• cümə axşamı, 25 aprel, 05:14
  • Baku Bakı 19°C

Ata-ananın ürək xəstəliyi övlada miras qalırmı?

14.07.16 12:28 1771
Ata-ananın ürək xəstəliyi övlada miras qalırmı?
Uzm. Dr. Yalçın Velibey
Kardiologiya uzmanı
Hər övlad valideynlərindən ona maddi və ya mənəvi mirasın qalmasını, əlbəttə ki, çox istəyər. Ancaq bir miras istisna olmaqla: genlərlə keçə bilən xəstəliklər. Bu yazıda sizinlə xəstə müayinəsi zamanı mənə çox tez-tez verilən önəmli bir sualın cavabını paylaşacam.
Poliklinikada müayinə günlərimdən biri. Müayinə olunacaq növbədəki xəstəmiz Nailə xanımdır. Onun 42 yaşı var. Ondan: ‘’Nailə xanım, nə şikayətiniz var?’’,- deyə soruşdum. Nailə xanım: ‘’Həkim, heç bir şikayətim yoxdur. İllər öncə atam 40 yaşında infarkt keçirdi və dünyasını dəyişdi. Sadəcə olaraq mən də infarkt keçirməkdən qorxuram. İnternetdən araşdırdım və mənim də infarkt keçirə biləcəyimi öyrəndim. Başqa bir həkim mənə aspirin içməyimi məsləhət gördü. Çox qorxuram. Ona görə də məndə də belə bir riskin olub-olmadığını və ürək damarlarımın tıxanıb-tıxanmadığını bilmək istəyirəm. Əgər belə bir risk varsa, nə etməliyəm?’,- deyə sualıma sualla cavab verdi.
Bir başqa müayinə günüm. Nailə xanım kimi eyni narahatçılığı dilə gətirən Elşən bəy. Onun 50 yaşı var. ‘’Elşən bəy, sizi hansı şikayət narahat edir?’’,- deyə soruşanda: ‘’Həkim, əslində heç bir şikayətim yoxdur. Ancaq ailəmizdə ürək xəstəsi çoxdur. Atam 80 yaşında infarkt keçirdi. Anam isə 74 yaşında şuntlama əməliyyatı oldu. Çox qorxuram ki, birdən mən də infarkt keçirərəm. Düşündüm gedim xəstəxanaya müayinə olunum’’,- deyə cavab verdi.
Bəs kim narahat olmağında daha çox haqlıdır? Nailə xanım, yoxsa Elşən bəy?
Nailə xanımın da, Elşən bəyin də narahatçılığı əbəs yerə deyil. Onlar təlaşlanırlar. Çünki hal-hazırda dünyada ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri birinci sıradadır. ÜST-nin rəsmi məlumatına görə, 2020-ci ildə bütün ölümlərin 36 faizini ürək-damar xəstəlikləri təşkil edəcək. Hal-hazırda hər il dünyada 17,3 milyon insan ürək-damar xəstəliklərindən vəfat edir. 2030-cu illərdə bu rəqəmin 23 milyona çıxacağı bildirilir. Avropada 75 yaşdan aşağı kişi ölümlərinin 38, qadın ölümlərinin isə 42 faizini ürək-damar xəstəlikləri təşkil edir. Ürək-damar xəstəliklərinin bu qədər geniş yayılmasına səbəb buna səbəb olan bəzi risk faktorlarının son zamanda cəmiyyət içində yaygınlaşmasıdır. Ancaq bir risk faktoru var ki, heç vaxt gözardı edilməməlidir. O risk faktoru da ailədə cavan və ya orta yaşlarda kimdəsə ürək-damar xəstəliyinin olmasıdır.
Bəs kimlər risk altındadır?
Bir insanın birinci dərəcəli qohumlarının hər hansı birində (ata, ana, qardaş və ya bacı; qadınlarda 65, kişilərdə 55 yaşından öncə) ürək-damar xəstəliyi (infarkt keçirilməsi, stent taxılması, şuntlama əməliyyatı olması) varsa, bu insanda ürək-damar xəstəliyinin görülmə riski 40-60 faiz artar. Burdan da aydın olur ki, ailə anamnezi baxımından Nailə xanım narahat olmaqda daha haqlıdır. Ürək-damar xəstəliyinin ortaya çıxmasında genetik faktorların da önəmli rolunun olduğunu göstərən daha maraqlı bir məlumat verim. Əkiz uşaqlar üzərində aparılan bir araşdırma nəticəsində məlum olub ki, tək yumurta oğlan (kişi) əkizlərindən birində 55 yaşından öncə ürək-damar xəstəliyi ortaya çıxıbsa, digər əkiz qardaşının həyatı boyunca bu xəstəliyə bağlı ölmə riski 8,1 dəfə artar. Əgər bu əkizlər cüt yumurta əkizləridirsə, əkizlərdən birində 55 yaşından öncə ürək-damar xəstəliyi ortaya çıxıbsa, digər əkiz qardaşının bu xəstəliyə bağlı ölmə riski 3,8 dəfə artar. Tək yumurta qız əkizlərindən biri 65 yaşından öncə ürək-damar xəstəliyindən ölübsə, digər əkiz bacısının da həyatı boyunca bu xəstəliyə bağlı ölmə riski 15 dəfə artar. Cüt yumurta qız əkizlərindən biri 65 yaşından öncə ürək-damar xəstəliyindən ölübsə, digər əkiz bacısının da bu xəstəliyə bağlı ölmə riski 2,6 dəfə artar.
Genetik yolla keçə bilən səssiz təhlükə
Hipertoniya dünyada çox yayılmış və insan sağlamlığını təhdid edən önəmli bir xəstəlikdir. Aparılan araşdırmalar nəticəsində hipertoniya xəstəliyinin 30-50 faizində genetik faktorların rol oynadığı, yəni 30-50 faizinin genetik yolla keçdiyi müəyyən olunub. Atasında və ya anasında hipertoniya olan bir insanın həyatı boyunca hipertoniyanın ortaya çıxma risqi 2-2,4 dəfə artar. Hipertoniya adətən genetik faktorlarla ətraf mühit faktorlarının birgə təsiri ilə ortaya çıxan bir xəstəlikdir. Bunu sizə daha sadə şəkildə belə izah edim. Bir insanda genetik olaraq hipertoniyaya meyillilik var ve bəzi faktorların (stressli həyat tərzi, siqaret çəkmək, spirtli içkilərden istifadə etmek, çox duzlu qidalarla qidalanma tərzi, köklük, diabet, oturaq həyat tərzi və s) təsiri ilə bu insanlarda hipertoniyanın ortaya çıxma riski artar. Ona görə də ata və ya anasında hipertoniya olan bir insanın qan təzyiqi normal olsa belə, həyatının sonraki illərində hipertoniyanın ortaya çıxma riskini azaltmaq üçün mütləq sağlam həyat tərzi keçirməlidir. Bu insanlar 20 yaşından sonar ən azı ildə bir dəfə qan təzyiqlərini ölçdürməlidirlər.
Qismət deyib üstündən ötülməz
Bəs Nailə xanımın timsalında bu insanlar ümidsiz şəkildə cavan yaşlarda ürək-damar xəstəliyinə tutulmağı və ya ölümlərinimi gözləməlidirlər? Nailə xanıma "Çox təəssüf ki, sizə verəcəyim bir məsləhət yoxdur”- deməliyəm? Əlbəttə ki, yox. Birinci dərəcəli ailə üzvlərinin hər hansı birisində cavan və ya orta yaşlarda ürək damar-xəstəliyi olan insanlar bəzi risk faktorlarını (hipertoniya, diabet, qanda xolesterinin normadan çox olması) nəzarət altında tutarlarsa, siqaret çəkməyib düzgün şəkildə qidalanarlarsa, mütəmadi idmanla məşğul olarlarsa və ideal çəkidə qalarlarsa, ürək-damar xəstəliyi olan birinci dərəcəli qohumlarından daha uzun yaşama ehtimalları çox yuxarıdır. Bəs bunlara əlavə olaraq Nailə xanıma ürək damarları tıxanmasın deyə hər gün aspirin içmək məsləhət görülməlidirmi? Xeyr. Bir xəstə infarkt keçirmədiyi, ona stent taxılmadığı, şuntlama əməliyyatı olmadığı və ya angioqrafiyada damarlarında daralmalar çıxmadığı müddətçə aspirin içməyi məsləhət görmürük. Çünki aspirin içdiyi zaman xəstənin əldə edəcəyi fayda (infarkt keçirməkdən qoruması) aspirinin zərərindən (aspirin xüsüsi ilə də mədə qanaxması riskini artırır) daha az olacaq.
banner

Oxşar Xəbərlər