən belə, nə geyinəcəyimi düşünmürəm. Atilla sağ olsun, mənə hər şeyi hazırlayır. Səhnədəki geyimlərimi də o hazırlayır. Mən əvvəllər səhnədə hər zaman kostyum geyinirdim. Hətta bir dəfə məni bir insanla tanış edəndə bir qadın söylədi ki, “O kimdir? Hər zaman kostyum geyinən ifaçımı?”. Ümumiyyətlə, klassik geyinməyi sevirəm. Çünki klassik geyimdə özümü çox rahat hiss edirəm. Səhnədə çıxışım zamanı hərəkətli bir mahnıda çox gözəl refleks və reaksiya yaradır. Mənə görə, mühüm olan geyindiyiniz paltarın içində özümüzü çox yaxşı və rahat hiss etməmizdir. Tamaşaçılardan gələn reaksiyaya baxsaq, onlar da bu geyimimdən çox məmnundurlar.
Həyat bir yuxudur
- Mustafa bəy, albomdan başqa hədəfləriniz nədən ibarətdir? Səhnədə hansı yenilikləri etmək istəyirsiniz?
- Əhməd Xülusinin “Yaşamın gerçəkləri” adlı kitabını oxuyanda orada təsirləndiyim hissə var idi. Xülusi oxuculara sual edir: “Doğulduğun yeri sənmi seçdin, valideynlərini sənmi seçdin? Göz rəngini sənmi seçdin?”. Bilirsinizmi, həyatımızda heç bir şeyi biz seçmədik. Nə Mustafa Ceceli oxuduğu mahnıları, nə də siz çalışdığınız qəzetdə işləməyi özünüz seçdiniz. Biz bunları etməyə məcburuq. Elə bir həyat dünyasında yaşayırıq ki, sanki röyadayıq. Həyat bir yuxudur. İnsanlar öldükdən sonra sanki yatdıqları yuxudan oyanırlar. Həyatdakı məqsədimiz daima irəliyə doğru getməkdir. Biz insanlar da bu sistemi idrak edənlərin izində gedə bilmək üçün gecə-gündüz çalışırıq. El arasında belə bir misal var: “Heç ölməyəcəkmiş kimi dünyaya, sabah öləcəkmiş kimi axirətə çalış”. Mənim də niyyətim musiqidən xaric qalan zamanlarımda bizə bu sistemi qüsursuz şəkildə izah edən Allaha tapınmaqdır. Heç kimin yaradıcılığını izləmirəm və heç kimə də qısqanclıqla yanaşmıram. Mən sadəcə, Rəsulallahı izləyirəm. Yaşadığım hər şeyə görə Allahıma şükür edirəm. Hər anımı doğru şəkildə dəyərləndirməyə çalışıram.
Özüm oxusam bərəkəti olmaz
- Başqa sənətçilərə mahnı yazarkən, bəyənib də özünüzə saxlamağı heç düşündünüzmü?
- Heç zaman elə bir hal baş verməyib. Başqa bir sənətçiyə mahnı yazarkən onun gözəl alındığını gördükdə düşünərəm ki, bu həmin ifaçının haqqıdır. Əminəm ki, yaratdığım həmin mahnını özüm oxusam, onun heç bir bərəkəti olmaz.
- İşiniz ancaq özünüzə və digər ifaçılara mahnı yazmaqdan ibarətdir. Heçmi sıxılmırsınız?
- Həyatımın 7 gün 24 saatını musiqi təşkil edir. Həyat yoldaşım məni işimin başından ayırıb süfrəyə çağırmaq üçün çox çətinliklər çəkməli olur. Mənim musiqi ilə aramdakı bambaşqa bir şeydir. İqtisadiyyat universitetini qırmızı diplomla bitmişəm. Buna baxmayaraq, yenə də musiqinin arxasınca getdim.
- Rihannanın sizə sosial şəbəkədə cavab yazmağı böyük səs-küyə səbəb oldu.
- Bəli. Rihannanı çox sevirəm. Twitterdə mənə cavab verəndə mətbuat buna yer ayırdı. Ancaq yazdığı isə kiçik bir cavab idi -“Yes” yazmışdı. Burda böyüdüləsi heç nə yox idi.
- Sizi həm duyğusal, həm romantik, həm də sakit ifaçı kimi tanıyırlar. Bunların hamısını bir arada necə cəmləyirsiniz?
- Ekranda gördüyünüz Mustafa Cecelinin sadəcə olaraq 100-də 1 hissəsini tanıyırsınız. Bunun da günahı təbii ki, özümdədir. Çünki 12 klipim var, onun 10-u sakit, duyğu dolu mahnılardır. 10 romantik mahnıya klip çəkdirsəm, əlbəttə ki, hər kəs məni romantik insan kimi tanıyar.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər